Ölkənin baş-ayaq dialektikası

saadet-cahangir-koseSəadət Cahangir

Fəlsəfə oxuyanlar yaxşı bilir. Bu təlimlərin çoxunda, demək olar ki, bir-birini inkarçılıq var. Bizim dövrün tələbələrinə əzbərlədilib, dialektik inkişafın mahiyyətini anlatmağa çalışan filosofların fikirləri də belə idi. Kantdan bəhrələnən Hegel Kantı, Hegeldən bəhrələnən Marks Hegeli, Marksdan bəhrələnən yeni nəsil filosoflar da onu inkar edirdi. Marksın bu məşhur deyimini də unutmamısınız yəqin: “Hegelin dialektikası başı üstədir. Onu ayaq üstə qoymaq lazımdır ki, mistik pərdə altındakı rasional toxumu aşkara çıxarılsın…” Ilin-günün bu vaxtında durub fəlsəfə xırdalamaq niyyətində deyiləm, əlbət. Sadəcə, fikirlərimi bölüşmək istəyirəm. Deyirəm, əgər özündən sonra gələn bütün fəlsəfi təlimlərə impuls verən qosqoca Hegelin dialektikasını düzəltmək mümkünsə, bizim ölkənin baş-ayaq durumunu niyə düzəldib ayaq üstə qoymaq mümkün olmasın? Doğrudur, bu məsələ o dərəcədə cığırından çıxıb ki, indi məlum “inkişafın” əl-ayağını bir yerə toplamaq çətin məsələdir. Çünki ortada bəhs edilən inkişafdan elə bir əsər-əlamət də yox. Böhran hər yeri şil-küt edə-edə gedir. Yəni “böyük ağılla” gətirib ölkənin bütün kanallarını neft çəninə bağlamağın həzin sonu bu olmalıydı. Indi neft çənində damcılar qalıb, onlar da xəstənin damarına qırıq-qırıq gedən sistem məhlulunu xatırladır. O xəstənin ki, zarıya-zarıya yanı üstə düşüb qalıb və xilasını gözləyir…

Xəstəni çərlədib yanı üstə yıxanlar onu xilas etmək niyyətində görünmür. Hamı görür ki, ölkənin dalana dirəndiyi bu ağır durumda da o adamlar keflərindən qalmırlar. Yeni əyləncə yarışlarına hazırlaşan kim, qiymət artımlarını heç nə olmamış kimi dünyada gedən proseslərin əks-sədası elan edən kim, tənəzzülün vahiməsindən yuxusu ərşə çəkilən insanlara manatın üzməyinin faydaları haqqında moizə oxuyan kimi. Xülasə, aləm bir-birinə qarışıb, ölkə batır, bunların dünya vecinə deyil. Hələ bir insanlara daha da acıq verirmiş kimi, yeni yarışların keçiriləcəyini bəyan edirlər. Hələ insanların bank kreditləri üzərində oyun qurub məzənnə dəllallığı edirlər. Dollar satışını dayandırıb, fürsətçiləri qara bazara çıxarıblar. Valyutadəyişmə məntəqələrini də bağlamaq planları reallaşsa, məsələni bitmiş saymaq olar. Kim, harda, necə gəldi alverini edə bilər. Ölkədən bir dərdinin-azarının arxasınca kənara çıxmaq istəyən insanın yolu da xarici valyuta üçün məcburən gəlib o qara bazardan keçəcək. Yəni hər şey plan üzrə gedir. Hər şey insanları əzmək və möhtac duruma salmaq üçündür. Başqa nə izahı ola bilər ki, daha bunun?

Durum ciddidir, bəli. Ölkəni gün-gündən dərinləşən böhrandan xilas etmək lazımdır. Bu çıxılmaz duruma səbəb olanlar onu etməyəcəklər. Etmək niyyətində olsaydılar, heç buna bais olmazdılar ki. Amma bu yanı üstə zarıncı qalan xəstənin – ölkənin bir sahibi də var axı – XALQ. Yoxsa bu ölkənin gerçək sahibi olduğunuzu unutdunuz, məmləkət əhli? Yoxsa unutdunuz, sizin burda parçalanan, talanan, didilən bir vətəniniz var? Yoxsa unutdunuz min cür əziyyətlə müstəqilliyini qazandığınız, uğrunda qurbanlar verdiyiniz, zəhmətini çəkdiyiniz, dişinizlə-dırnağınızla qurduğunuz bu ölkə sizindir? Unutmadınızsa, can çəkib imdad dilədiyini görmürsünüzmü? Görmürsünüzmü sizin əmək verdiyiniz, qazandığınız, ərsəyə gətirdiyiniz bu ölkənin sərvətləri kimlərin kef-damağına gedir? Görürsünüzsə, niyə susursunuz, kimi və nəyi gözləyirsiniz?