ilham-mehriban aliyevs

İlham Əliyev kütləvi ixtisarların anonsunu verdi

ilham-mehriban aliyevsAnti-böhran tədbirləri çərçivəsində rayonlar dotasiyadan məhrum olacaq

Ölkə başçısı Ilham Əliyevin son müşavirəsində hakimiyyətin anti-böhran tədbirlərinin konturları özünü göstərdi. Ölkə başçısının çıxışından bəlli oldu ki, bu tədbirlərdən biri də rayon icra hakimiyyətlərinin dotasiyadan məhrum edilməsidir.

Ilham Əliyevin fikirlərinə diqqət edək: “Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr, bütün xərclərini bağlaya bilərlər”.

Göründüyü kimi Ilham Əliyev açıq şəkildə bildirir ki, rayonlara dotasiya ayrılmasına ehtiyac yoxdur.

Bundan başqa Ilham Əliyev kütləvi ixtisarların anonsunu verib. “Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.

Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaqdır”, – deyə ölkə başçısı bildirib. Struktur islahatları nəticəsində bəzi qurumların ləğv ediləcəyi gözlənilir. Bu halda minlərlə insan işini itirə bilər.