natiqedilov

“Bir də adam öldürməyəcəm”

natiqedilovMəqalə qanqaraldıcı ruhdadır, banka xeyli miqdarda borcu olanların oxumaması məsləhətdir…

Orduda xidmət edərkən bir tragikomediyaya şahid olmuşdum. Təlim taborundan yenicə döyüş postuna qalxan gənc əsgərlərdən biri öz yoldaşını güllələmişdi. Hadisəni törədən əsgərin əməlinin motivini, səbəbini gizlətməsi vəziyyəti lap gərginləşdirirdi. Müdrikcəsinə susduğundan ondan hadisə haqda izahat almaq mümkünsüzə dönmüşdü.

Bu isə ağıla min bir şübhə, etimal gətirirdi. Bu məqamda hərbi hissə komandiri əmr edib, əsgəri dağdan endirib, öz yanına çağırır. Əsgərə “dədən yaxşı, nənən yaxşı” tərzində möizələr yenə təsirsiz qalır.

Bu arada, bunları yaza-yaza, öldürən əsgərə də, ölənə də ürəyim ağrıyır, elə millətimizə də. Çünki ölümün səbəbi çox adi idi. O yetim əsgərin də susmasında xüsusi səbəb olmayıb. Sadəcə, o ağır hadisədən şok keçirdiyindən, danışa, öz ağılsız hərəkətini əsaslandıra bilmirmiş. Müharibə çıxarana lənət olsun…

Xülasə, komandir görür ki, bundan söz çıxan deyil, “dədə-baba qaydası” işə düşür, əsgər şillə-təpiklə qana bulanır. Əsgər bu işgəncəyə də mətanətlə sinə gərir. Onu ölüvay halda qonşu otağa atıb, özünə gəlməyini gözləyirlər. Özünə gəlir, yenə sorğu-sual. Əsgər yenə susur. Komandir lap özündən çıxır. Yenə şillə-təpik, əsgər özündən gedir, onu büküb atırlar bir tərəfə. Əsgər özünə gələndə üstündə gözətçi olan zabit deyir ki, “a bədbəxt, döyülməkdən öləcəksən, sənin dilin yoxdur? Danış da, nə məsələdi…”

Əsgər deyir ki, onda komandirə çatdırın, məni tək qəbul eləsin. Soraq komandirə çatır. Həyəcan pikə vurur, komandir düşünür ki, görəsən, bu nə məsələdi ki, o, mənə tək demək istəyir. Çağırır əsgəri…

Əsgər gəlir, dili-dodağı titrəyə-titrəyə, qorxudan əsərək deyir: “Komandir, qurban olum, bir səhvdir eləmişəm, bir daha təkrar olmaz. Burax, gedim”.

Məni bu acı hekayəti sizinlə bölüşməyə rəsmi xəbər agentliklərindən oxuduğum, dövlət başçısının keçirdiyi son müşavirə barədə işlədilən bir cümlə vadar elədi. Sitat: “Yekun nitqində Prezident Ilham Əliyev 2016-cı ildə neftdən asılılığın minimuma endirilməsilə bağlı tədbirlərin görüləcəyini bildirdi”.

Ali Baş Komandanla, onun əsgərinin yuxarıdakı “şok açıqlaması” arasında oxşarlığı görə bilirsinizmi? Neft ölüb, qiyməti, hasilatı azalıb, bunlar indi ayılıb ki, neftdən asılılığı minimuma endirmək lazımdı. Çox operativ tərpəniblər. Neft artıq qabaqkı ilə müqayisədə yox kimidir. Biz yox, o özü asılılığı sizdən, bizdən qırdı. Özü də hansısa tədbirlə yox, dəyərli neft müəllim özü, təkbaşına qərar verdi və çəkdi getdi.

Daha bir fikir: “Prezident əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması ilə bağlı rayon icra başçıları qarşısında tələb qoydu”.

Gözəl tapşırıqdır. Ancaq məni qəm götürüb, çox narahatam ki, gavur düşmənimiz Ermanistanının da bir Mübariz Əhmədoğlusu ola və tapıb bu çıxışı oxuya, ölkəmizi xainlərin gözündə pis qələmə verə. Baxın, rəsmi məlumatlara görə, təkcə neftdən Azərbaycan son 15 ildə 141 milyard dollar pul qazanıb. Siz hələ gömrükdən-filandan qazanılanları qoyun bir kənara, tək neftin gəlirinə diqqət edin: 141 milyard! Bu qədər pul gəlib, amma məlum olur ki, hələ də əhalinin qaz, işıq, su təchizatı qaydasında deyil. O səviyyədə problem var ki, prezident ilin-günün bu ağır vaxtında ona diqqət ayırmağı, o barədə tapşırıq verməyi lazım bilir.

Təchizatı pis gündə olanların bir dərdi varsa, yaxşı olanların dərdi ikidir. Və ondan hələ ki, danışmağı bizim rəhbərlər ayıb bilir. Çünki onda AzTV vasitəsilə yaratdıqları “durmadan inkişaf edən Azərbaycan nağılı” korlana bilər. Bu dərd ondan ibarətdir ki, camaat işlətdiyi işığın, qazın, suyun haqqını verə bilmir.

Bəli, bəli. Yox, bir cür, var da başqa cür dərddi bizim ölkədə. Işıq, qaz pulundan yayınmaq üçün insanlar min bir fırıldağa baş vurub. Kimi oğurluq yolla o sərvətlərdən bəhrələnmək istəyir, kimi korrupsiya yolu ilə darğalarla dil tapır, kimi də işıqsızlığa, qazsızlığa öyrəşmək barədə əzmkar məşqlərlə məşğuldur. Amma sizdən nə gizlədim, kommunal xərclərdən və ümumiyyətlə, sosial problemlərdən kəsə yolla, asan formada can qurtarmaq istəyənlərin əzab-əziyyətləri mənə çox xoşdur. Nə qədər ki, bu insanlar problemin kökü ilə maraqlanmayacaq; nə qədər ki, sosial ədalət, yüksək maaş tələb etmək əvəzinə “kəsə yol” axtarışında olacaqlar, o çağacan arzumdur ki, qoy, daha betər problemlər onları qovsun, təntitsin.

“Multfilm ili”

O lətifəni bilirsiz? Qısa yazıram: Təyyarə qəza keçirir. Komandir deyir, “sual verirəm, kim cavabın tapsa, paraşüt verəcəm, tullanıb canını qurtarsın”.

Bir yoldaşa belə sual verir: “Trinidad və Tobaqo Respublikasının paytaxtı haradı?”

O da deyir ki, “daha denən ki, paraşüt vermirəm də…”

Indi bizim hökumət də 2016-cı ili “multikulturalizm ili” elan etməklə demək istəyir ki, bu ildən əlinizi çəkin, sizlik deyil. Bu il də belə getdi.

Tale Bağırzadəyə işgəncə verənlər barədə…

Çoxumuz o vəhhabi döyüşçünün öldürdüyü adamın ürəyini çıxarıb yediyi səhnəni dəhşətlə izləmişik. Amma deyəsən, hamı o səhnədən dəhşətlənməyib, bəziləri hətta o vəhhabiyə həsəd də aparıb, onun qəddarlığını mənimsəmək eşqinə düşüb.

Məsələn, Hacı Tale Bağırzadənin “bandotdel”də burnunu (təkcə burundurmu, vəkilin məlumatına görə, o məhkəməyə gələndə yeriyə də bilmirmiş) sındıran, buna göstəriş verən kimdirsə, o adam həmin vəhhabi döyüşçüdən nə ilə fərqlənir?

Siz necə insansınız? Bu adamı 3-cü dəfədir cavan yaşında şərləyib tutursunuz. Indi onu ömürlük həbsə göndərirsiniz. Bu azmış kimi, hələ bədəninə xəsarət də yetirirsiz? Bilin ki, o vəhhabi döyüşçü sizdən daha comərddir. Bəli, onun ürək yeməsi murdar əməl idi. Ancaq o, qarşısındakı adamı təkləyib öldürməmişdi. Qeyri-bərabər döyüşdə də qalıb gəlməmişdi. Siz isə sizinlə heç döyüşməyən adamı, dinc bir fikir sahibinin əlini-qolunu bağlayıb burnunu sındırırsınız və bunu qəhrəmanlıq sayırsız. Sayın, amma hesabı düz aparmadığınızı da indidən bilin.

Unun 30 manat olduğu bu günlərdə bu uzun məqaləni ölüm, qanla başlayıb, qanla, ölümlə bitirdiyimə görə fədakar oxuculardan üzr istəyirəm.

Natiq Güləhmədoğlu