Gültəkin Hacıbəyli: «Mogerini Azərbaycana Avropa Birliyinin ölkəmizlə əməkdaşlığına önəm verdiyini bəyan etmək üçün gəlir»
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini tezliklə Azərbaycana səfər edəcək.
Bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Malena Mard deyib. O bildirib ki, səfər fevral-mart aylarına nəzərdə tutulub: “Bütün hallarda səfər yaydan əvvəl baş tutacaq. Proqramının detalları hələ məlum deyil. Üzərində işlənir”. (apa)
Səfər ABŞ-ın Azərbaycana qarşı sərt addımlar atmağı planlaşdırdığı dövrə təsadüf edir. Azərbaycan hakimiyyəti isə hələ ki, ABŞ-ın ona verdiyi son şansdan istifadə etmək niyyətində deyil. Iqtidar insan haqları ilə bağlı durumu daha da qəlizləşdirərək, beynəlxalq tövsiyyələri qulaqardına vurur.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Mogerini AB-nın tərəfdaş ölkələri ilə münasibətləri ilə məşğuldur. Mogerinin səfərini AB-nın Azərbaycana verdiyi önəm kimi qəbul edən G.Hacıbəyli vurğuladı ki, AB həmişə bəyan edib ki, Cənubi Qafqazın üç ölkəsi Azərbaycan üçün böyük önəm daşıyır: “Gələcəkdə Avropa Birliyi hər üç Cənubi Qafqaz ölkəsi ilə bütün istiqamətlərdə münasibətləri dərinləşdirmək niyyətindədir. Artıq Gürcüstanla assosiasiya və azad ticarət sazişləri imzalanıb. Azərbaycanla Avropa Birliyi arasında münasibətlər daha böyük perspektivlər vəd etsə də, bu günə kimi nəinki assosiasiya sazişinin imzalanması istiqamətində addım atılmayıb, əksinə Avropa Birliyi Azərbaycan münasibətlərində ciddi çatlar əmələ gəlib. Bu çatların əmələ gəlməsi ilk növbədə Azərbaycanda insan hüquqları və demokratiya sahəsində yaranmış ağır durumun nəticəsidir. Məhz bu vəziyyətin sonucunda ötən ilin sentyabrında Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəzityyətinə dair sərt qətnamə qəbul etdi. Həmin qətnamədə Avropa Birliyi Azərbaycanın münasibətlərinin inkişaf perspektivləri ortaya qoyuldu. Bəlli oldu ki, Avropa Birliyi insan hüquqlarına qarşı bu qədər basqı həyata keçirən, müstəqil mətbuatı məhv edən, siyasi oponentlərini şərləyib, həbsi atan tərəfdaşla münasibətlərini bu səviyyədə davam etdirə bilməz. Düşünürəm ki, Avropa Birliyinin Azərbaycana səfərini bu səpkidən dəyərləndirmək lazımdır”.
G.Hacıbəylinin fikrincə, Mogerini Azərbaycana Avropa Birliyinin ölkəmizlə əməkdaşlığına önəm verdiyini bəyan etmək üçün gəlir. Təbii ki, bu AB ilə azad ticarət, assosiasiya sazişinin imzalanması, Dünya Ticarət Təşkilatına üzvlük müzakirə predtmeti olacaq: “Eyni zamanda səfərdə ikinci əsas prioritet insan haqlarının qorunması və demokratik dəyərlər olacaq. Görünür, Mogerini səfəri ilə bir daha Avropa Birlyiinin mövqeyini ortaya qoyacaq. Yüzdən artıq siyasi məhbusu olan, siyasi müxalifət və azad mətbuata qarşı təzyiqlərin olduğu bir ölkə ilə bu faktları nəzərə almadan əməkdaşlıq mümkün deyil”.
Xəyal