“Günəşli”dəki qəzaya məsul şəxslər cəzadan kənar qalıb

mirvari-qehremanli-yeni2Mirvari Qəhrəmanlı: «İşçiləri qasırğalı havada estakadaya göndərən təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır»

Yanvarın 13-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəzadan qırx gün keçdi.  Xatırladaq ki, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində 32 nəfər itkin düşüb. Ondan bir neçə gün öncə isə üç nəfər neftçi itkin düşsə də, indiyədək itkin düşənlərdən 13 nəfərinin cəsədi tapılıb.

Baş verən hadisədən 40 gün keçməsinə baxmayaraq, təəssüf ki, rəsmi şəkildə  bir nəfər də cinayət məsuliyyətinə cəlb edilməyib. Görəsən, bu qədər müddət hansısa faktın araşdırılmasına yetərli deyilmi?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Dövlət Neft Şirkətində keçən iki ildə dörd qəza hadisəsinin olduğunu yada salır. Komitə sədri “Günəşli” yatağında baş verən qəza hadisəsinin isə araşdırılmağa ehtiyacı olmadığını, qəzaya məsuliyyətli şəxslərin həbs olunmasını vurğulayır:

“Təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bir gündə iki qəza baş verib – “Neft Daşlarında” və “Günəşli” yatağında. “Neft Daşlarında” işçiləri qasırğalı havada estakadaya göndəriblər. Yəni birmənalı şəkildə belə olub və  izahı yoxdur. Lakin keçən müddətdə bir nəfər də məsuliyyətə cəlb edilməyib. “Günəşli” yatağında qəzanın araşdırılması üçün komissiya çox ləng işləyir. Komissiya hadisədə kimin günahkar olmasını müəyyənləşdirməlidir. Hadisədə günahkar çox ola bilər. Qəza törədəcək fəsadları bilib vaxtında ölçü götürməyən, tədbir görməyən, qasırğa haqqında məlumatı olub qazmaçıların, ictimai-iaşə xidməti işçilərinin, tikinti işçilərinin platformadan vaxtında çıxarılmamasında günahkarlar var. Təxliyədə günahkarlar var. Adamların qayıqlara doldurulmasına kim komanda vermişdi?! Qayıqların normalara cavab verməsi də sual altındadır. Ona görə də işləyən, sahə üzrə mütəxəssislərdən ibarət bir komissiya yaradılmalıdır. Hadisəylə bağlı yaradılan komissyia ləng işləyir. Eləcə də Fövqəladə Hallar Nazirliyinin əhali və itkin düşənlərin ailələriylə münasibətdə olmaması, açıqlamalar verməməsi, narahat vəziyyətdə qalan cəmiyyətin məlumatlandırılmaması, axtarışların mütəşəkkil getməməsindən narahatçılığım var. Düşünürəm ki, bu sahəyə ciddi baxılmalıdır”.

M.Qəhrəmanlı təmsil etdiyi qurumun hadisəylə bağlı hesabatının olacağını deyərək daha geniş formada məlumatlar verəcəyini bildirir. Indiki halda isə, neftçilərin hüquq müdafiəçisini narahat edən əsas məsələ müvafiq qurumların ictimaiyyətin açıq qalan suallarına cavab verməsidir.

Nigar