Əliyev böhrandan çıxış üçün hansı tapşırıqları verdi?

aliyev_musavire2“İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər”.

Bunu ölkə başçısı İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıdır: “Hələ ki, Azərbaycan özünü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilməyib. Ancaq Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalı, çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır”.

Prezident İlham Əliyev Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transfertlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsinin gücləndirilməsi və idxal-ixrac əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı da tapşırıqlar verib.