Rabitə nazirliyində daha bir vəzifəli şəxs işdən çıxarıldı; Əli Abbasovun kafedra müdiri olduğu üzə çıxdı
Yaxın günlərdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov həbs oluna bilər. Bu barədə Arqument.Az-a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbə bildirib ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarov Eldar Mahmudovun əleyhinə ifadə verib. O etdiyi bütün cinayət əməllərinə görə sabiq MTN şefini günahlandırıb.
Mənbənin sözlərinə görə, ilkin olaraq, MTN əməkdaşları barəsində başlanılan cinayət işinin maddələri (qanunsuz əməliyyat axtarış fəaliyyəti, vəzifə səlahiyyətlərini aşma və s.) konkret olaraq, telefonların qanunsuz dinlənilməsi səbəbindən başlanılmışdı. Ancaq mətbuata bu ittihamların mahiyyəti barədə ətraflı məlumat çıxmayıb. Halbuki Azərbaycan Respublikasının Baş prokurorunun rəsmi qərarı ilə həmin cinayət işi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri statusuna (məhz dövlət sirri) keçirilib. Bundan sonra bütün proses iştirakçılardan həmin məlumatların yayılmaması ilə bağlı iltizam alınıb. Bu məlumat onu deməyə əsas verir ki, ittihamda məhz yüksək dairələrin, o cümlədən siyasi elitanın telefonların dinlənilməsi və audio yazısının aparılması məlumatları oturub.
“Hazırda keçmiş nazirin həbsinin ləngidilməsi də bu məlumatların digər dairlərə ötürülüb-ötürülməməsinin aydınlaşdırılması ilə bağdır. Cinayət işinin dövlət sirri statusuna keçirdilməsi onu deməyə əsas verir ki, dinləmə aparılan şəxslər və dinləmə aparılmış məlumatlar strateji xarakterli, özü də dövlət sirri olan məlumatları ehtiva edirdi. Bura tək mobil və şəhər telefonların dinlənilməsi deyil, həmçinin Rabitə Nazirliyinin xüsusi rabitə xəttinin – hökümət xəttinin dinlənilməsi də daxil idi. Həmin xətt ilə aparılan danışıqlar isə həmişə təhlükəsiz hesab olunub”, – deyə mənbə iddia edib.
Xatırladaq ki, bir müddət öncə ləğv olunmuş MTN-in “açar” fiqurlarından olan Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik Ilqar Əliyevin sabiq MTN şefi Eldar Mahmudov və Akif Çovdarovla üzləşdirilməsi barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, Ilqar Əliyev Mahmudovun üzünə durmaqdan imtina edib. Bundan bir neçə gün sonra isə Ilqar Əliyevin intihar xəbəri yayılıb.
Mənbənin sözlərinə görə, ehtimal olunur ki, Ilqar Əliyev məhz sonrakı proseslərdə Mahmudovun əleyhinə ifadə verməmək üçün özünə qəsd edib və ya hansısa gizli məlumtlara malik olduğu üçün aradan götürülüb.
Çovdarovun isə Mahmudovun əleyhinə ifadə verdiyi barədə məlumatlar olsa da, bu barədə hələ ki, heç bir rəsmi açıqlama olmayıb. Hətta Ilqar Əliyevin vəkili Rəşad Mehdizadə və Akif Çovdarovun vəkili Sadiq Rəsulov da Arqument.Az-a açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini, belə bir üzləşmənin olmadığını bildiriblər.
Mənbə isə Eldar Mahmudovun həbsinin qaçılmaz olduğunu, bir müddətdən sonra gerçəkləşəcəyini iddia edir. Ona görə də prosesin sonunu gözləməli olacağıq…
* * *
Bəzi məlumatlara görə, Eldar Mahmudovun hələ də həbs olunmaması onun yaxınları vasitəsilə ölkədən çıxardığı pulların geri qaytarılması prosesi ilə bağlıdır. Bəzi iddialara görə, Eldar Mahmudov oğlu Anar Mahmudova həmin pulları xaricdəki banklardan çıxarmaq üçün etibarnamə verib. Özü isə faktiki olaraq girovdur. Bu proses başa çatandan sonra Eldar Mahmudovun həbs ediləcəyi gözlənilir.
Bu arada APA məlumat yayıb ki, “Texnikabank” ASC-nin səhmdarlarının strukturunda dəyişikliklər baş verib.
Bankdan verilən məlumata görə, ən iri səhmdar 87,06 faizlik paya sahib olan Əliyev Etibar Mahmud oğludur. Bankın digər səhmdarları 4,9 faizlik paya sahib olan Dəmirov Allahverdi Huseyn oğlu və 8,04 faizlik paya sahib olan Cabbarov Mirfalax Cabbar oğludur.
Bundan öncə bankın səhmdarları “Beaufort Investissements S.A.” şirkəti (78,4421 faiz) və fiziki şəxslər (21,5579 faiz) olub.
Virtualaz.org qeyd edir ki, “Beaufort Investissements S.A.” Lüksemburqda qeydiyyatdan keçmiş offşor şirkətdir, hal-hazırda aktivdir. Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin və onun qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun benefisiarları tərəfindən idarə olunurdu. Belə ki, MTN qara maskalıları 2012-ci ilin martında “Texnikabank”ın sahibi Etibar Əliyevi həbs edəndən sonra onu bankın səhmlərini həmin offşor şirkətin adına keçirməyə məcbur etmişdilər. Eldar Mahmudovun işdən çıxarılmasından və MTN-dəki bandanın zərərsizləşdirilməsindən sonra Etibar Əliyevin aktivlərinin geri qaytarılması təmin olunub. Cahangir Hacıyevin banka təyin etdiyi adamlar uzaqlaşdırılıb.
Bankın indiki səhmdarları arasında yer alan Allahverdi Dəmirovun adı isə ictimaiyyətə yaxşı tanışdır. O, Təhsil Nazirliyinin Əsaslı Tikinti Idarəsinin keçmiş rəhbəridir, keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğludur. Alahverdi Dəmirov Təhsil Nazirliyinin tikinti layihələrinə cavabdeh olub və barəsində ciddi korrupsiya iddiaları mövcuddur. Allahverdi Dəmirov 2011-ci ildə işdən çıxarılıb, onun Təhsil Nazirliyində korrupsiya işi üzrə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində dəfələrlə dindirildiyi haqda xəbərlər yayılmışdı.
* * *
“MTN işi” çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Xeberler.az-ın məlumatına görə, bir müddət öncə Nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov vəzifəsindən azad edilib.
Bəxtiyar Məmmədov ötən ildən işdən çıxarılsa da, bu barədə məlumat verilməyib.
Bəxtiyar Məmmədov 2005- ci ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində adı çəkilən şöbənin müdiri vəzifəsində çalışıb.
RYTN-nin Hüquq və insan resursları şöbəsi nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir.
* * *
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun kafedra müdiri olduğu Iqtisad Universitetində dərslərə buraxılmaması barədə məlumat yayılıb. Iqtisad Universiteti məsələyə münasibət bildirib. Mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sabiq nazir universitetdə hazırda Informasiya Iqtisadiyyatı və Texnologiyaları kafedrasının müdiridir: “O, vəzifəsindən azad edilməyib. Düzdür Əli Abbasov universitetə gəlmir. Ancaq nazirliyin saytından da göründüyü kimi o, hələ də vəzifəsini icra edir. Dərs demək üçün auditoriyasına buraxılmamasına gəlincə, akademik əvvəl də universitetdə dərs demirdi. Ona görə də onun auditoriyaya buraxılmaması barədə yayılan məlumatlar həqiqəti əsk etdirmir”.
Kafedraya gəlmədiyi halda sabiq nazirin kafedra müdiri vəzifəsində qalması məsələsinə isə universitetdən bildirdilər ki, işdən azad etmək də, işə gətirmək də Təhsil Nazirliyinin səlahiyyətindədir.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə, akademikin dərslərə gəlməməsi halında vəzifəsində saxlanılmasının universitetin səlahiyyətində olduğunu bildirib.