Əkrəm Həsənov: «Bank müştəriləri, ilk növbədə əmanətçilər ehtiyatlı olmalıdır»
Oqtay Haqverdiyev: «Bankların bu böhrandan çıxması üçün likvidlik artırılmalıdır»
Yanvarın 6-da Mərkəzi Bankın kommersiya banklarına verdiyi səlahiyyət bu sahədə yeni durum yaradıb. Ekspertlər daha bir məqama diqqət çəkiblər. Belə ki, Mərkəzi Bankın “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklər qüvvəyə minib.
Dəyişikliklərə əsasən, bundan sonra banklar verdiyi kreditlər üzrə daha az ehtiyat yaradacaq”. Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov öz feysbuk səhifəsində yazıb ki, bundan sonra qeyri-qənaətbəxş kreditlər (yəni ödənişi 180 günədək gecikdirilən) üzrə 30% əvəzinə 25%, təhlükəli kreditlər (yəni ödənişi 270 günədək gecikdirilən) üzrə 60% əvəzinə 50% ehtiyat yaradılacaq. Məsələn, tutaq ki, bank cəmi 300 mln. manat kredit verib. Onun 100 mln. manatının qaytarılması 180 günədək, 100 mln. manatının qaytarılması isə 270 günədək gecikdirilir. Indiyədək bank bu halda 90 mln. (30+60) manat ehtiyat yaratmalı idi. Bundan sonra isə cəmi 75 mln. (25+50) manat ehtiyat yaradacaq: “Onu da xatırladım ki, fevral devalvasiyasından sonra Mərkəzi Bank sözügedən Qaydalara artıq iki dəfə (ötən ilin 7 mart və 9 oktyabr tarixlərində) dəyişiklik etmişdi. Həmin dəyişikliklər də banklara kreditlər üzrə daha az ehtiyat yaratmaq imkanı vermişdi. Görünən odur ki, həmin tədbirlər kifayət etməyib və bankların problemli kreditlərinin həcmi o qədər artıb ki, onlar üçün kifayət qədər ehtiyat yaratmağa qadir deyillər. Başqa sözlə, kapitalları çatışmır, pulları yoxdur. Buna görə də Mərkəzi Bank bu dəyişikliyi məhz indi edib ki, bankların 2015-ci ilin nəticələri üzrə hesabatları (bu günlərdə açıqlanmalı olan!) əhalini, ilk növbədə əmanətçiləri qorxutmasın. Məsələ burasındadır ki, ehtiyatlar kapitalı azaldır. Indi isə banklar hesabatlarında ehtiyatlarını azaldaraq, kapitallarının nisbətən qənəatbəxş olduğunu nümayiş etməyə çalışacaqlar”.
Ekspertin sözlərinə görə, MB bank nəzarəti tələblərini ona görə yumşaldır ki, bankların acınacaqlı vəziyyətini pərdələsin. Nəticədə əhaliyə yanlış məlumat ötürülür ki, guya hər şey normaldır: “Bank müştəriləri, ilk növbədə əmanətçilər bundan nəticə çıxarmalıdır. Ehtiyatlı olun! Onu da unutmayın ki, bu dəyişikliyi edən Mərkəzi Bank artıq xeyli müddətdir ki, bir neçə bank tərəfindən əhalinin əmanətlərinin qaytarılmamasına da göz yumur, həmin banklara nə kömək edir, nə də lisenziyasını geri alır. Bir sözlə, devalvasiyanın ikinci dalğasından sonra Mərkəzi Bank bankların çaldığı havanı oynayır və əhalini təhlükə altına qoyur…”
Yaranmış vəziyyət əslində bank sektoru üçün dağıdıcı ola bilər. Çünki problemli kreditlərin artması bankların vəziyyətin ağırlaşdırıb. Məhz bu üzdən banklar əmanətçilər qarşısında öhdəliklərini icra edə bilmirlər.
Iqtisadçı Oqtay Haqverdiyev bildirdi ki, banklardakı əmanətlər 30 minə qədər sığortalanıb. Yəni əmanətçinin bankı bağlansa belə, dövlət bu məbləği kompensasiya edə biləcək: “Amma ümumilikdə bank sektorunun bu gün ciddi problemləri var. Banklar bu böhrandan çıxması üçün likvidlik artırılmalıdır. Bununçun dövlət konkret addımlar atmalıdır”.
Bankların bağlanmasına gəlincə, bunun həmişə gündəmdə olduğunu deyən O.Haqverdiyev vurğuladı ki, amma hər bir bankın öz “krışası” olduğundan bunu reallaşdırmaq çətindir: “Azərbaycanda on beş bankdan çox olmamalıdır. Hərə özünə bir bank açıb bütün əməliyyatları da onun vasitəsilə həyata keçirir ki, heç kəs bilməsin”.
Xəyal