Azərbaycanlı gəncin əl işi görənləri heyrətləndirir Foto

istedadli gencKibrit çöplərindən müxtəlif fiqurlar, maketlər düzəldən Ağdam rayonunun Zəngişalı kənd sakini Sərvər Abdullayev əl işləri sırasına yenilərini əlavə edib. Bunlar Şuşa şəhərindəki Cümə məscidinin, Bakı şəhərindəki Heydər Əliyev Mərkəzinin maketləri və Azərbaycanın Dövlət Gerbi formasında saatdır.
FaktXəbər-in məlumatına görə, Sərvər Abdullayev Azərtac-ın müxbiri ilə söhbətində bildirib ki, Cümə məscidinin maketinin düzəldilməsinə 13 min, Heydər Əliyev Mərkəzinin maketinin hazırlanmasına 14 min, saata isə 9200 kibrit çöpü işlənib. Məscid elektriklə işıqlandırılıb. Maketlərin hazırlanmasında kibrit çöpləri ilə yanaşı karton, qarğı və şüşədən də istifadə edilib.
Kibrit çöplərindən maket düzəltmək Sərvər Abdullayevin hobbisidir. Hələ uşaq vaxtlarından məftil, dəmir və taxta parçalarından avtomobil, idman avadanlıqları, müxtəlif əşyalar düzəldib. Bir neçə il əvvəl isə televiziyada kibritdən hazırlanan maket və fiqurları izləyərkən onda bu işə böyük maraq yaranıb. İlk əl işi isə xəyalında canlandırdığı ev olub. 16 min 450 ədəd kibrit çöpündən, qarğı və kartondan hazırlanan evin həyətində su quyusu, yelləncək, söhbətgah, ağaclar və sair düzəldilib.
Sərvərin əl işləri arasında Ağdam şəhərindəki məşhur “Çay evi”nin maketi daha çox maraq doğurur. Bu fiqurun düzəldilməsi üçün 11 min 750 kibrit çöpündən, dəmir, karton, taxta və şüşədən istifadə edilib. Beş aya başa gələn “Çay evi”ni anasının istəyi ilə ərsəyə gətirib. Bakı şəhərindəki Qız qalasının maketinə isə 12 min 690 kibrit çöpü işlənib.
Hazırda Bakı şəhərindəki Hökumət evinin maketi üzərində çalışan S.Abdullayevin ən böyük arzusu sərgi və müsabiqələrdə iştirak etməkdir.