İstanbuldakı terrorla bağlı 3 rus saxlanıldı

istanbul-partlayishOnların teraktın təşkilində iştirakına dair şübhələr var

Istanbulun “Sultanəhməd” meydanında baş verən terror aktında həlak olan Almaniya vətəndaşlarının sayı 10-a çatıb. Bu barədə Almaniya Xarici Işlər Nazirliyi açıqlama yayıb. Nazirliyin məlumatına görə, terror qurbanlarının əksəriyyəti eyni turist qrupunda olan pensiyaçılardır.

Istanbul terroruna Almaniya kansleri Angela Merkel də münasibət bildirib. Merkel terror hücumunda həyatını itirən almanların yaxınlarına başsağlığı verib: “Vətəndaşlarımız Istanbul səfərindən geri qayıda bilməyəcək. Bu çətin günlərdə onların ailələrinin yanında olduğumuzu bildiririk. Terrorçular hər kəsinÿ düşmənidir”.

Kansler teraktdan dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə telefon söhbəti apardığını da bildirib.

Türkiyənin daxili işlər naziri Əfqan Ala isə dünən Istanbula gələn almaniyalı həmkarı Tomas de Mezyer ilə birgə mətbuat konfransı keçirib. Ə.Ala bildirib ki, hazırda xəstəxanada 11 yaralı var. Onlardan 9-u Almaniya, digər 2-si isə Peru və Norveç vətəndaşlarıdır.

Yaralılardan birinin xəstəxanada vəfat etdiyini deyən Ə.Ala hazırda iki nəfərin vəziyyətinin ağır olduğunu bildirib. Daxili işlər naziri IŞID və digər terror təşkilatlarıyla mübarizədə bu vaxta qədər 3318 nəfərin saxlanıldığını da qeyd edib.

Dünən Türkiyədə Rusiyadan olan 3 nəfər IŞID-lə əlaqədə şübhəli bilinərək saxlanılıb. BBC-nin məlumatına görə, xəbəri Rusiyanın Türkiyədəki konsulluğu da təsdiqləyib. Saxlanılan rusların Istanbuldakı partlayışda iştirakı ilə bağlı şübhələr var. Ehimallara görə, saxlanılanlar IŞID yaraqlılarına dəstək veriblər. Onların yaşadıqları yerdə axtarış zamanı qruplaşmaya aid çoxlu sayda sənədlər və disklər aşkarlanaraq götürülüb.

ABŞ-dan Istanbulda baş verən terrora dünən də sərt təpki gəlib. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi hücumu qınadıqlarını bildirib: “Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirik. ABŞ terror təhdidinə qarşı NATO-dakı müttəfiqi və IŞID-ə qarşı beynəlxalq koalisiyanın üzvü Türkiyə ilə birgə fəaliyyətini davam etdirəcək”.

Xatırladaq ki, yanvarın 12-də Istanbulun mərkəzindəki “Sultanəhməd” meydanında törədilən partlayış nəticəsində 12 nəfər həlak olub, 15 nəfər yaralanıb. Suriyadan olan terrorçu-kamikadze özünü turistlərin olduğu ərazidə partladıb.

Terrorçu Türkiyəyə Suriya ərazisindən daxil olan IŞID üzvü Nabil Fadlıdır. Onun adı Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarılan terrorçular siyahısında olmayıb. N.Fadlı Türkiyədə qaçqın kimi qeydiyyatda olub.