Polisdə yox, hökumətdə islahat aparılmalıdı
Ötən gün Daxili Işlər Nazirliyinin DIN Çevik Polis Alayında 2015-ci ilin yekunlarına həsr edilmiş əməliyyat müşavirəsi keçirilib. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Tədbirdə məruzələr dinlənilib, 2015-ci il ərzində görülən işlər və 2016-cı ildə qarşıya qoyulan məsələlər müzakirə edilib.
Bu əməliyyat müşavirəsinin keçirilməsinə, qarşıya qoyulan vəzifələrin müzakirəsinə etirazımız yoxdur. Istəyirsiniz, həftədə 8 dəfə əməliyyat iclası keçirin. Sadəcə olaraq artıq hansısa sahədə iclas keçirilməsi, hansısa sərəncamın verilməsi, hökumətin təkliflər planı və digər bu kimi addımlar qeyri-ciddi görünür. Çünki, artıq elə bir vəziyyətdir ki, hansısa strukturun əməkdaşlarına moizə oxumaq, pis nəticəni sığortlamır. Ümumilikdə sistemin özündə əməliyyat keçirmək lazımdır. Ayrı-ayrı sahələrdə imitasyon addımlar keçmiş ənənələrin davamı ilə nəticələnəcək.
Bəli, Çevik Polis Alayında iclas keçirmək yox, ölkədə çevik islahat həyata keçirmək lazımdır. ÇPA nə devalvasiyanın qarşısını ala bilər, nə qiymət artımını durdura bilər, nə böhranı dəyənəkləmək iqtidarındadır. Prosesin indiki gedişi onu göstərir ki, bir müddət sonra DIN-də də ciddi ixtisarlar olacaq, maaşlar gecikəcək və s. Yəni sosial-iqtisadi faktor ÇPA-nın çevikliyinə də təsir göstərəcək.
Ona görə də əsas işi görmək lazımdır. Korrupsiya ləğv olunmalı, gömrük quldurluğu dayandırılmalı, azad sahibkarlığa münbit şərait yaradılmalı, bank faziləri aşağı salınmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, monopoliyalar götürülməli və digər bu kimi real islahatlar həyata keçirilməlidir.
Əks halda boş-boş vədlər, heç bir mənası olamyan təlimatlar, dəyənəyin zəhmi, həbslə qorxutmaq acı sonluğun qarşısını almayacaq.
Vəziyyət çox ciddidir və hökumət çevik hərəkətə keçməlidir. Yoxsa, böhranın çevikliyi ölkədə bütün sistemin çevikliyini iflic duruma salacaq.
Samir



