ABŞ Milli Təhlükəsizlik Şurasının direktoru hansı mesajlarla gəlib?

ilham-ismayilIlham Ismayıl: «Rusiya belə bir fiqurun Azərbaycana səfərini sadəcə seyr etməyəcək, müzakirə olunanları detallarına qədər öyrənməyə çalışacaq»

Dövlət başçısı Ilham Əliyev yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanla görüşüb. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından danışılıb.

Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti vurğulanıb.

Söhbət zamanı həmçinin regional vəziyyət, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib.

Çarlz Kapçan gün ərzində eyni zamanda xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla görüşüb.

Regionumuz üçün kifayət qədər həssas dönəmə təsadüf edən bu səfər eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxtda reallaşıb. Regionda isə hazırda Suriya ilə Iran qarşıdurması pik həddə çatıb. Eyni zamanda yürüdülən yanlış maliyyə siyasəti ölkəmizdə milli valyutanın kəskin dəyərsizləşməsinə, sosial gərginliyin yaranmasına səbəb olub.

Məhz sadaladığımız faktorların qabarıq özünü göstərdiyi ərəfəyə təsadüf edən səfərdə hansı mesajlar səsləndirilə bilər?

Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, Mərkəzi Kəşfiyyat Idarəsi dünyanın ən sirrli təşkilatlarından biridir. Belə bir təşkilatın təmsilçisinin səfəri zamanı müzakirə olunan məsələlərin detallarına qədər heç zaman bəlli olmadığını deyən I.Ismayıl bildirdi ki, indiki dönəmdə iki ölkə arasında münasibətlərin gərgin olduğu bir vaxtda, Yaxın Şərqdə baş verən hadisələrin fonunda bu səfər maraq doğurur: “Bölgədə baş verənlərdə Azərbaycanın bu və ya başqa formada rolu var. Düşünürəm ki, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Azərbaycana konkret mesajlarla gəlib. Səfər edən fiqur çox ciddidir. Və bu ciddi fiqur çox məsələlərə toxuna bilər. Xüsusilə onu nəzərə almaq lazımdır ki, səfər edən rəsmi şəxs Avropa məsələləri üzrə direktordur. Deməli, səfər zamanı Rusiya ilə də bağlı məsələlər müzakirə edilə bilər”.

I.Ismayıl bildirdi ki, bu səfər bir növ Azərbaycanın perspektiv maraqlarının nədən ibarət olduğunu izah etməyə hesablanıb. “Rusiya belə bir fiqurun Azərbaycana səfərini sadəcə seyr etməyəcək onu detallarına qədər öyrənməyə çalışacaqdır”, deyə I.Ismayıl vurğuladı.

Xəyal