Devalvasiya iri ticarət obyektlərini də vurur

nemet-eliyev1Nemət Əliyev: «Mövcud vəziyyət iri mebel və maşın salonlarının sürətlə bağlanmasına gətirib çıxaracaq»

2015-ci ilin əvvəli və sonunda baş verən devalvasiya hadisəsi iqtisadiyyatda dərin iz buraxmaqla ölkənin sosial həyatını iflic etdi. Çoxsaylı şirkət və korporasiyalar, iş yerləri bağlanıb və proses davam etməkdədir. Iri mebel və maşın salonları, ticarət mərkəzləri də devalvasiyanın gətirdiyi aqibətlə barışmağa məcburdur. Bu mərkəzlər baş verən iqtisadi zərbələrə uzağı bir ay duruş gətirə biləcəklərini, öz fəaliyyətlərini yaxınlarda bitirəcəklərini deyirlər.  Həmin mərkəzlərin gəliri həddən çox azalsa da, buna baxmayaraq, onlar icarə haqqını mütəmadi olaraq verməkdə davam edirlər. Belə vəziyyətin elə də çox çəkməyəcəyini deyən sahibkarlar, çıxış yolunu fəaliyyətlərini dondurmaqda görürlər.

Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, ölkə vətəndaşları hazırda çox mürəkkəb bir dövr yaşayır. Mərkəzi Bankın ardıcıl şəkildə qəbul etdiyi devalvasiya qərarının ölkə daxilində təxminən, iki dəfədən çox bahalaşma yaratdığını deyən ekspert, qiymət artımının ərzaq, qeyri-ərzaq və icarə haqlarına kəskin şəkildə təsir etdiyini bildirir:

“Nəticədə icarə haqlarının səviyyəsi getdikcə artır. Daxili bazarlarda satışda olan məhsulların 75-80 faizi xaricdən gətirilən məhsullardır. Məhsulların qiymətinin qalxmasına devalvasiyanın birbaşa təsiri var. Idxalçı qiyməti qaldırmasa, həmin malların dəyərini ödəyə bilməz. Çünki məhsulu mayasından ucuz satmayacaq ki. Demək, mebel, gözəllik salonlarını işlədən şəxslər bazara üz tutur və çox bahalı məhsullarla qidaya olan ehtiyaclarını ödəyirlər. Belə bir vəziyyətdə onların istehlak xərcləri avtomatik olaraq 50 faiz həcmində artır. Sözügedən xərclər salonları işlədən şəxslərin ehtiyaclarını artırdığından, onlar icarə haqqını qaldırmaqla aradakı fərqi kompensasiya etmək istəyirlər. Çünki köhnə icarə haqqıyla öz ehtiyaclarını, xərclərini qarşılaya bilmirlər. Icarə haqlarının qaldırılması  belə bir vəziyyətdə zərurətə çevrilir. Açığı, icarə şərtləriylə əhalinin alıcılıq qabiliyyəti üst-üstə düşmür və tərs-mütənasiblik təşkil edir”.

N.Əliyev söyləyir ki, mövcud vəziyyət iri mebel, maşın salonlarının sürətlə bağlanmasına gətirib çıxaracaq.  Hazırda əhalinin mebel salonlarından mebel almaq imkanları xeyli məhdudlaşıb. Ekspert ölkədə yaranan ümumi böhranın həmin sahələrə təsir edəcəyini, ordakı vəziyyəti ağırlaşdıracağını və iş yerlərinin itirilməsinə səbəb olacağını vurğulayır.

Nigar