Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən il vətəndaş müraciətlərinin araşdırılması zamanı iş yerlərində ümumilikdə 14 769 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
“Aşkar edilən hüquq pozuntuları daha çox əmək müqavilələrinin bağlanmaması və ya bu müqavilələrin şərtlərinin yerinə yetirilməməsi, əmək haqqının hesablanması və ödənilməsində yol verilən nöqsanlar, əməyin mühafizəsinin tibbi-sosial məsələləri, texniki təhlükəsizlik qaydalarına əməl olunmaması və s. ilə bağlı olub.
İqtisadiyyatın sahələri üzrə hüquq pozuntuları əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, ictimai iaşə və s. sahələrdə qeydə alınıb”, – deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, nazirlikdən bildirilib ki, Xidmətin apardığı işlər nəticəsində, hesabat dövründə aşkar olunan əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü illə müqayisədə 27,6% azalıb.