Vətəndaşlar bəzən mənzili daha ucuz əldə etmək üçün ciddi riskə gedirlər
Müzəffər Baxışov: «Mövcud qanunvericilik mənzilin yalnız notarial qaydada alqı-satqısına imkan verir»
Son günlər ayrı-ayrı tikinti şirkətləri vətəndaşlara sərfəli şərtlərlə mənzillər almağı təklif edir. Həmin şərtlərə diqqət yetirsək, görərik ki, şirkətlər vətəndaşlara ilkin ödənişsiz, bəzən də cüzi ödənişlə mənzillər satmağa hazırdır. Maraqlısı isə budur ki, ölkədə milli valyuta sürətlə dəyərdən düşdüyü bir vaxtda şirkətlər mənzillərin aylıq kreditini manatla təklif edirlər.
Belə təkliflər indiyədək də olub, hətta bir sıra tanınmış şirkətlərin rəhbərləri və əməkdaşları dələduzluğa görə cinayət məsuliyyətinə də cəlb edilib.
Maraqlıdır, hazırda tikinti şirkətlərinin şirnikləndirici təkliflərinin arxasında nə dayanır? Onlara güvənən insanların aldanmamaq riski nə qədərdir?
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, mövcud qanunvericilik mənzilin yalnız notarial qaydada alqı-satqısına imkan verir. Yəni rəsmiləşdirmə yalnız notarial qaydada ola bilər. Çünki mənzil daşınmaz əmlakdır və notarial qaydadan kənarda həyata keçirilən bütün alqı-satqı məsələləri qanunvericiliyin tələblərinə uyğun deyil: “Yalnız kooperativ üzvləri pay haqlarını ödəyirlər. Kooperativ rəsmi şəkildə qeydiyyatdan keçəndən sonra onlar nizamnaməyə uyğun olaraq, müəyyən edilmiş pay haqlarını ödəyə bilərlər. Tam pay haqqını ödəyəndən və tikinti başa çatandan sonra kooperativin ümumi yığıncağının qərarı verilməlidir. Bu qərar isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində həmin şəxsin adına rəsmiləşdirilməsinə imkan verən sənəddir. Məhdud Məsuliyyətli Cəmiyyət şəklində, fiziki şəxslər tərəfindən hündürmərtəbəli, çoxmənzilli binalar tikilib, mənzillərin konkret şəxslərə satılması qanunvericliyin tələblərinə uyğun deyil. Onların hər birində çox ciddi aldanma riskləri var. Həmin şəxslər mənzilləri bir neçə adama da sata bilərlər. Mənzili alan adam da mənzilin beş-altı nəfərə satıldığından xəbərdar olmaz”.
Hüquqşünasın sözlərinə görə, ölkədə hazırkı maliyyə böhranı şəraitində tikinti sahəsində ad qazanmış böyük şirkətlərin də belə əməllərə yol verməsi hallarına tez-tez rast gəlinir. Üstəlik, nəzərə almaq lazımdır ki, ölkədə tikinti işini həyata keçirmək, onu başa çatdırmaq, istismara qəbul etdirmək üçün bir sıra hallarda çox böyük məbləğdə qeyri-rəsmi ödənişlər etmək zərurəti yaranır: “Sahibkarlar da istər-istəməz müəyyən risklərə gedərək, bir mənzilləri bir neçə nəfərə sataraq vətəndaşları aldadırlar. Aldanmış şəxslərin də hüquq-mühafizə orqanlarına müraciət etməkdən başqa çarəsi qalmır. Bir çox hallarda şirkətin məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi də vətəndaşın probleminin həllinə kömək eləmir. Yəni, aldanmış vətəndaşın nə pulu qaytarılır, nə də mənzil verilir. Əfsuslar olsun ki, insanların mənzilə olan tələbatları bir sıra hallarda onları riskli addımlara vadar edir. Nəticədə onlar dövlət qeydiyyatına alınmamış, dövlət komissiyaları tərəfindən istismara qəbul edilməmiş mənzillərlə bağlı saxta alqı-satqı müqaviləsi bağlayırlar”.
Nigar