Sahibkardan gömrük generalına – «Daşdan səs çıxdı, Sizdən səs çıxmadı…»

vusal-novruzov-baki-gomruyu“Hörmətli Vüsal müəllim! Mən də sahibkaram. Ölkəyə şüşə gətirirəm. 03 mart 2015-ci il tarixdə Rusiya Federasiyasından ünvanıma gəlmiş bir vaqon şüşəni 142 gün Biləcəri stansiyasında saxladınız. Mən Sizə rəsmi müraciət etmişdim. Daşdan səs çıxdı, Sizdən səs çıxmadı”.

Bunları sahibkar Səxavət Mustafayev, Bakı şəhər Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun sahibkarlara 2 gün əvvəlki müraciətinə cavab olaraq, “AzPolitika” vasitəsilə ona yazdığı məktubunda bildirir.

V.Novruzov həmin müraciətində sahibkarlarla Gömrük Komitəsi arasında yaradılan “körpüdən” 3-cü qüvvələrin istifadə etməsinə imkan verməməyi məsləhət görürdü. Çünki biznesmenlər rüsumu birbaşa şəkildə ikinci, üçüncü şəxslərin iştirakı olmadan da, məsələn brokerlərsiz də ödəyə bilərlər.

“İşbazlar brokerlər adı altında iş adamları ilə sövdələşməyə getdiyi üçün sonda iş adamına böyük ziyan dəyir. Onun idxal etdiyi malın maya dəyərinə təsir göstərir. Biz müraciət edirik ki, bu işbazlarla qurtarın. Bir müddət öncə sahibkarların iştirakı ilə tədbir keçirildi. Orda mən çıxış etdim və sahibkarlara tövsiyə etdim ki, özləri öz mallarını bəyan etsinlər və etdilər, nəticəsini də gördülər”, – deyə Vüsal Novruzov bildirmişdi.

Lakin Səxavət Mustafayev, V.Novruzovun dediyinin əksinə olaraq, bu tövsiyyəyə əməl etsə də, nəticəsini görməyənlərdəndir. Hər halda onun özü belə yazır. Sahibkarın gömrük rəsmisinə məktubunda daha sonra deyilir:
“Sizin müavininiz Elçin müəllim məni üç aydan sonra qeyri-rəsmi qəbul etmişdi və mən belə başa düşdüm ki, bu qəbul mənim problemimi həll etmək üçün yox, “beynimi oxumaq” üçün idi. 21 dekabr 2015-ci il tarixdə Rusiya Federasiyasından ünvanıma Biləcəri stansiyasına gəlmiş bir vaqon şüşə bu günədək dayanıb. Məndən Bakı Baş Gömrük İdarəsində heç kəs heç bir müraciət qəbul etmədiyinə görə, mən 25 dekabr 2015-ci il tarixdə Sizə müraciətimi poçt vasitəsi ilə göndərmişəm. Bu günə qədər yenə də daşdan səs çıxır, Sizdən səs çıxmır. Ümumiyyətlə, mənim işim gömrükdən keçirsə, hansı məntiqlə mən vasitəçi axtarmalıyam? Həmin brokerləri sahibkarlarmı kəşf etmişdilər? Onlar sahibkarlaramı xidmət edirdilər? Mən hər dəfə DGK-nın sədri, gömrük xidməti general-leytenantı cənab Aydın Əliyevə də müraciət etmişəm. Onun da reaksiyası hər dəfə Sizinkindən fərqli olmayıb. Hazırda Biləcəri stansiyasında dayanan vaqonla bağlı da cənab Aydın Əliyevə 25 dekabr 2015-ci il tarixdə müraciət etmişəm. Orada da tam susqunluqdur. 29 dekabr 2015-ci il tarixdə monopolistlə separat danışığa getdim və məhz onun razılığından sonra 29 dekabr 2015-ci il tarixdə sözügedən vaqonda olan şüşə lövhələri Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirdim. 30 dekabr 2015-ci il tarixdə artıq gömrük rəsmiləşdirilməsindən keçmiş həmin vaqonda olan şüşə lövhələri mən monopolistin dediyi şərtlərlə vermədiyimə görə, Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları həmin şüşə lövhələri vaqondan boşaldıb anbara daşımağa icazə vermirlər. Sumqayıt Baş Gömrük İdarəsi Dəmir yolu Gömrük Postunun rəisi Eldəniz müəllim mənə deyir ki, “əgər mən sizə bu vaqonda olan şüşələri boşaltmağa icazə versəm, həmin gün mən vəzifəmlə vidalaşmalıyam”. Vaqonun stansiyada dayandığı hər günə görə mən stansiyaya 145 manat cərimə ödəməliyəm. Bu düşmən münasibəti sahibkarlara siz gömrük generalları tərəfdəndir və hansısa məsləhət xarakterli bəhanələrlə nə ictimaiyyəti çaşdırmağa çalışmayın, nə də məsuliyyəti başqasının üstünə atmayın”.

Sahibkar sonda yazır ki, Dövlət Gömrük Komitəsindən sahibkarlara çata biləcək şad xəbər, ancaq bu komitənin ləğvi xəbəri ola bilər.