Növbəti devalvasiya qapıda

 

valyutadeyisme

Neftin qiymətinin düşməsi dolların manata təzyiqini bir qədər də artırıb

Azərbaycanda nağd xarici valyuta əməliyyatları üzrə nəzarət çərçivəsinin sərtləşdirilməsi və bununla da milli valyutaya spekulyativ təzyiqlərin azaldılmasını təmin etmək məqsədi ilə növbəti addım atılıb. Mərkəzi Bank bununla bağlı dünən qərar qəbul edib.

MB Idarə Heyəti bununla bağlı 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı ləğv edib, yeni “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı qəbul edib.

Dünən qüvvəyə minən yeni qaydaya görə mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır, Mərkəzi Bankdan verilən icazə əsasında fəaliyyət göstərir. Əgər indiyə qədər qüvvədə olmuş Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 5000 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılıbsa, yeni Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Eyni zamanda bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Mübadilə şöbəsi əməliyyatları apararkən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş tələblərə də riayət edilməlidir.

Mərkəzi Bankın qərarı nəyə hesablanıb?

Azərbaycanda 500 dollardan artıq valyuta əməliyyatlarının şəxsiyyət vəsiqəsi əsasında aparılması 2 məqsəd daşıya bilər. Bu barədə bank sektorundakı mütəxəssislər bildirib.

Psixoloji təsir

Onların sözlərinə görə, hədəflərdən biri psixoloji olaraq insanları nağd valyuta almaqdan çəkindirmək və bununla da dollara tələbatı azaltmaq ola bilər: “Təbii, insanlar bilsələr ki, onların böyük məbləğdə dollar alması qeydə alınır, məlumatları kimlərinsə əlinə keçir, bundan narahatlıq hissi keçirəcəklər və çalışacaqlar, bacardıqca az valyuta alsınlar, dollar almaqları gözə görünməsin”.

Müştəriləri araşdırmaq imkanı

Ikinci məqsəd isə kütləvi şəkildə valyuta alanlarla bağlı araşdırma aparmaq ola bilər: “Əgər kimlərsə böyük məbləğdə dollar alırsa, bu, araşdırıla bilər. Yəni ki, əlində böyük həcmdə pul kütləsi olanlar kimdir, bu pulu necə qazanıblar, aylıq gəlirlərimə uyğundurmu, valyutanı hansı məqsədlə alırlar, yəqin, bütün bu məsələlər araşdırılacaq”.

ABŞ dolların yenidən bahalaşacağı anonsunu verdi

dollar

ABŞ Mərkəzi Bankı Fedin sədr müavini Stenli Fişer faizlərin artırılması prosesinə dair yeni açıqlamalar verib.

“2016-ci ildə aşağı yuxarı faizin 4 dəfə artırılması mümkündür”, deyən Fişer, Fedin proseslərə görə reaksiya verəcəyini söyləyib.

CNBC-də danışan Fişer, Fedin hədəflərinə bazarlarda böyük qarışıqlığa yol açmadan nail olmaq istədiyini bildirib.

Fişer, Çin iqtisadiyyatında və kiçik miqyaslı bir hidrogen bombası sınaq partlayışı həyata keçirən Şimali Koreyadakı kimi proseslərin qlobal qeyri-müəyyənliyi artırdığını deyib.

Fed dekabr iclasında 10 il sonra ilk dəfə faiz artırmışdı. Faiz 25 faiz bəndi artırılaraq 0,50%-ə qaldırılmışdı.

Qeyd edək ki, ABŞ Mərkəzi Bankı Fed faizləri artırdıqca dolların daha da qalxacağı gözlənilir.

Banklar xarici valyutanın məzənnələrini müstəqil təyin edəcək

merkezibank

Daha bir maraqlı qərar komerssiya banklarına əlavə səlahiyyətlərin verilməsiylə bağlıdır. Dəyişikliyə görə, əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələrini banklar müstəqil şəkildə təyin edəcək.

Bu, da MB-nin təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda öz əksini tapıb.

Yeni qaydalarda göstərilir ki, məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Yeni tələblərə görə, əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks olunmalıdır. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

Bundan başqa, manata təzyiqi artıran və milli valyutanın növbəti devalvasiyasını qaçılmaz edən neftin qiymətinin düşməsidir. Neftin bir barrelinin qiymətinin 32 dollara qədər enməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edir ki, bu da öz növbəsində manatın növbəti dəyər itkisinə doğru getdiyini deməyə əsas verir. Ekspertlər də bu fikirdədir.

Nemət Əliyev: “Neftin 32 dollara qədər azalması manatın üzərini kabus kimi alıb”

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev hesab edir ki, dünyada gedən proseslər manatı acınacaqlı vəziyyətə gətirib çıxara bilər. Dünya bazarında neftin qiymətinin düşməsinin manata dolların təzyiqini artırdığını deyən N.Əliyev bildirdi ki, neftin qiyməti hazırda 32 dollar olsa da, hökumət büdcədə onun bir barreli üçün 50 dollar götürüb: “Bu isə o deməkdir ki, hökumət büdcədə nəzərdə tutduğu öhdəlikləri icra edə bilməyəcək. Deməli, büdcədə növbəti böyük boşluq yaranacaq. Həmin o boşluğu isə hökumətin əvvəl necə doldurduğunu biz gördük. Manatın xarici valyuta qarşısında məzənnəsini kəskin şəkildə aşağı salmaqla hökumət bu boşluğu doldurdu. Neftin 32 dollara qədər azalması manatın üzərini kabus kimi alıb”.

MB-nin qəbul etdiyi qərara gəlincə isə N.Əliyev vurğuladı ki, sual olunan odur ki, MB bu nəzarəti həyata keçirə biləcəkmi. Məsələn, vətəndaş 10 min dollar dəyişmək istəyir. O, bunu qohumları arasında bölərək dəyişiklik apara bilər. N.Əliyevin sözlərinə görə, ona görə MB-nin tətbiq etdiyi bu qayda keçərli sayıla bilməz.

N.Əliyevin fikrincə, kommersiya banklarına yeni səlahiyyətlərin verilməsi isə bir növ məsuliyyətdən qaçmaq anlamına gəlir. “Ölkənin maliyyə pul sistemi olduqca pis vəziyyətə salınıb. Hazırda isə Mərkəzi Bankın davranışı insanları daha tədbirli davranmağa sövq edəcək. Deməli, manatın üzərini yeni təhlükə alıb. Manat növbəti dəfə böyük devalvasiyaya gedə bilər”, deyə N.Əliyev vurğuladı.

Azər Mehtiyev: “Məzənnənin gündəlik dəyişikliklərinə hazır olun”

azer mehtiyev

Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev manatın məzənnəsi ilə bağlı növbəti proqnoz verib. O,ÿMərkəzi Bankın manatı sərbəst “üzməyə” buraxdığını xatırladıb. “Mərkəzi Bank manatı sərbəst üzməyə buraxdı. Məzənnənin gündəlik dəyişikliklərinə hazır olun. Mərkəzi Bankın yeni təsdiq etdiyi ”Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”ndan çıxarış:

9.Məzənnənin müəyyən edilməsi

9.1.Nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər.

Əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks etdirilir. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

9.2.Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılır. Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınır və şöbədə quraşdırılmış lövhədə əks etdirilir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilir.

9.3.Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır”.

Xəyal