Yaxud, «Azərbaycan» qəzetinin mürəkkəbləşdirdiyi sadəlik
Ölkədəki reallıqdan yazmağa tövbə etmiş, tənqidə “sanksiya” qoymuş, yalanlara meydan vermiş “Azərbaycan” qəzeti yenə də “Azadlıq”ın üstünə hoppanmaq istəyib. Belə ki, “Azadlıq” qəzetində “Azərbyacan iqtisadi artımda Ermənistandan da geri qalır” başlıqlı yazı dərc olunmuşdu. Sən demə bunu yazmaq erəməniləri sevindirmək, savadsızlıq, qərəz imiş. Təbii ki, biz bu məlumatı Dünya Bankına istinadən vermişdik və “Azərbaycan” qəzeti də bu qurumun proqnozuna cavab verə bilməyib. Sadəcə olaraq həmişəki kimi “Azadlıq”a daş atmağa fürsət tapıblar. “Azadlıq”a həsr olunmuş məqalənin başlığı isə belədir: “Çox az az çoxdan çoxdur, amma ”Azadlıq” qəzeti bu sadə hesabı da bilmir”.
Əvvəla, qeyd etmək istəyirik ki, hamının bildiyi həqiqəti gizlətmək mümkün deyil. Bu məlumat dünyanın hər yerində yayılıb, Azərbaycanda isə sosial şəbəkələr bu xəbərlə çalxanır. Yaxşı olar ki, “Azərbaycan” qəzeti bu sadə həqiqəti də dərk etsin. Üstəlik, hamı bilir ki, Ermənistannın milli valyutası olan dram 1.9 faiz, Azərbaycan manatı 100 faiz devalvasiyaya uğrayıb. Eyni zamanda Ermənistanda orta aylıq əmək haqqı 385, Azərbyacanda 298 dollardı və bu statistikanı da hamı bilir.
Ikincisi, niyə “Azərbaycan” qəzeti “ÜDM-in artımına görə dünyada birinci yerdəyik”, “Iqtisadi artım tempinə görə liderik” yazanda əsl mahiyyəti gizəldirdilər? Niyə aydınlıq gətirmirdilər ki, bu “artım”ın arxasında nə dayanır? Yəni, “Azərbaycan” qəzeti uzun illərdi ölkə vətəndaşını aldatdığını unudub, “Azadlıq”ın Dünya Bankına istinadən verdiyi məlumata darışıb. Hansıki, uzun illərdi neft pullarının artdığını “iqtisadi inkişaf”, ÜDM-in inkişafı kimi təqdim ediblər. Reallıq isə budur ki, bu gün Azərbaycanın neftsiz büdcəsi Gürcüstanın büdcəsindən azdır, ölkənin 25 milyard xarici borcu var, 2.6 milyon vətəndaş kredit əsarətindədir, milli valyuta 10 ayda 100 faiz dəyər itirib və ölkə böhranla üz-üzə qalıb.
Demək istəyirik ki, əslində indi elə bir mərhələ yetişib ki, “Azərbaycan” qəzeti abırına qısılıb, susmalıdır. Dünənə qədər xalqa “analoqsuz inkişaf” kimi təqdim etdikləri, “analoqsuz tənəzzül” çıxıb.
Guya, “Azərbaycan” qəzetində məskən salanlar ölkədəki korrupsiyadan, talançılıqdan, ədalətsizlikdən, hüquqsuzluqdan bixəbərdi. Xeyr, sadəcə olaraq “Azərbaycan” qəzeti baş readaktorun da dediyi kimi həmişə yuxarıdan siqnal gözləyib və yuxarının sifarişini tirajlayıblar. Indi uzun illər xalqa yalan paylayanlar, həqiqət yayanların “yalanını” çıxarmaq istəyir. Ölkədə monopoliya at oynadır, bütün məhsulların qiyməti kəskin qalxıb, adamalrın sabaha ümidi qalmayıb, bunlar hələ də həqiqətləri gizlətmək üçün tər tökürlər.
Yaxşı olar ki, “Azərbaycan” qəzeti bizə “Çox az az çoxdan çoxdur” hesabını öyrətmək əvəzinə, “çoxu aza çevirib, azı çox kimi” təqdim etməyin məsuliyyətini dərk etsin. Bəli, son 10 ildə ölkəyə 140 milyard neft pulu gəlib və bu olduqca ciddi rəqəmdir. Amma əzəmətli hökumətimiz bu çox olanı necə azaldıbsa, indi büdcəmizdən cəmi 15 milyard boylanır. Son 10 ildə ölkədən 95 milyard vəsait çıxarılıb, dünyanın müxtəlif yerlərində iqamətgahlar alınıb, biznes imperiyaları qurulub, ölkə məmurlar arasında bölünüb və s. Beləliklə, çoxu az etməyi bacarıblar. Amma həmişə xalqa azaltdıqlarını çox kimi təqdim ediblər.
Nəticə isə budur ki, ölkədə heç bir real sektor inkişaf etdirilməyib. Ölkə idxaldan asılı vəziyyətdədir, hətta diş çöpünü də xaricdən gətiririk.
Başa düşürük ki, utanmayanda oynamaq asan olur. Amma heç olmasa ritmik havalar oynamayın. Vallah ayıbdır, çoxu yox edib, yoxdan çox düzəltmək mümkün deyil. Hər şey çox sadədir, bu qədər mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Fakt budur ki, yarıtmaz siyasət ölkəni Ermənistandan da pis vəziyyətə salıb. Erməniləri kimlərin sevindirdiyi, ermənilərin nələrə sevindiyi aydın görünür. Zəngin bir ölkəni, yoxsul Ermənistan səviyyəsinə saldınız və ermənilər bundan məmnundur.
İlham