Bahalı dövlət aparatı, bir-birini təkrarlayan idarələr niyə ixtisara salınmır?
2015-ci il Azərbaycan iqtisadiyyatı üçün böhran ili oldu. Manatın 2 dəfə devalvasiyası iqtisadiyyata sarsıdıcı zərbələr vurdu. Nəticədə xeyli sayda iş yerləri bağlandı, sahibkarlıq riskli və sərf etməyən sahəyə çevrildi.
Eyni zamanda əhalinin alıcılıq qabiliyyəti gözlə görünən dərəcədə aşağı düşüb. Amma ölkəni bürüyən və gütdikcə dərinləşən böhranın qarşısını almaq üçün hökumət hansı önləyici tədbirlər görür. Müşahidələrimiz onu deməyə əsas verir ki, gərəkli anti-böhran addımları, demək olar, atılmayıb. Hökumət yalnız keçən il 2016-cı ilin büdcəsini qəbul edərkən iri investisiya layihələrini ixtisara salmaqla öz işini bitmiş bildi. Amma bu kiçik addım böhrandan çıxmaq üçün yetərli deyil. Halbuki, daha böyük ixtisarlara gedilməli sahələrə, ümumiyyətlə, toxnulmur.
Bakı böhran ilində yenidən bahalı yarışa hazırlaşır
Bunlar sırasında ilk olaraq Azərbaycanın keçirməyi üzərinə götürdüyü beynəlxlq yarışlardan gedir. Hazırda paytaxt küçələri “Formula-1″ yarışının keçirilməsi üçün yenidən qurulur. Bu məqsədlə, demək olar, mərkəzi küçələrdəki tam yeni asfalt sökülərək yenidən döşənir. Böhran zamanı, xərclərin minimuma endirilməsinin tələb olunduğu bir zamanda bu cür layihədən imtina edilməməsi anlaşılmır. Bu yarış yalnız yolların yenidən qurulması istiqamətində deyil, digər xərcləri də Azərbaycanın üzərinə qoyacaq.
Bir-birini təkrarlayan dövlət qurumları
Daha böyük xərc aparan və büdcə üçün ağırlıq təşkil edən dövlət aparatıdır. Indiyədək ekspertlər struktur islahatlarının aparılmasının vacibliyinə, çevik idarəetmə sisteminin qurulması məsələsinə dəfələrlə toxunsalar da, hökumət bunun üzərindən sükutla keçirdi. Azərbaycanda bahalı neft dövründə şişmiş dövlət və hökumət aparatı formalaşmışdı. Ölkədə dövlət idarələrinin sayı nazirliklər və dövlət komitələri ilə birlikdə 45-ə çatmışdı. Eyni zamanda onların tərkibində şişirdilmiş, “ölü ştatlar” mövcud idi. Hazırkı durumda dövlət strukturlarında islahatların aparılması məcburi xarakter alıb. Paralellik təşkil edən bir neçə dövlət qurumu var. Azərbaycan hökuməti və Prezident Administrasiyası var. Həm hökumətdə, həm də administrasiyada bir-birini təkrarlayan strukturlar var. Məsələn, hökumətdə Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət göstərir, paralel olaraq Prezident Administrasiyasında kənd təsərrüfatı ilə bağlı şöbə mövcuddur. Onların hamısı bir-birinin işini təkrarlayan strukturlardır. Bundan başqa, tikinti ilə məşğul olan onlarla dövlət qurumları çalışır. Bu xərclərə hər il dövlət strukturlarında çalışanların avtomobil parkının yenilənməsini də ayırd etmək lazımdır.
Azər Mehtiyev: “Ümmumiyyətlə elə qurumlar var ki, onların fəaliyyətinə, ştat cədvəllərinə yenidən baxılmlıdır”
Iqtisadçı Azər Mehtiyevin fikrincə, iqtisadiyyatı bürümüş böhrandan yalnız xərcləri ixtisara salmaqla qurtarmaq çətin olacaq. Böhranın qarşısının alınması üçün sistemli tədbirlərin həyata keçirilməli olduğunu deyən A.Mehtiyev vurğuladı ki, bu istiqamətdə həm strateji, həm də taktiki addımlar atılmalıdır: “2016-cı ildə atılmalı ən vacib addım büdcə gəlirlərinin təmin edilməsi və xərclərin optimallaşdırılmasıdır. Büdcə xərclərinin optimallaşdırılması deyəndə söhbət ilk növbədə indiyə qədər şişirdilmiş lazımsız xərclərdən gedir. Bura dövlət qurumlarının ixtisar edilməsi də daxildir. Ümumiyyətlə, elə qurumlar var ki, onların fəaliyyətinə, ştat cədvəllərinə yenidən baxılmalıdır. Bu sahədə ciddi ixtisar həyata keçirilməlidir. Dövlət hesabına reallaşdırılan investisiya layihələrinin daha da optimallaşdırılması, xərclərin şişirdilmiş deyil, daha real tərtib olunmasına ehtiyac var”.
A.Mehtiyev vurğuladı ki, eyni zamanda dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq artırılmalıdır. Çünki indiyə qədər Azərbaycanda iri dövlət şirkətlərinin xərclərinin optimallaşdırılması aparılmayıb: “Ən vacib məqamlardan biri də ölkə üçün əhəmiyyət daşımayan idman layihələrinin dayandırılmasıdır. O sıradan dövlət təşkilatları üçün tikilən ofis binaları ilə bağlı xərclərə yenidən baxılması, zərurət olmadığı halda hər hansı yeni binaların tikilməməsi çox vacibdir. Bundan başqa, onlardan bəziləri, ümumiyyətlə, özələşdirilməlidir”.
A.Mehtiyevin fikrincə, builki büdcədə mütləq sosial müdafiə tədbirlərinin gücləndirilməsinə ehtiyac var. “Amma hələ ki, hökumət məhdudlaşdırıcı tədbirlər həyata keçirir ki, bu da böhranın qarşısını alan yox, onu dərinləşdirən addlmdır”, deyə A.Mehtiyev vurğuladı.
Xəyal