İstanbul qan gölünə döndü FOTO

İŞİD-çi kamikadze «Sultanəhməd» meydanında özünü partlatdı: 12 ölü, 15 yaralı

ABŞ-dan kəskin reaksiya gəldi, Rusiya hadisəni alçaq hücum adlandırdı

Dünən Istanbul yenə terror xəbərinə oyandı. Türkiyə vaxtıyla səhər saat 10.20-də turistlərin ən çox axın etdiyi “Sultanəhməd” meydanında partlayış oldu. Partlayışla bağlı ilk açıqlama şəhər valiliyindən gəldi. Valilik hadisənin terror olduğu və partlayış zamanı 10 nəfərin öldüyü, 15 nəfərin yaralandığı barədə açıqlama yaydı.

Axşam saatlarına yaxın ölənlərin sayının 12 nəfərə çatdığı məlum oldu. Həlak olanlardan 9-nun Almaniya, 2-nin Cənubi Koreya, yaralılardan isə 9-nun Almaniya, 1-nin Norveç, 2-nin Peru vətəndaşı olduğu bildirildi.

Ilkin ehtimal kimi, partlayışı IŞID və ya PKK üzvü olan “canlı bomba”nın törətdiyi açıqlandı.ÿƏraziyə xeyli sayda polis, təhlükəsizlik qüvvələri və təcili yardım maşınları cəlb olundu.ÿXəsarət alanlar dərhal xəstəxanaya yerləşdirildi. Polisin meydan və onun ətrafında həyata keçirdiyi əməliyyata havadan helikopterlə dəstək verildi.

Şahidlərin dediyinə görə, meydandakı “Islam əsərləri” muzeyinin qarşısında baş verən partlayışın dəətli gurultusu Istanbulun bir neçə bölgəsində aydın eşidilib.

Ərdoğan: “Terrorçuların əsas hədəfi Türkiyədir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəyə xarici ölkələrdə fəaliyyət göstərən səfirlərlə görüşündə münasibət bildirdi. Ərdoğan partlayışın Suriya əsilli terrorçu kamikadze tərəfindən törədildiyini deyərək hadisəni şiddətlə qınadığını bildirdi: “Terror hücumunu şiddətlə qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Türkiyə terrora qarşı mübarizədə qətiyyətli duruşunu sona qədər davam etdirəcək. Istər PKK olsun, istərsə də IŞID və ya PYD – bizim üçün fərqi yoxdur. Onlara qarşı eyni qətiyyətlə mübarizə aparırıq. Bu bölgədə fəaliyyət göstərən terrorçu qrupların əsas hədəfi Türkiyədir. IŞID-lə Türkiyə qədər qətiyyətlə mübarizə aparan və bunun acı nəticələrini yaşayan başqa bir ölkə varmı? Amma hələ də bunu anlamamaqda israr edən qüvvələr və ölkələr var”.

Hökumət üzvləri Çankayada toplandı

Hadisə ilə bağlı Çankaya köşkündə baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə təcili iclas keçirildi.

Iclasdan sonra baş nazirin müavini Numan Kurtulmuş, daxili işlər naziri Əfqan Ala və səhiyyə naziri Mehmet Müəzzinoğlu mediaya açıqlama verdilər.

Numan Kurtulmuşÿterrorçu kamikadzenin cəsədi üzərində aparılan ekspertizadan sonra onun 1988-ci il təvəllüdlü Suriya vətəndaşı olduğunun müəyyənləşdirildiyini bildirdi. O, terrorçu ilə əlaqəsi olan şəxslərin tapılması üçün təhlükəsizlik qüvvələri tərəfindən təhqiqat aparıldığını da qeyd etdi.ÿ

Məlum oldu ki, terrorçu Türkiyəyə Suriya ərazisindən daxil olan IŞID üzvü Nabil Fadlıdır. N.Fadlının adı Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan terrorçular siyahısında olmayıb. Terrorçu Türkiyədə qaçqın kimi qeydiyyatda olub.

Davudoğlu Merkelə başsağlığı verdi

Baş nazir Ə.Davudoğlu da jurnalistlərə açıqlamasında terrorçunun IŞID üzvü olduğunu bildirdi. Terroru bütün bəşəriyyətin düşməni adlandıran Davudoğlu bu cinayətləri törədənlərin layiqli cəzalarını alacaqlarını bəyan etdi.

Davudoğlu daha sonra Almaniya kansleri Angela Merkelə zəng edərək başsağlığı verdi. O, Merkeli Istanbulda baş verən terrorda həyatını itirənlərin əksəriyyətinin Almaniya vətəndaşı olduğu barədə məlumatlandırdı. Və alman turistlərin Türkiyədə terror qurbanı olmasından kədərləndiyini bildirdi. Iş üzrə təhqiqatın ən qısa zamanda başa çatacağını deyən Davudoğlu nəticələr barədə Almaniya yetkililərinə də məlumat veriləcəyini vurğuladı.

Abdulla Gül: “Xain hücumdur”

Türkiyənin keçmiş prezidenti Abdulla Gül baş verənləri xain hücum adlandıraraq terroru şiddətlə qınadığını bildirdi. Ankara bələdiyyə başqanqı Melih Gökçek isə Istanbuldakı partlayışın Türkiyə turizminə zərbə vurmaq məqsədilə təşkil edildiyini bildirdi və bunu xarici güclərin fitnəsi adlandırdı.

Maraqlıdır ki, ötən ilin yanvarında da “Sultanəhməd” meydanında partlayış olmuşdu. Bir polisin şəhid olduğu terroru həmin vaxt qadın kamikadze – rusiyalı Diana Ramazova törətmişdi.

Rusiya başsağlığı verdi

Istanbulda baş verən terrorla bağlı Rusiyadan da reaksiya gəldi. Xarici Işlər Nazirliyinin adından yayılan yazılı açıqlamada ölənlərin yaxınlarına başsağlığı verildi, yaralılara şəfa arzulandı: “Bu alçaq bir hücumdur. Bu hadisə terrorun qəddarlığını və insanlığa qarşı olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda beynəlxalq ictimaiyyətin bütün səylərini, ikili standartları və münasibətləri bir kənara qoyaraq terrora qarşı təcili ortaq bir cəbhə formalaşdırmağın zəruriliyini ortaya qoydu”.

Günün sonunda Istanbul terroru ilə bağlı Birləşmiş Ştatlardan da açıqlama gəldi. Terror hücumunu kəskin şəkildə pisləyən Ağ Ev həyatını itirənlərin yaxınlarına başsağlığı verdi. Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Ned Prays hadisəni çirkin hücum adlandırdı: “Istanbulun tarixi mərkəzində türkləri və turistləri hədəf alan bu çirkin hücumu qınayırıq. Vaşinqton bundan sonra da IŞID-ə qarşı beynəlxalq koalisiya və NATO üzvü olan Türkiyənin yanında olacaq, terrora qarşı əməliyyatlarda Ankaraya dəstəyini davam etdirəcək”.

Gültəkin