«Bu il Azərbaycanın xarici siyasəti üçün yaxşı başlamadı. Son illər ərzində Bakı «açar dövlət» mövqeyini saxlamağa çalışırdı. Qlobal sistemin birləşmə nöqtəsində yerləşən, böyük güclər arasında vacib vasitəçi, müxtəlif bloklar, regional assosiasiyalar arasında darvaza rolu oynayan ölkələrə «açar dövlətlər» deyilir».
«The National Interest» dərgisində Nikolas Gvosdev yazır ki, Gürcüstanın 2008-ci ildə çəkdiklərindən dərs alan Azərbaycan təhlükəsizliyinin, rifahının qeydinə qalaraq bütün regional və qlobal oyunçularla münasibətləri balanslaşdırmağa çalışırdı. Hər bir əsas oyunçunun da Azərbaycanda sabitlik və müstəqilliyin saxlanmasında marağı vardı.
2014-cü il Ukrayna böhranından sonra Azərbaycanın perspektivləri lap çiçəkləndi. Narahat Avropa ölkələri alternativ enerji mənbəyi kimi Azərbaycana üz çevirdilər, Rusiya da Bakıyla iqtisadi əlaqələri gücləndirməyə, sanksiyalardan itirdiklərini kompensasiya etməyə çalışırdı.
Müəllif yazır ki, ötən ilin sonuna doğru bəzi planlar sarsıldı. Çində iqtisadi problemlər bir sıra Avrasiya layihələrini sual altına qoydu. Avropada durğunluq isə Şərq-Qərb marşrutlarına ehtiyacı kölgələdi: «Azərbaycan Qərb üçün strateji tərəfdaş olaraq qalır, ancaq Vaşinqton və Avropanın əsas paytaxtları Bakıya insan haqları və idarəçilikdəki nöqsanlarla bağlı iradlar da tuturlar ki, bu, İlham Əliyev hökumətinin xoşuna gəlmir».
Suriya böhranı, Rusiyanın Xəzərdən Suriyaya raketlər buraxması, Türkiyənin rus təyyarəsini vurmasından sonra gərginləşən münasibətlər isə durumu daha da qəlizləşdirib. Digər tərəfdən, Azərbaycan ümid edirdi ki, İrana sanksiyalar qaldırılınca ölkənin Fars Körfəzinə cənub qapısı tamamilə açılacaq. Ancaq Səudiyyə-İran mübahisəsi bu məsələni də çətinləşdirdi:
«Ən pisi odur ki, Dağlıq Qarabağ münaqişəsinin də donu açıla bilər, cəbhə xəttində canlanma var. Döyüşlərin bərpası ən pis ssenaridir, bu halda Rusiya və Türkiyənin iştirakı Qafqazı atəş zonasına çevirə bilər».
«Son illər Birləşmiş Ştatlar gərginliyin azaldılmasında əsas rol oynayıb. Ancaq Fars Körfəzindəki gərginlik, Suriya münaqişəsi, Şimali Koreyanın dünyaya meydan oxuduğu bir vaxtda Azərbaycan ABŞ prezidentinin gündəmində əsas yeri tutmur».