SOCAR-ın dənizdə və quruda aldığı canlar

socar-logoDəm qazından ölənlərə görə kim məsuliyyət daşıyır?

“Günəşli” yatağındakı yanğının alovu hələ də ürəklərə dağ çəkməkdədir. Hələ də 20-dən artıq neftçinin cəsədi tapılmayıb. Bu işlə bağlı cinayət işi açılsa da heç kim məsuliyyətə cəlb olunmayıb. Amma hökumətimiz baş verənlərin təsirindən tez çıxa bilir və dənizkənarı parkda atəşfəşanlıq keçirir.

Sanki, dənizdə faciəli şəkildə həlak olanlar bizim vətəndaşlarımız deyil. Təbii ki, hökumətin bu atəşfəşanlığı ciddi ictimai qınaqla qarşılandı və sosial şəbəkələrdə insanlar hökumətə lənət yağdırdı. Adamlar başa düşür ki, “Günəşli” də baş verənlər təbii fələkət deyil. Məsuliyyətsizlik, səhlənkarlıq, insan həyatına qiymət verməməyin nəticəsidir. Üstəlik, bu qədər məsuliyyətsizlikdən sonra insanların cəsədi tapılmır, hökumət bayram əhval-ruhiyyəsindədir.

Amma Neft Şirkətinin və onun tabeliyində olan “Azəriqaz”ın  aldığı canlar təkcə “Günəşli” yatağındakı yanğınla məhdudlaşmır. Hər gün eşidirik ki, adamlar dəm qazından boğulur. Ümumiyyətlə, dəm qazından həlak olmaq adi bir statistikaya çevrilib və bunun qarşısını almaq üçün heç bir adekvat tədbir görülmür.

Necə olur ki, “Azəriqaz” pulunu vaxtında tələb edə bilir, 1 kub artıq qazı vətəndaşa pulsuz vermir, amma təhlükəsizlik məsələsində bütün addımları vətəndaşın üzərinə atır. Həm əhaliyə verilən qaz zəhərlidir, həm də qurğularda problem var.  Necə ki, “Azəriqaz”ın işçiləri qapı-qapı düşüb pul yığırdı, eləcə də qapı-qapı düşüb, insanların təhlükəsizliyinə təminat versinlər. Bu qədər ölüm haları ARDNŞ-ni niyə narahat etmir?

Dənizdəki yanğını söndürməyi, heyəti evakuasiya etməyi  bacarmırsınız, heç olmasa qurudakı vəziyyətə nəzarət edin. Başa düşmək lazımdır ki, sadə vətəndaş təhlükəsizlik qaydalarını, hər hansı qurğuların yaratdığı fəsadları bilmir. Bu işdə məsuliyyəti ARDNŞ, onun nəzarətində olan “Azəriqaz” daşıyır.

Insan həyatına bu qədər biganə yanaşamaq da cinayətdir və hər bir vətəndaşın ölümündə aidiyyatı qurumların məsuliyyəti var. Atəşfəşanlıqdan başınız açılanda, dəm qazından dünyasını dəyişənlərin də statistikasına nəzər salın.

Samir