Azərbaycan banklarının kredit kartı müştərilərinin sayı azalmaqda davam edir.
Kredit kartlarının sayı ötən ilin Noyabr ayının sonunda 1 milyon 89 min ədəd olub. Bu, ötən ilin Yanvar ayının sonu ilə müqayisədə 233 min ədəd və ya 17,6% azdır. 2015-ci ilin Yanvarında kredit kartlarının sayı 1 milyon 322 min ədədə çıxmışdı. Fevraldakı devalvasiyadan sonra kredit kartlarının sayı hər ay orta hesabla 23 min ədəd azalıb.
İŞ YERLƏRİ BAĞLANIR, ƏMƏK HAQQI KARTLARI AZALIR
Ötən ilin Noyabr ayında əməkhaqqı kartlarının sayı 10 min ədəd azalaraq 1 milyon 483 min ədəddən 1 milyon 473 min ədədə düşüb. Əməkhaqqı kartlarının sayının azalması iş yerlərinin bağlandığına işarə edir.
Noyabrda sosial kartların sayı 23 min ədəd, digər debet kartların sayı isə 7 min ədəd artıb.
Kredit kartlarının və əməkhaqqı kartlarının sayının azalmasının təsiri ilə cəmi ödəniş kartlarının sayı İyul-Noyabr aylarında 6,7 % azalaraq 5 milyon 679 ədədə düşüb. İyul ayından əvvəl ödəniş kartlarının sayı 6 milyon ədəddən çox idi.
(marja)