Düşəcəyin mənzil –
dəmir barmaqlıqlar arasında
paslanmış quş qəfəsi,
isinəcəyi
bir qanı qaçmış məhbusun
güclə gedib-gələn
yazıq nəfəsi…
Neftin adlı-sanlı vaxtlarında canımızı o qədər yandırdılar ki, onun qiyməti də dözmədi, 120 dollardan düşüb gəlib durdu 32 dolların üstündə. Amma o dəyərsizləşən neftin ağrı-acısını da yenə ölkə insanının çiyninə yükləyirlər. Dünyanın düz vaxtı bir gün görməyən tərəzinin əyilən vaxtı nə gün görəcək ki… Hərçənd biz heç tərəzinin doğru çəkdiyi zamanı da xatırlamırıq. “Qara qızıl”ın adı ortaya gələndən günümüz qara əskiyə düyülüb qalıb. Iyirmi iki ildir də o düyünü açıb bir yana çıxa bilmirik. Yay-qış vətəndaşın canı yanır. Isti-soyuq vətəndaşın qanı donur. Hələ bu zülmü evinin içində yaşamağın bir təhəri var. Qisasçıların ürəyi soyumur, günahsız yerə həbsxanaya saldıqları insanlarımıza orda da ikiqat əzab verirlər. Işgəncənin buynuzu olmur ki? Gah qazı, gah işığı, gah suyu kəsib yanvar günü dustaqları kamerada dondurursan olub bitir…
Günlərdir məşhur 13 saylı cəzaçəkmə müəssisəsindən haray səsi qalxır. Orada ən tanınmış məhbuslarımızdan 7 nəfərin saxlandığını bilirsiniz. Həmin siyahıya vicdan məhbuslarından Tofiq Yaqublu, Anar Məmmədli, Ilkin Rüstəmzadə, Fərəc Kərimli, Əbdül Əzimov, Pərviz Həşimli və keçmiş Səhiyyə naziri Əli Insanov daxildir. Görünür, belə “dikbaş”, “dilinə yiyəlik etməyən” adamlardan ayrı-ayrılıqda qisas almağın hay-küyü çıxar deyə, bu yolu seçiblər. Bunlar öz primitiv düşüncələrinə ancaq belə “sivil” don geydirə bilərlər. Bunlar ancaq öz qeyri-insani əməllərinə etiraz edən qürurlu insanlardan belə cılız qisas almaq niyyətinə düşə bilərlər. Bunların əlindən gələn, bacarıq dairələrinə daxil olan, qabiliyyətlərinin çatdığı mübarizə metodları bundan irəli gedə bilməz. Hələ rəsmi şəxslər qırmızı-qırmızı üzə dirənib, deyirlər ki, arada qısa fasilə olur, amma ümumilikdə heç bir narahatlıq yoxdur. “Azəriqaz” isə belə məhdudiyyət və problemin olmadığına and-aman edir.
Amma şübhəsiz ki, əsl hal şahidi illərdir orda saxlanıb işgəncə verilən Tofiq Yaqubludur. Məlumatları da onun qızı Nigar yayır. Və şübhəsiz ki, haqsızlığa qarşı çıxdığına, prinsiplərinə xəyanət etmədiyinə, zalımın qarşısında əyilmədiyinə görə illərdir həbsdə yatan Tofiq bəyə inanır hər kəs. Hər kəs həyatından böyük qurbanlar verən, bu ölkənin qara taleyini öz taleyi kimi yaşayan və yoluna dönük çıxmayan o insana inanır. Inanıram ki, yanındakı bütün əqidə insanları ilə bərabər o da bu əməllərinin ağrısını çəkir. Bu, Azərbaycan kimi ölkələrdə özünə, ləyaqətinə, şəxsiyyətinə hörmətlə yanaşan insanlara verilən cəzadır. Bunu azadlıq və ədalət davamızın hesabı saysaq da, adı cəzadır. Çünki o cəzanın ağrısını hər kəsdən artıq çəkən bilir. O yaşantının, o məhrumiyyətin, o yükün acısını hamıdan çox ürəyində daşıyan hiss edir.
Orda, 13 saylı cəzaçəkmə müəssisəsində soyuqdur deyirlər. Necə soyuq olduğunu hiss etmək çətin deyil. Çünki indi bütün Azərbaycana soyuqdur. Indi bütün ölkənin qanı donub. Bütün həyat damarları sırsıra bağlayıb bu məmləkətdə. Amma orda hava bir başqadır. Orda üşüməyin çıxılmazlığı, ağırlığı, əlacsızlığı, xəstəliyi var. Türk şairi Orxan Vəli bir şeirində deyir: “Nələr etmədik bu vətən üçün, kimimiz öldük, kimimiz nitq söylədik…” Indi biz burda nələrsə yazırıq. Ancaq əsl yazılar və tarix orda yazılır. Sizin haqqınızın əvəzi yoxdur, şübhəsiz. Ölkəni dəyişəcəyik. Bunun şübhəsi yox. O zaman kimsə üşüməyəcək. Heç həbsxanalarda da…