“Yalan və böhtanla 4 aydır ki, nahaqdan həbsdəyəm…”


Memmed I

Məmməd İbrahimin məhkəməsində prokuroru niyə dəyişiblər?

AXCP sədrinin müşaviri Məmməd Ibrahimin məhkəməsi davam edir. Bu iş üzrə Nərimanov Rayon Məhkəməsində keçirilən dünənki iclasda məlum olub ki, dövlət ittihamını müdafiə edən prokuroru dəyişiblər. Fərahim Hüseynlini Rizvan Sultanov əvəzləyib. Məmməd Ibrahimin vəkili Yalçın Imanovun bu dəyişikliyin səbəbilə bağlı sualına məhkəmə prosesinə sədrlik edən hakim Turqay Hüseynov cavab olaraq bildirib ki, il dəyişəndə məhkəmələrdə dövlət ittihamçıları dəyişilir.

Amma Məmməd Ibrahim və vəkili yeni dövlət ittihamçısına etirazları olmadığını bildiriblər.

Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərdən Oruc Vəliyev dindirilib. O, bu məzmunda ifadə verib: “Sentyabrın 29-da axşam saat 7-8 radələrində metronun ”Nərimanov” stansiyasına yaxın, “Palatka çayxana” deyilən ərazidən keçən zaman 3-4 adamın bir-yerə toplaşdığını, ikisinin dalaşdığını gördüm. Dalaşanları ayırmaq istəyəndə onlardan biri sinəmdən bir yumruq vurdu. Söyüşlər söyürdü. Sonra məni bir nəfər qucaqlayaraq oradan araladı”.

Məmməd Ibrahimin üzünə duranın ziddiyyətləri

Bu qısa ifadədən sonra Oruc Vəliyev tərəflərin suallarını cavablandırıb. Dindirmə zamanı xeyli ziddiyyətlər ortaya çıxıb. Elə ona görə də vəkil cinayət işinin materiallarında olan ərizə və izahatın elan olunmasını istəyib.

Yalçın Imanovun suallarını cavablandırarkən Oruc Vəliyev bildirib ki, bu insidentdən bir gün sonra təkrar hadisə yerinə gəlib, dava edənlərin kimliyini soruşub öyrəndikdən sonra polisə ərizə ilə müraciət edib və oktyabrın 1-də də 18-ci polis bölməsində izahat yazıb. Hətta Yalçın Imanov ondan iki gün sonra niyə polisə müraciət etdiyini soruşanda deyib ki, “Məmməd Ibrahimin gəlib üzr istəməsini gözləyirdim”. Amma izahat elan olunandan sonra üzə çıxdı ki, bu sənəd sentyabrın 29-da yazılıb. Həmçinin istintaqi ifadəsində də göstərib ki, hadisədən az sonra həmin yerə polislər gəlib, Məmməd Ibrahimi polis bölməsinə aparıblar, özü də onlarla birlikdə bölməyə gedib və orada izahat verib.

Qeyd etdiyimiz kimi, vəkilin suallarına cavabda Oruc Vəliyev Məmməd Ibrahimin kimliyini olayın ertəsi gün təkrar hadisə yerinə gedib orada öyrəndiyini demişdi. Amma izahatda yazılıb ki, Məmməd Ibrahimin adını polis bölməsində əməkdaşlardan birindən öyrənib.

Məhkəmədə ifadəsində bildirib ki, dalaşanları ayırmaq istərkən Məmməd Ibrahim ona bir yumruq vurub, amma polisə ərizəsində göstərilib ki, ona bir neçə yumruq zərbəsi vurulub.

Vəkil Oruc Vəliyevdən bu qədər aşkar ziddiyyətlərə aydınlıq gətirməsini istəyib. O, bir çox suallara “xatırlamıram”, “yadımdan çıxıb” kimi cavablar verib və bunu illər öncə ağır avtoqəza keçirməsi, nəticədə 5-6 dəfə “narkoz” alması ilə izah edib. O həmçinin etiraf edib ki, izahatı da polis bölməsində özü yazmayıb, çünki latın qrafikasını bilmir. Izahatın sonundakı imza onun olsa da, orada yazılanları oxumayıb.

Yalçın Imanov həmçinin üzləşdirmə protokolunda vəkil qeydinin məhkəmədə elan olunmasını istəyib. Qeyddə yazılmışdı ki, üzləşdirmə zamanı Oruc Vəliyevin “mənə deyilənləri deyirəm”, “mən orada olmamışam” kimi bir çox ifadələrini müstəntiq protokola salmayıb.

Vəkilin zərərçəkmişə “sizin Məmməd Ibrahimlə barışmaq niyyətiniz varmı?” sualına Oruc Vəliyev “yox” cavabı verib.

Prokurorun “siz ifadələrinizin hansı təsdiq edirsiz – burada dediklərinidi, yoxsa istintaqa verdiyiniz ifadəni?” sualına isə “hər ikisini”, – deyə cavab verib.

“Bu adamı Məmməd Ibrahimin vəziyyətini ağırlaşdırmaq üçün işə qoşublar”

Yalçın Imanov əminliklə bildirib ki, bu şəxs ümumiyyətlə, hadisə yerində olmayıb, sadəcə, Məmməd Ibrahimin vəziyyətini ağırlaşdırmaq üçün onu da bu cinayət işinə zərərçəkmiş qismində qoşublar: “Biz əminik ki, bu şəxs polis bölməsinə heç də izahatda yazıldığı kimi hadisə baş verən gün yox, oktyabrın 1-də müraciət edib. Səbəb də odur ki, Məmməd Ibrahimə qarşı ittiham əvvəlcə başqa maddə ilə verilmişdi. Sonradan vəziyyətini ağırlaşdırmaq üçün bu adamları da ora zərərçəkmiş kimi əlavə ediblər. Bu şəxs ümumiyyətlə, hadisə yerində olmayıb”.

Məmməd Ibrahim özü də bildirib ki, Oruc Vəliyevi nə tanıyır, nə də üzləşdirməyə qədər görüb. Oruc Vəliyevin ona böhtan atdığını deyən AXCP funksioneri onun polisin ştatdankənar əməkdaşı olduğuna əminliyini vurğulayıb. Məmməd Ibrahim həmçinin bu cür yalan və böhtanlar üzündən dörd aydır nahaqdan həbsdə olduğunu bəyan edib.

Məhkəmənin sonunda vəkil Yalçın Imanov zərərçəkmiş şəxsin ifadələrində dərketmə və qavrama probleminin olması barədə etiraflarına əsaslanaraq, onun barəsində məhkəmə-tibbi ekspertizasının təyin olunmasına dair şifahi vəsatət qaldırıb: “Bu adamın ifadəsi əsasında hökm çıxarılacaq. Ona görə də mütləq sağlıq durumu yoxlanılmalıdır”.

Hakim bildirib ki, bu vəsatət yazılı verilməlidir. Yanvarın 22-də keçiriləcək növbəti məhkəmə iclasında vəkil vəsatəti təqdim edəcək.

Xatırladaq ki, Məmməd Ibrahim hadisədən bir müddət əvvəl AXCP-dən kənarlaşdırılmış Mikayıl Quliyevin şikayət ərizəsi sentyabrın 30-da həbs olunub.

Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd Ibrahimə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Bir müddət sonra daha Oruc Vəliyev və Məhəmməd Qurbanov adlı daha bir nəfər də zərərçəkmiş qismində peyda olub. Guya, Məmməd Ibrahim onları da vurub. Bununla da Məmməd Ibrahimə qarşı ittiham ağırlaşdırılıb. Hazırda o, CM-nin 221.2.2-ci maddəsilə ittiham olunur.

Aytən Məmmədova