Səsin və sözün əbədiyyəti

 

ennagi_hacibeyli

Ənnağı Hacıbəyli

Çoxdandı ondan nəsə yazmaq istəyirdim. O yeganə adam və mövzudur ki, ondan yazmağa cəsarətim çatmırdı. Heç vaxt belə aciz olmamışam. Onun sənəti mənim üçün hətta mövzu kimi də əlçatmaz görünüb. Onun sənətinə layiq nəsə yazmağa özümdə güc tapmırdım. Ancaq əmin idim ki, nəsə yazmalıyam. Uzun illərdi ki, ona qulaq asıram, onun kamil sənətindən zövq alıram. Bir borcum olduğuna görə, nəhayət, cəhd elədim. Bəlkə də istədiyimə nail ola bilməmişəm. Kasıbın olanından…

Yunan filosoflarından fərqli olaraq Qədim Şərq filosofları və onların ardıcılları ideyalarla yanaşı ustadlarının şəxsi əşyaları ilə də maraqlanırdılar. Onlar üçün bu əşyalar sadəcə maddi aləmin adi predmetləri deyildi. Bu əşyalar artıq müqəddəsləşib gündəlik istifadə sferasından çıxmışdı. Bununla yanaşı bu əşyalar insan düşüncəsinin ənginliklərində var olaraq yaradıcı-izahedici təsirini saxlayırdı. Insan düşüncəsinin belə predmetli fəaliyyəti insanı həyatın sonsuz çevrilmələr silsiləsinə bağlayırdı.

Qədim Çin fəlsəfəsinin atası Konfutsinin şagirdlərinin düşüncəsinə görə, xalat insan bədənində yeni keyfiyyət əldə edir, həm də bədənə yeni keyfiyyət gətirir. Özlüyündə heç nə ilə fərqlənməyən səs musiqi əsərində bir məqama çevrilərkən dərin məna qazanır.

 

Azərbaycan muğamları səsin, sözün və musiqinin vəhdətidi. Adi, yavan səs, yüngül söz bu vəhdəti pozur. Muğamlara qulaq asanda fikir verin: hər oxuyan Füzuli zirvəsində, Seyid Əzim ucalığında dayana bilmir. Əksəriyyət yaxın zamanların təpələrində dolaşmaqla gününü keçirir. Hər alpinist zirvəyə çıxa bilmədiyi kimi, hər oxuyan da yüksəkliyə qalxa bilmir. Yüksəklik yüksək istedad tələb edir.

Muğam əruzun boyuna biçilib, əruza köklənib. Muğam qoşmada cılızlaşır, primitivləşir, zəngulələr, boğazlar təkrarlanır, bütün ölçülər dağılıb gedir.

Muğamı duymaqda çətinlik çəkirsənsə, onun rənglərinə qulaq as. Bu, o qədər də çətin deyil. Şöbələri bir-birindən ayıran bu musiqi parçaları o qədər dəqiq yerləşdirilib ki, məhz bu yerdə məhz bu rəngdən başqasını təsəvvür eləmək mümkün deyil. Rənglər şöbələri elə incəliklə yekunlaşdırıb yenisinə keçid eləyir ki, bu bağı qırmaq zamanın zəncirini qırmaq qədər mümkünsüz görünür. Özəlliklə “Bayatı-Şiraz”da. Onun rəngləri dünyanın bütün rənglərini, səslərini ağuşuna alıb. Bu rənglərin hər biri bir simfoniyadı, bitkin bir əsərdi. Ya da “Heyratı”ya qulaq verin. Bir kiçik ritmik muğamda nə boyda cəngavərlik, nə qədər zənginlik, səs, mövzu, çalar var. Onun bitməz-tükənməz qatlarında yüzlərlə yeni əsərlər yatır – yüz illər sonra kəşf ediləcək əsərlər…

Azərbaycan dünya mədəniyyətinə çox töhfələr verib. Məncə, bunların ən önəmliləri bayatılar, saz və muğamlardı.

Muğam əsrlərin əsəridi. Şərq tarixinin çeşidli dini-siyasi-fəlsəfi cərəyanları, özəlliklə sufizm onun formalaşmasında, cilalanmasında önəmli rol oynayıb. O daha çox söz vasitəsilə muğamlara nüfuz etsə də, bütövlükdə muğamın ruhunda da sezilir. Nəsimi, Füzuli, Seyid Əzimin muğamlarında bu təsir açıq-aşkar görünür. Sufizm əslində ortodoksal islamın ehtiyatlı inkarı, insanı kamilliyə çağıran fəlsəfi cərəyan idi. Sufizmə görə, mistik özünükamilləşdirmə yolunda ilk mərhələ şəriət, son mərhələ həqiqətdir. Şəriətdən həqiqətə mənəvi gediş yoluna təriqət, bu yolun üstündəki dayanacaqlara məqam deyilir. Həqiqətə çatmaq üçün şəriətə əməl etmək vacib deyil, əqidə sərbəstliyi hər şeydən üstündür. Təriqət hallar və məqamlar silsiləsinin vəhdətindən yaranır. Məqam sufinin çatmaq istədiyi kamillik mərtəbəsidir, hal məqamları tamamlayan, yolçunu yeni məqamlara hazırlayan, sonda haqqa qovuşduran ilahi vergidi. Təsəvvüf yolçusunun son məqsədi haqqa qovuşmaqdır. Hər bir hal həqiqətin cəhətlərini aşkara çıxarır. Məhəbbətin sonu eşqdir, eşq ifrat məhəbbətdir. Aşiq məşuqa eşq ilə çata bilər, məşuqu eşqin qədərincə görə bilər.

Muğam eşqdir – insana, insanlığa, gözəlliyə, kamilliyə olan eşq. Eşqsiz həyat yoxdur. Hətta uca göylərin mehrabı da eşqdir. O elə bir fəzilətdir ki, ancaq duyanı daxili-əhli-kəmal eylər. Ilahi eşqdə can sevgisi yoxdur: “Canı kim cananı üçün sevsə cananın sevər, Canı üçün kim ki, cananın sevər, canın sevər”. Eşq hər şeyin açarıdı: “Bieşq kimsə anlamayıb sirri-xilqətin”. Sən eşqə sadəcə şəhvət kimi baxırsansa, onun ilahi mərtəbəsinə boylananda gözlərin qaralırsa, ey qafil, Leyla sənin üçün həzrəti-Leyla ola bilməz: “Olmasan badiyeyi-eşqdə Məcnun əgər, bilməsən hiç ki, sən, həzrəti-Leyla kim idi?”

Fikir vermisinizmi, heç kim muğam üstündə Sabirin “Artdıqca həyasızlıq olur el mütəhəmmil, hər zülmə dözən canları neylərdin, ilahi?” acısını oxumamışdı. Çünki muğamın fəlsəfəsinə vaqif olmaq hər kişinin işi deyil. Muğamın dərinlikləri, rəngləri, onun sonsuz qatlarında yatan sərhədsiz imkanlar hələ sonacan dərk edilməyib. Bunun üçün musiqi ilə yanaşı gərək sözün də bilicisi olasan. Gərək dünənlə, bu günlə, sabahla yaşamağı bacarasan. Gərək fani dünyanın adlarının, şöhrətinin, maddi qazanclarının keçiciliyini, faniliyini, əbədiyyət üçün vız gəldiyini anlayasan. Anlayasan və nəticə çıxarasan. Papağını qabağına qoyub bu səri-çeşmənin haçan, hardan bulandığını, kimə tabe olduğunu, bir zamanlar sənə kimin mövla olduğunu dərk edəsən.

Sabirin acı satirasını incə, zərif, şirin, eyni zamanda üsyankar muğama o adam gətirə bilərdi ki, o, şöhrətin zirvəsindən bu fani dünyaya baxanda gözəlliklərlə yanaşı toplumun gerçək durumunu da görə bilir və çoxlarından fərqli olaraq bu duruma hayqırmaqdan çəkinmir.

Muğam kimsənin təsəvvürü boyda deyil, onun məna zənginliyi kainat qədər geniş, sirli və əbədidi. Onu hər dəfə dinləyəndə nəsə yeni bir gözəllik tapa bilmirsənsə, deməli, sən tükənmisən, muğam sənin üçün, sənsə muğam üçün bitmisən.

Muğam diringi deyil, muğam dərrakə tələb edən ilahi sədadı. Gündə bircə dəfə, heç olmasa ömründə bir yol ona ibadət eləyə bilsən, bəşəri yaşamın son məqamına – kamilliyə doğru ən azı bir addım ata bilərsən. Sonra ikinci, üçüncü addım. Muğam səni ağuşuna aldıqca fikrin aydınlaşacaq, zənginləşəcəksən, durulacaqsan, yenidən diriləcəksən…

Füzuli dəryasına baş vurmaq fövqəladə dərəcədə çətindi, bəlkə də mümkünsüzdü. Çünki onu sonacan dərk eləmək bir insan, bir peşə, bir ömür çərçivəsində mümkün deyil: “Sirri-qeybi nə bilir kimsə xudadən qeyri”. Füzulinin kimliyini özündən başqa kimsə bilə bilməz, bilsə də izah edə bilməz: “Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim, Bir hübabəm ki, həvadən doludur pirəhənim”.

Yaşım çatan qədər deyə bilərəm ki, xanəndələr arasında bu dəryada batmayan iki adam tanıyıram – Hacıbaba və Alim. Onlar Füzulidən, Seyid Əzimdən oxuyanda sözü musiqinin içinə soxmurlar, muğamla əruzun vəhdətini, sözün mənasını, qədr-qiymətini qanıb-qandırırlar. Alimin zənguləsindən – şaqraq ya hüznlü səsdən də anlamaq olur ki, misranın, beytin mahiyyəti nədi – “Nalə ilə başım ağrıtdı bu bimar mənim” deməyinə qulaq asın. Bunu – Füzulini başqa cür demək olmaz. Desən, bu, Füzuli olmayacaq, ifa da alim ifası deyil, naşı zarıltısı kimi bir şey olacaq.

Min illəri yenib gələn bir sənətdə novatorluq eləmək çətin məsələdi. Mahiyyət çətinliyi ilə yanaşı konservativ yanaşma səddini də aşmaq problemi yaranır. Belədə ikiqat cəsarət tələb olunur. Sən altına çiyin qoyduğun yükün məsuliyyətini gərək o dərəcədə dərk edəsən, gücünü elə dəqiqliklə hesablayasan ki, bu yükün altında əzilib məhv olmayasan. Bu çarpışmadan ancaq seçilmiş adam qalib çıxa bilər. Tanrının və taleyin sevib-seçdiyi adam. Muğama büsbütün könül veribən muğamdan könül ala bilmiş adam…

O, muğamın dərin qatlarına varıb onun fəlsəfəsini dərindən dərk elədiyindən muğamın alimi zirvəsinə yüksəldi. Muğamın dərkindən doğan əsərlər yaratdı. Bu əsərlərin mənim üçün ən dəyərlisi “Neyçün gəlməz” kompozisiyasıdı. Bu kompozisiya şedevrdi. Onun ən önəmli tapıntısı isə keçidləridi – dinləyicinin ruhunu oxşayan, onu muğam-təsnif aşırımında azdıran, yol göstərən, özü ilə ruhlar aləminə çəkib aparan keçidlər. Ümumiyyətlə, muğam ifaçılarını “Farağat” vəziyyətindən çıxarmaq, bəzən isterik qışqırtılara qədər gedib çıxan nalələrlə dinləyicini ovsunlamaq, muğamları ucuz təsniflərdən və qəzəl deklamasiyasından xilas etmək də onun xidmətləridi. Məhz bu xidmətlərinə görə o, muğamın bütün dünyadakı fövqəladə səlahiyyətli səfiri rütbəsi qazanıb. Bu rütbəni ona heç kim verməyib, kimsə də ala bilmək qüdrətində deyil. Muğamın, istedadın və zəhmətin gətirdiyi halal fəxri adın ucalığı elə budur.

Ona qədər səsin xanı, seyidi, sahibi, səxavətli, sədaqətli xidmətçiləri, bir sözlə, hər şeyi var idi. Təkcə alimi yox idi. Çünki muğam adi musiqi deyil, ilahi səs və ilahi sözün musiqisidi. Alimlik bunların vəhdətidi və bu vəhdəti duymaq, onu yaşamaq və başqalarına da yaşatmaq bacarığıdı. Alim səsi ölümlü-itimli dünyanın adi səsi deyil, əbədiyyətin ayrı-ayrı anlarını birləşdirən, əbədiyyət yaradan, ona qovuşan səsdi.

Hər adamın “Aləmdə səsim var” deməyə haqqı var. Amma hər adamın səsi əbədiyyətin səsinə qovuşmaq gücündə deyil…

Azərbaycan muğamı bir tam yaradan akademiyadı. Amma bu akademiyanın Qarabağ, Bakı və Şirvan məktəblərinin olduğunu inkar etmək ciddi söhbət deyil. Qarabağ məktəbi daha çox səs, Bakı məktəbi söz, Şirvan məktəbi isə hər ikisinə önəm verən muğam ocaqlarıdı. Klassik-konservativ məktəblərdən fərqli olaraq Şirvan muğam məktəbi ritmə, improvizasiyaya daha çox meyillidi. Buna baxmayaraq vahid muğam akademiyasını zənginləşdirən, qarşılıqlı təsir və qidadan qaynaqlanan ocaqlardı bu məktəblər. Son illər Alimin və ardıcıllarının simasında özünü təsdiq etdirərək bir addım önə keçmiş Şirvan muğam məktəbi muğamı zənginləşdirdi, daha da irəli apardı. Indi çoxlarının, hətta bəzi tanınmış, yaşlı muğam ifaçılarının alimsayaq ifa tərzi Alimin və muğamın uğurudu. Buna ancaq sevinmək olar.

Deyilənə görə, Qədim Çində analar uşaqlarına nağıl danışmazdılar. Onların folklorunda nağıla yer yox idi. Bu yeri keçmiş zamanların insanları barədə ibrətamiz hekayətlər tutarmış. Aclıq və səfalətin, vaxtsız ölümlərin, oğru və quldurların, hətta səfeh fikirlərin olmadığı keçmiş zamanlar barədə pozitiv rəvayətlər. Insanı işıqlı sabaha kökləyən pritçalar.

Muğamda qaramat, tərki-dünyalıq, pessimizm axtaranlar içərisində məndən məlumatlı, istedadlı, savadlı, ağıllı adamlar olmasaydı deyərdim ki, bu fikirlər muğamı sonacan dərk etməməyin nəticəsidi. Zövqlər mübahisə predmeti olmasa da, muğam dinləmək istəməyənlərə Seyid Əzimin ağsaqqal məsləhətini xatırlatmaq yerinə düşər: “Ey dadmayan zəmanə ara eşq şərbətin, Bəs haçan bilisən ağzının söylə ləzzətin” Get rahət ol səninlə bizim yoxdu karimiz”…

Insan təkcə görmək istədiyini görməməlidi. Muğam bizim keçmişimizdi – ağrılı-acılı, kədərli-sevincli, işıqlı məqamları olan keçmişimiz. Onu dinləmək gərəkdi. Önyarğısız.

Muğam bizim sabahımızdı. Əbədiyyətə qədər uzanacaq sabahımız.