Ucuz manat hansı təşkilatları çökdürəcək?

nemet-eliyev1Ən çətin vəziyyətlə diplomatik korpuslar üzləşib

Manatın dəyər itirməsi dövlət büdcəsiylə bağlı bir sıra problemləri yenidən gündəmə gətirib. Bu istiqamətdə ilk olaraq onu qeyd etmək lazımdır ki, ölkənin xarici borcları manatın dəyərdən düşməsi ilə bir qədər də artıb. Yəni 2016-cı ilin büdcəsində dövlət borclarının ödənilməsi üçün nəzərdə tutulan vəsaitə yenidən baxılmasını vacib edir.

Daha bir məqam da bu istiqamətdə unudulmamalıdır. Xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizlə bağlıdır. Onların fəaliyyət göstərməsi üçün də büdcədə keçən ildən nəzərdə tutulan məbləğ 48 faiz dəyərsizləşib. Bu isə bu vəsaitin artırılmasını gərək edir.

Eyni zamanda nazirliklərin keçirdiyi tender layihələrinə də diqqət göstərməyə dəyər. Çünki manatla olan bu layihələr dekabrın 21-dən sonra 48 faiz dəyər itirib. Onların nəzərdə tutulan formada yerinə yetirilməsi əlavə vəsait cəlbini tələb edir.

Iqtisadçı Nemət Əliyev bildirdi ki, 2016-cı ilin büdcəsi 2015-ci il ilə müqayisədə 5 milyard manat azalıb. N.Əliyevin sözlərinə görə, amma bu ilin büdcəsində xaricə borca görə ödənilməli xərclər də artıb. 2015-ci il ilə müayisədə həm əsas borcun, həm də borclar üzrə ödəniləcək faiz üçün ayrılacaq maliyyə iki dəfə artıb. N.Əliyev eyni zamanda vurğuladı ki, dövlət büdcəsində diplomatik nümayəndəliklərin saxlanılması üçün ayrılan manatda ifadə olunan vəsait də artmalıdır: “Hökümət bu ilin büdcəsində neftin qiymətini 50 dollardan hesablayıb. Amma hazırda neftin qiyməti 33 dollar ətrafındadır. Ikinci bir tərəfdən 2016-cı ilin büdcəsində manatın dollara məzənnəsini 1.05 qəbul etmişdi. Ancaq bu gün faktiki dolların manat məzənnəsi 1.7-1.8 dollara yüksəlib. Deməli belə olacaqsa xarici korpusun fəaliyyəti üçün büdcədən ayrılmış manatın kütləsi 65-70 faiz nisbətdə azalıb. Deməli manat daha çox tələb olunacaq. Bu isə dövlət büdcəsində nəzərdə tutulmayıb”.

Manatla nəzərdə tutulan tenderlərə gəlincə isə, N.Əliyev bildirdi ki, devalvasiya ölkədə qiymətləri bahalaşdırıb. “Dolların məzənnəsi 1.7-də qalmayacaq. Bu hökümət o qədər bacarıqsızdır ki, bu məzənnə bununla bitməyəcək, daha da dəyərdən düşəcək. Manat dəyərdən düşdükcə Azərbaycanda 85 faiz olan idxal mallarının qiyməti qalxacaq. Deməli satınalma tenderlərinin də qiyməti qalxacaq”, deyə N.Əliyev vurğuladı.

N.Əliyevin sözlərinə görə, tenderlərdə nəzərdə tutlan malların dəyəri il ərzində artacaq.

Xəyal