«The Huffington Post»: «Əliyev hökumətinə sanksiyaları nəzərdə tutan qanun layihəsi dönüş nöqtəsidir»
ABŞ mediası administrasiyaya Azərbaycan hökumətilə bağlı çağırış etdi
Beynəlxalq media Azərbaycanda insan haqlarının vəziyyətini, Əliyev rejiminin repressiya siyasətini və korrupsiyanı diqqətdən kənarda qoymur. Xüsusən, son dövrlərdə dünyanın nüfuzlu nəşr və telekanallarında yayımlanan materiallarda Qərb dövlətlərinin hökumətlərinə Azərbaycandakı repressiv rejimlə daha sərt və konkret danışmaq çağırışları öz əksini tapır. Bu qəbildən olan növbəti məqalə ABŞ-da “The Huffington Post” qəzetində dərc olunub. “Azərbaycandakı rejimi məsuliyyətə cəlb etməyin vaxtıdır” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycan prezidenti Ilham Əliyevin dissidentləri amansızcasına susdurmaq vərdişlərinə nəhayət ki, son qoyula bilər.
Keçən ay Konqressdə elan olunmuş yeni qanun layihəsi Azərbaycanda müstəqil Kütləvi Informasiya Vasitələrinə, qeyri-hökumət təşkilatlarına qarşı təqib və təzyiqlərə son qoyulana, bu ölkədəki siyasi məhbuslar azadlığa buraxılana qədər Əliyev hökumətinin üzvlərinə viza qadağasını nəzərdə tutur.
Bir çox mübahisələrə səbəb olmasına baxmayaraq, “Azərbaycan Demokratiya Aktı-2015″ adlı bu qanun layihəsi vacib dönüş nöqtəsidir. Uzun illər ərzində Birləşmiş Ştatlar dünyanın ən çox korrupsiyalaşmış və repressiv rejimlərindən biri olan Azərbaycan hökumətinin ünvanına qınaqların qarşısının alınması üçün mübarizə aparırdı. Baxmayaraq ki, bu keçmiş sovet ölkəsindəki son repressiyalar artıq Azərbaycanın ümumiyyətlə, Qərbdən üz döndərdiyini göstərir, amma amerikalı məmurlar və qanunvericilər əvvəllər vərdiş etdikləri kimi yenə də azərbaycanlı həmkarlarını ”dostlarımız” adlandırırlar.
Bəlkə də biz “qismən dönüş” deməliyik. Söhbət puldan gedəndə Azərbaycan hökuməti Qərb dövlətləri ilə eyni masa arxasında olmaq istəyir. Lakin insan haqları, adamların ləyaqəti məsələsində artıq vəziyyət başqa cür olur. Bu yanaşma ötən il Azərbaycanda 50 ölkədən 6000 idmançının iştirakı ilə birinci Avropa Oyunları keçirildiyi ərəfədə özünü daha açıq şəkildə büruzə verdi. Tədbirin gedişində paytaxt Bakının müasir, parıltılı obrazını yaratmaq üçün hökumət heyfslənmədən böyük pullar xərclədi. Hətta Ledi Qaqanın sürpriz ifası da oldu. Bir çoxları üçün bu, Azərbaycanın ilk parıltısı idi. Lakin bu parıltı yoxa çıxdı…
Hökumətin qaydaları ilə hərəkət etməyə razılaşan xarici jurnalistlər oyunları izləmək üçün ölkəyə buraxıldılar. Amma dagirləri, o cümlədən “The Guardian”ın idman müxbiri Ouen Gibson Azərbaycanda insan haqlarının pozulması barədə məlumat yaydıqlarına görə ölkəyə buraxılmadılar.
Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun rəhbəri Emin Hüseynov Isveçrənin xarici işlər nazirinin təyyarəsilə ölkədən çıxdı. Azərbaycan hökuməti onun təşkilatının ofisində axtarış aparandan sonra o, Isveçrənin Bakıdakı səfirliyinə sığınmış və 9 ay orada qalmışdı. Lakin digər hüquq müdafiəçiləri və jurnalistlərin bəxti belə gətirmədi. 2014-cü ilin avqustunda 10 gün ərzində ölkənin tanınmış hüquq müdafiəçiləri Intiqam Əliyev, Rəsul Cəfərov, Leyla və Arif Yunuslar həbs olundu. Daha sonra onların tələsik məhkəmə prosesləri keçirildi və nəticədə törətmədikləri cinayətə görə uzunmüddətli həbs cəzasına məhkum edildilər. Səhhətində çox ciddi problemlər olan Leyla və Arif Yunuslar bu yaxınlarda şərti cəza ilə azadlığa buraxıldılar. Bununla belə, onların üzərində “dövlətə xəyanət” ittihamı qalmaqdadır.
Təsisçisi Avropa Oyunları ərəfəsində ən yüksək səviyyədə hədələnən “Meydan TV”nin əməkdaşlarının ölkədən çıxışına qadağa qoyuldu, onlar dəfələrlə prokurorluqda dindirildi, heç bir səbəb olmadan saxlanıldılar. Onların ailə üzvləri də təzyiqlərlə üzləşdi. “Meydan TV”nin redaktoru Günel Mövludun iki qardaşı şübhəli narkotik ittihamı ilə həbs olundu.
Jurnalist Rasim Əliyev ötən ilin avqustunda ölümcül döyüldü və nəticədə dünyasını dəyişdi. Baxmayaraq ki, onun döyülməsi “facebook” səhifəsində bir futbolçu barədə yazdığı statusla bağlı olub, amma məlumata görə, bundan əvvəl də o, hədələnib. Bu, son on ildə Azərbaycanda jurnalistlərə qarşı baş vermiş yüzlərlə hücumdan biridir. Bu ölkədə həmçinin son on ildə Rasim Əliyevdən başqa, daha iki jurnalist qətlə yetirilib.
Birləşmiş Ştatların və Avropa Birliyinin sakit diplomatiya tərzi Azərbaycan hökumətinin ölkədəki tənqidçilərə, vətəndaş cəmiyyəti təmsilçilərinə repressiyalarını dayandıra bilmədi. Dekabrda Leyla Yunus həbsdən buraxılarkən ABŞ Dövlət Departamenti bunu inkişaf və pozitiv addım kimi alqışladı. Halbuki, bundan bir gün əvvəl müxalifət partiyası olan AXCP-nin sədr müavini həbs olunmuşdu. Daha bir jurnalist Rauf Mirqədirovun məhkəməsi isə həmin vaxt davam edirdi.
Amma görünür, prezident Əliyevin bu uğuru başa çatır. Noyabrda Azərbaycan hökumətinə münasibətdə indiyədək görünməmiş addım atıldı. ATƏT-in Demokratik Təsisatlar və Insan haqları Bürosu, Avropa Parlamenti bu ölkədə keçirilən parlament seçkilərinin obyektiv, ədalətli, şəffaf olmamasına etiraz əlaməti kimi, seçkini müşahidə etməkdən imtina etdi.
Bundan başqa, Avropa Şurasının baş katibi Torbörn Yaqland cəsarətli addım ataraq, Azərbaycanın insan haqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasını nə dərəcə yerinə yetirməsinin araşdırılması barədə tapşırıq verdi.
Elə həmin gün ABŞ-da Azərbaycanda hakim elitanın korrupsiyası barədə məlumatları yayan azsaylı cəsarətli jurnalistlərdən biri, hazırda həbsdə olan Xədicə Ismayılla bağlı dinləmələr keçirildi. Orada iştirak edən konqressmen, Helsinki Komissiyasının sədri Kris Smit orada “Azərbaycan Demokratiya Aktı” qanun layihəsi barədə məlumat verdi. Xədicə Ismayılova 2014-cü ilin dekabrında həbs olunub və hazırda ona verilmiş 7 il 6 aylıq həbs cəzasını çəkməkdə davam edir.
Xədicə Ismayılova, hətta dəmir barmaqlıqlar arxasından da mübarizəni davam etdirir. Avropa Oyunları ərəfəsində beynəlxalq mətbuat azadlığı təşkilatlarının yaratdığı “Insan haqları naminə idman” koalisiyası bu yaxınlarda Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı hesab yaydı. “The New York Times”da Xədicə Ismayılovanın həbsxanadan göndərdiyi məktub dərc olunmuşdu.
“Bu həqiqətdir ki, Azərbaycanda insan haqları böhranı yaşanır. Həm də heç vaxt olmadığı səviyyədə…” yazan Xədicə Ismayılova eyni zamanda, məktubunda beynəlxalq aləmə çağırış etmişdi: “Azərbaycan hökumətinə diqqəti korrupsiya və hakimiyyətdən sui-istifadə mövzularından yayındırmağa imkan verməyin”.
Bəlkə dünya indi eşitməyə hazırdır…