İnsandan qiymətli maşınlar

saadet-cahangir-koseSəadət Cahangir

Yəqin ki, son model avtomobillər şəhəri olan Bakıda sığortasız maşınlara az rast gələrsiniz. Ehtiyat hissələri və təmiri xeyli baha başa gələn avtomobilləri sığorta etdirmək daha sərfəlidir, şübhəsiz. Çox gözəl! Müasir dünyanın inkişaf qanunauyğunluqlarından biri olan bu məsələni yalnız alqışlamaq olar. Amma gəlin həmin avtomobil sahiblərindən neçə nəfərin özünün həyat sığortası olduğuna baxaq. Əmin edirəm, heç yüzün ona nisbəti də olmayacaq.  Axı bu ölkədə insanın ən böyük dəyər olduğunu anladan hansı fakt var ki? Canlı insanın dəyər qazanması üçün nələr edilib bu ölkədə? Hansı qanun, hansı əməkhaqqı, hansı imtiyaz, hansı norma xatırladır bizə yaşadığımız cəmiyyət üçün dəyərli olduğumuzu? Kimin düşüncəsində belə qətiləşmiş fikir var ki, onun dəyəri öz avtomobilindən daha qiymətlidir? Ümumiyyətlə, bu ölkədə hansı həyat şərti insana onun dəyərinin bir “Nissan”dan, “Ceep”dən, “Ferrari”dən yüksək olduğunu xatırladır? Bu ölkənin hansı mizan-tərəzisində ölçü daşı düzgün qoyulub ki, canlı insanı cansız maşından ağır çəksin və insan amilinin hər şeyin üstündə olduğuna möhür vursun?

Ehtiyat hissələri çox baha başa gələn avtomobilini su qiymətinə satmaq məcburiyyəti qarşısında qalan bir dostumuzun söhbəti təzələdi bu mövzunu. Hansı ki, ötənlərdə bu barədə xeyli diskussiyalarımız olub yaxın çevrəmizdə. “Maşın qiymətlidir ki, bu ölkənin vətəndaşı özünü deyil, məhz avtomobilini sığorta etdirməyi önəmli sayır” gerçəyini qəbul etmək zorunda qalıb müzakirə əsnasında hər kəs. Bu məşhur hadisəni də bir çoxunuz eşitmiş olarsınız hər halda. Dünyanın ən məşhur ürək həkimi Maykl De Bakey avtomobilini təmirə aparır. Təmirçi avtomobilinin qapağını qaldırır və Bakeyə dönərək: “Sizdən bir şey soruşacağam. Demək olar ki, mən və siz eyni işləri görürük. Məsələn, mən indi qapağı açacağam, bir baxışda problemin harada olduğunu biləcəyəm. Qapaqcıqları təmizləyəcək, lazım olsa kabelləri, motor yağını dəyişəcək, hətta gərək olsa, mühərriki çıxarıb yerinə yenisini taxacağam! Bəs necə olur, siz milyon dollarlar, amma mən qəpik-quruş qazanıram?”.  Həkim Bakey təmirçinin qulağına tərəf əyilərək deyir: “Bir yoxla görək, bunların hamısını mühərrik çalışarkən edə bilərsənmi?”.

Məsələnin bir ucu da bura gəlib çıxır. Indi sual versəm ki, “bu ölkədə bir peşəkar maşın təmirçisi çox qazanır, yoxsa bir ürək həkimi”, hamınız birincinin üzərində dayanmayacaqsınızmı? Yəni acı reallıq bu. Bakey dünyada ona görə məşhur və zəngindi ki, o məhz insanların dəyərli olduğu məkanda həkimlik sənəti ilə məşğul olurdu. Bu şansı, imkanı, qiyməti ona doğulub böyüdüyü Amerika vermişdi. Gözünü açıb cəmiyyətdə belə görmüş, belə oxumuş, belə öyrənmişdi. Bir insan həyatı qurtarmağın bir insan dünyaya gətirməyə bərabər şey olduğunu görmüşdü o. Vətəndaşı olduğu ölkə belə tərbiyələndirmişdi onu. Bəs bizim cəmiyyət öz insanını necə böyüdüb tərbiyələndirir, deməyə ehtiyac varmı? Rüşvəti verilmədən dünyaya gəlmək şansı belə olmayan insanı bu ölkədə nə gözləyir, anlatmağa gərək duyursunuzmu? O bəxtsiz körpəni burada gözləyən zülmü, məşəqqəti təsəvvür edirsinizmi? Onun böyüməsi, təhsili, ev-eşik sahibi olması nələr bahasına başa gəlir, xatırlayırsınızmı? Maşın heç bir sığortası olmayan insandan çox-çox bahadır bu ölkədə, bəli. “Insan” adı çoxdan qiymət indeksinin ən aşağı sırasına düşüb…