Azərbaycan Mərkəzi Bankı yanvarın 8-ə xarici valyutaların manata nəzərən məzənnəsini açıqlayıb. ABŞ dollarının məzənnəsi artıb – 1,5642 manat. Avro da bahalaşıb. Belə ki, 1 avro dünənki 1,6913 manatdan bu gün 1,7009 manata qalxıb. 1 rus rublu isə 2,08 qəpikdən 2,09 qəpiyə yüksəlib.
Lakin kommersiya banklarında manatın məzənnəsi daha aşağı düşüb. Banklar və valyutadəyişmə məntəqələrində 1 ABŞ dollarının alışı 1,78-1,80 manat, satışı isə 1,84-1,85 manata aparılır.
Mərkəzi Bankı isə valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərib.
Məktubda bildirilir ki, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Əvvəllər bu limit 2% idi.
Mərkəzi Bank növbəti iş gününə – yanvarın 11-nə məzənnəni də elan edib. Bankın qərarı ilə 11 yanvar tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5642 səviyyəsində müəyyən olunub.
Maraqlıdır ki, Mərkəzi Bank bir neçə gün qabaq bankların valyuta satışında məzənnəni müstəqil şəkildə müəyyən edəcəyinə qərar vermişdi. İndi isə banklara limit qoyaraq, faktiki məzənnəni özü müəyyən etmək qərarına gəlib. Bunu yalnız ölkədə dollar ajiotajının güclənməsindən MB-nin təşviş keçirməsi kimi qiymətləndirmək olar.
Bu arada istiqlal.az saytı bank sektorundakı mənbələrə istinadla xəbər yayıb ki, yaxın günlərdə 1 ABŞ dolları 2,2 manata qədər yüksələcək. Yalnız bundan sonra manatın ucuzlaşmasının qarşısı bir müddət, təxminən 5-6 ay alınacaq.
“Azadlıq”a daxil olan məlumata görə, böhran dərinləşdikcə hakimiyyət daxilində də təlatümlər artır. Bildirilir ki, bahalaşmanın narazılığı getdikcə artırması iqtidarda təşviş yaradıb. Bu baxımdan hakimiyyətin başbilənləri həmişə olduğu kimi bu dəfə də narazılığı yatırmaq üçün “qurbanlıq” axtarırlar. Böhranın baiskarı hədəf seçiləcək məmurun yarıtmaz fəaliyyəti göstəriləcək və bütün məsuliyyət onun üzərinə qoyulacaq. Ona görə də bu məsələdə əsas adı hallananlar – maliyyə naziri Samir Şərifovla Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov məsuliyyəti bir-birinin üzərinə atmağa başlayıb. Artıq Samir Şərifova yaxın ekspertlər açıq şəkildə Elman Rüstəmovu tənqid etməyə başlayıblar. Lakin kimin qurbanlıq seçiləcəyini zaman göstərəcək.


