Əli Kərimlinin bir bəyanatından təşvişə düşənlər

akarimli-2014Yaxud, Zahid Orucun bir barmağın kəssən…

Ölkəmiz ağır günlərini yaşayır. Qarşıda aclıq, səfalət, daha dərin böhran görünür. Belə bir vəziyyətdə hökumət real addımlar atmalı, vətəndaşı ölüm dalğasından xilas etməlidir. Amma həmişəki kimi boş vədlər, qeyri-adekvat fəaliyyət gözə çarpır. Təbii ki, yaranmış vəziyyət hamını narahat edir və vicdanı olan hər kəs həqiqətin yanında yer almağa çalışır. AXCP sədri Əli Kərimli də hakimiyyətə öz təkliflərini yazdı və böhrandan çıxış yollarını göstərdi. Yəni, həmişəki kimi Əli Kərimli haqlı tənqidlər, əsaslı təkliflər səsləndirdi. AXCP sədri “Meydan TV” yə müsahibəsində isə ölkənin məsuliyyətini öz üzərinə götürə biləcəyini, buna hazır olduğunu bildiridi.

Amma həmişəki kimi, Əli Kərimlinin fikirləri “yadplanetli”lərin boğazından keçmədi. Bəli, camaat ölkənin hayında, “Yeni Müsavat” isə Əli Kərimli dərdindədir. Belə ki, medallı redaktorun komandası Əli Kərimli dərdlərini götürüb, deputat Zahid Orucun üstünə gedib. Elə həyəcanla gedib ki, sanki devalvasiyanın günahkarı, offşorlara pul daşıyan, qiymətləri kəskin artıran, xalqa vəd verib aldadan Əli Kərimlidir.

“Yeni Müsavat” yazır ki, Əli Kərimlinin fikirləri rişxəndlə qarşılanır, hamı onun iddialarına gülür və.s

Bəlkə də haqlıdılar. Əli Kərimlinin təklifləri camaatın təbəssümünə səbəb olacaq təkliflərdi. Çünki, bu təkliflər dəyərləndirilsə, vətəndaşın yükü azalar, mənfəəti artar. Belə bir adamın məsuliyyəti öz üzərinə götürə biləcəyi də cəmiyyəti sevindirən haldır. Amma camaat çoxdandır ki, “Yeni Müsavat”a gülə bilmir. Çünki, mənəvi xəstəliyə tutulmuş adamlara gülməzlər. Allah bütün xəstələrə şəfa versin.

“Yeni Müsavat”ı öz xətəliyi ilə baş-başa buraxıb, millətimizin «vəkili» Zahid Oruca keçək. Bəli, Zahid Oruc da medallı redaktorun səsinə səs verərək, Əli Kərimli dəryasına baş vurub. Deyib ki, Əli Kərimlinin arxasında elektoratı yoxdur, Əli Kərimli fürsətdən sui-istifadə edir, hakimiyyətə gəlmək istəyir, heç kim onu ciddi qəbul etmir və s. Hətta padşahın xoşuna gəlmək üçün “Əli Kərimli İlham Əliyevin dırnağı da ola bilməz” deyib.

Bəli, bu həmin Zahid Orucdur ki, Avropa Məhkəməsi onun təyinatlı deputat olduğunu təsdiqləmişdi. Belə ki, Zahid Oruc AXCP Rəyasət Heytənin üzvü Nemət Əliyevin haqqını oğurlamışdı.

Göründüyü kimi hökumətin sözçüsü olan Zahid Oruc AXCP-nin namizədi qarşısında kəllə-mayallaq olub. Bu həm də AXCP-yə olan rəğbətin, kimin hansı elektorata malik olduğunun nümunəsidir. Onu da yadınıza salaq ki, Zahid Oruc sonuncu parlament seçkilərinə “Oruc Ramazandan sonra başlar” şüarı ilə getmişdi. Amma məlum olan budur ki, bu adam ilin 12 ayın oruca xəyanət edir. Yəni, Zahidin barmağın kəsməsələr də, bütün fəaliyyətini batil edib.

Ramazandan sonra oruc tutan deputata xatırlatmaq istəyirik ki, artıq hökuməti müdafiə etmək üçün heç bir tutacaq qalmayıb. Analoqsuz inkişaf “brak” çıxıb. Heç olmasa prezidentin sözünə qulaq asıb, yavaşlasın. 10 ay ərzində milli valyuta çiliklənib, çörəkdən tutmuş, kortofa qədər bütün zəruri məhsulların qiyməti qalxıb, korrupsiya, monopiliya hələ də hökumətin çəliyi rolundadır, son 10 ildə ölkədən 95 milyard pul oğurlanıb. Faktiki olaraq hökumət vəziyyəti xilas etmək üçün heç bir real addım atmır. Bütün bunlardan sonra hökumətin müdafiəsinə qalxıb, müxalifəti daşlamaq mənəvi devalvasiyadan xəbər verir.

Təklif edirik ki, mandata keşik çəkən deputatımız sosial şəbəkələrə nəzər salsın və xalqın hökumət komandasına necə nifrət etdiyini əyani şəkildə görsün. İstənilən hökumət təmsilçisinin fotosunu paylaşmaq kifayət edir ki, altından minlərlə rəngarəng şərhlər peyda olsun. Eyni zamanda Əli Kərimlinin və digər müxalifət funksionerlərinin səhifələrinə də nəzər salın və insanların reaksiyasına şahidlik edin.

O ki, qaldı İlham Əliyevin dırnağı olmaq məsələsinə, Zahid müəllim haqlıdır. Əqidəsinə sadiq qalanlar, prinsiplərinə xəyanət etməyənlər, şərəflə yaşamağı alternativsiz hesab edənlər heç vaxt dırnaq olmur. Yaltaqlar, dünya malına satılanlar isə ylanız dırnaq olmaq üçün mövcuddurlar.

Əksinə, bu hökumət Əli Kərimlini ləkələmək, cəmiyyətdə çaşqınlıq yaratmaqla ətlə dırnağın arasına girir. Əgər Əli Kərimlinin ictimai dəstəyi olmasaydı, hökumət seçkiləri saxtalaşdırmaz, AXCP-nin qəraragahını partlatmaz, 10 nəfər cəbhəçini şərləyərək həbsə atmaz və gecə-gündüz əlində olan resurslarla anti-Kərimli kampaniyası aparmazdı.

Əgər özünüzə bu qədər arxayınsızınsa, canlı yayımla efir təmin edin və kimin kim olduğunu cəmiyyət görsün. Eyni zamanda xalq şahid olsun ki, suallar qarşısında aciz qalan, cavabları qeyri-ciddi olan kimdir.

Nəhayət, Əli Kərimli “məsuliyyəti üzərimə götürməyə hazıram” deyəndə seçki təbliğatı aparmayıb, hakimiyyətə gəlmək üçün çağırışlar etməyib, hakimiyyətə çıxış yolu göstərib. Yəni, “mən edirəm” deməyib, “siz edin” yazıb. Amma o da həqiqətdir ki, siz bunu etmək iqtidarında deyilsiz və nəticə etibarilə bunu real müxalifət edə bilər.

Cənablar, “çıxış yolu”nu qapatmaq yox, göstərilən yoldan giriş eləmək lazımdır. Əli Kərimli böhranın səbəblərini, nəticələrini və həl yollarını göstərdi. Siz isə ancaq Əli Kərimlini göstərməklə kifayətlənirsiniz. Bəli, “böhran keşikçisi” rolunda çıxış edən “Yeni Müsavat” və Zahid Oruc “missiya”nı beləcə davam etdirirlər. Bütün bunlar isə məsuliyyətdən qaçmağa hesablanıb. Hamının məsuliyyətdən qaçdığı vaxtda məsuliyyətə doğru qaçmaq qəhrəmanlıq tələb edir. Əli Kərimli də hakimiyyətin məsuliyyətdən qaçdığını görür və məsuliyyəti üzərinə götürə biləcəyini söyləyir. Buna görə təşvişə düşmək yox, sevinmək lazımdır.

İlham Hüseyn