Avropa Oyunları və sünnət toyları

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Günlərdir rejimin Azərbaycanı gətirib çıxardığı bu böhran haqda yazıb-pozuruq, yaptokratiyanın hansı yalanlar, yanlışlar sayəsində ölkəni bu vəziyyətə saldığını anlatmağa, izah etməyə çalışırıq. Əslində, anlatmalı, izah etməli bir şey də yoxdur. Hər şey illərdir hamımızın gözü qarşısında baş verirdi, nəticə də ortadadır, əlavə sözə, şərhə ehtiyac da qalmayıb.

Ola bilsin, durumun ağırlığını, dözülməzliyini dərk etməyənlər hələ də var, amma inanıram ki, onlar çox deyillər, üstəlik, belələrini xalqın arasında yox, yenə yaptokratiyanın öz sıralarında axtarmaq lazımdır. Onlar da Azərbaycanın necə risklərlə, təhlükələrlə qarşı-qarşıya olduğunu çox keçməz, başa düşər, vəziyyətin belə acınacaqlı həddə çatmasında özlərinin də payı olduğunu görər, xəcalət təri tökərlər.

Mənim bu gün sözüm orta statistik azərbaycanlıyadır. Hansı ki, yaranmış ağır situasyiada onun məsuliyyəti, cavabdehliyi heç də az deyil. Yox, söhbət onun illərdir özünün, övladlarının, küll halında ölkənin indiki və gələcək taleyinin müəyyənləşdirilməsində iştirak etmək istəməməsindən, rejimin basqıçı siyasətindən qorxub qınına çəkilməsindən, haqqını tələb etməməsindən getmir. Onsuz da bu haqda düşündüklərimi bir neçə gün əvvəl yazmışam, oxumayanlar “Indi də mən siyasətə qarışmıram!” başlıqlı yazımı ən azı, internet üzərindən axtarış verib tapa, oxuya bilərlər.

Söhbət ondan gedir ki, rejim neft pullarını görməmişcəsinə sağa-sola sovurarkən, biz – sadə vətəndaşlar, sıravi insanlar, necə deyərlər, “qara camaat” ondan fərqli nə edirdik? Aramızda unudanlar ola bilər, odur ki, gəlin birlikdə xatırlayaq:

* Evimizdə urvalıq yox idi, amma könlümüzdən darğalıq keçirdi – məsələn, qızımıza daha bahalı cehiz almaq, oğlumuzun sünnət toyunu daha bərkgedən restoranda etmək üçün bir-birimizlə bəhsə girirdik. Amma aramızdan kimsə bircə yol da olsa, öz-özündən soruşurdumu: “Qızımı xoşbəxt etmək üçün cehiz kifayətdirmi? Ona cehizdən öncə işıqlı bir ölkə bəxş etmək üçün mən indiyədək nə etmişəm? Oğluma xoşbəxt, özgür yaşayacağı bir ölkə miras qoymaq üçün nə etmişəm mən bu günəcən?!”

* Özümüz qəpiyə güllə atarkən, borc-xərc eləyib “Kim övladının toyuna daha populyar bozbaş müğənnisi gətirər?” yarışına çıxırdıq. Amma aramızdan kimsə bir yol papağını qarşısına qoyub fikirləşirdimi heç: o müğənnilərə tökülən ətək-ətək pulla bir yetimin qarnını doyurmaq olar, bir kasıbın övladının yaxşı təhsil almasına dəstək vermək olar.

* Ölülərimiz üzərindən belə, bir-birimizə acıq verməyə çalışırdıq: kim dədəsinin ehsanında süfrəni daha yaxşı bəzəyib, kim ölüsünə qara mərmərdən daha hündür başdaşı qoyub? Amma aramızdan kimsə oturub düşünürdümü ki, ölüsünə dəbdəbə qurduğumuz yaxınımızın, doğmamızın ömrü niyə məhrumiyyətlər, məşəqqətlər içində keçməli idi? Niyə cəhənnəmi bu dünyada dirigözlü yaşamalı idi?

* Borca girib, kredit götürüb Həccə, Məşhədə, Kərbəlaya getmək uğrunda yarışanlar necə, az idimi? Amma aramızdan kimsə heç olmasa, bircə dəfə oturub düşündümü: adının əvvəlinə “Həci”, “Məşədi”, “Kərbəlayi” titulu yapışdıranlar artdıqca, necə oldu, bu ölkədə yalan da artdı, yaltaqlıq da, şəxsiyyətə pərəstiş də, siyasi bütpərəstlik də, rüşvətxor da, korrupsioner də…!

Uzatmaq istəmirəm, nə dediyimi anlatmaq üçün əminəm, yuxarıda yazdıqlarım kifayətdir. Bəli, biz ədalətsiz bir rejimlə qarşı-qarşıyayıq. Bəli, o, bizim ömrümüzün ən gözəl illərini oğurlayıb və oğurlamaqda davam edir. Bəli, o, həyatımızı zəhərə döndərib. Bəli, o, bu ölkənin başına gələn və gələcək bütün bəlaların bir nömrəli baiskarıdır.

Amma bütün bunlar belə, bizi niyə öz vətəndaş həssaslığımızdan, vətəndaş məsuliyyətimizdən azad etməli idi? Axı rejimin etdiyi yamanlıqlar qarşısında bizim də Azərbaycan adına gözəl işlər görmək üçün kiçicik də olsa, imkanlarımız vardı. Biz niyə o imkanları dəyərləndirmədik? Məsələn, yaptokratiya xalqa çatmalı olan milyardları mənasız yerə Avropa Oyunlarına xərclədi, bunu başa düşdük, ondan başqa nə gözləmək olardı ki? Bəs biz əlimizdəki qəpik-quruşları niyə mənasız sünnət toyları üçün oliqarxların şadlıq evlərinə səpələdik?!

Axırı da belə!..