“Milli ədəbiyyat yox, ayrı-ayrı qruplaşmaların ədəbiyyatı”

 

memmed-ismayil1«Bugünkü mənzərə belədir: Azərbaycan ədəbiyyatında hər qrupun öz lideri, öz tərif hədəfi var!»

Məmməd İsmayıl: «Bəziləri vəzifə və pulun hesabına xaricdə kitab çap etdirməklə qalmır, utanmadan şəhər-şəhər dolaşıb təqdimat da keçirirlər»

Azərbaycanın görkəmli şairi Məmməd İsmayıl 2015-ci ildə bir neçə poeziya festivalında iştirak edib. Bu poeziya günləri ilə bağlı daha geniş bilgi verməsi üçün şairlə söhbətləşdik.

başlanğıcı ötən saylarımızda

– Məmməd bəy, Azərbaycanda da ənənəvi və yeni poeziya festivalları keçirilir. Amma onlar ölkənin ədəbi-mədəni həyatında canlanma yaratmır, hadisəyə çevrilmir. Bunun səbəbini, yaxud səbəblərini nədə görürsünüz?

– Hər millətin öz aurası, dinamik ritmi var. Ədəbiyyat, sənət bu ritmi, bu auranı davam etdirməlidir, toplum bu auradan, mənəvi dinamik ritmdən yoxsuldursa, ədəbiyyatın, ya da sənətin bəşəriliyindən söz açmaq ağılsızlıq olardı. Niyə gürcü, italyan, lap elə Iran filmləri dünya ekranlarından düşmür? Çünki, bu filmlərdə təmsil etdikləri millətlərin mənəvi, tarixsəl ritmlərinin bəşəriliyə qovuşan əks-sədası vardır. Insan təbiəti etibarı ilə təbiiliyin tərəfdarı və daşıyıcısıdır. Indi Azərbaycanda yaranan ədəbiyyatı ürək rahatlığıyla milli ədəbiyyat adlandırmaq olarmı? Olsa-olsa, ayrı-ayrı qruplaşmaların ədəbiyyatı var. Birləşməyən bulaqlar, qollar çay olmadığı kimi ayrı-ayrı qruplaşmaların marağını güdən ədəbiyyat da nə yazıq ki, milli ədəbiyyatı doğurmur. Hər qrupun öz lideri, öz tərif hədəfi! Çəkic bir yerə döyülmədiyindən, milli ədəbiyyatımız elə də gəlişmir, gəlişmədiyinə görə də dünya ədəbiyyatına çıxışımız bir bu qədər ləngiyir? Yuxarıda qatıldığım şeir festivalları ilə bağlı düşüncələrimdə elə bilirəm bu sualınızın da cavabı gizlidir. Dediyiniz “ənənəvi şeir festivallarını” kimlər keçirir və o festivallara qatılan kimlərdir? Bu festivalların keçirilməsində amac nədir? Əgər bu festivalların gizli hədəfi aşikar böyük poeziya olsaydı, hansısa qrupun mənafeyinə, gizli marağına çevrilməsəydi, dediyin o festivallar da Rumıniyada, ya da Yaqutiyadakı kimi el bayramına çevrilə bilərdi. Ölkənin yönətilməsindəki gizli uyğulama nədirsə, eyni şey şeir festivallarına da uyğulandığından səsi Biləcəridən uzağa çıxmır. Əsil istedadların gözümçıxdıya salındığı, bədəsillərin meydan suladığı bir məmləkətdə belə festivalların əsil şeir bayramına çevrilməsi mümkünsüz bir işdir. Böyük Türk şairi Arif Nihat Asya ədəbiyyatın sosial vəzifəsini aşağıdakı misralarla gün işığına çıxarır:

Her kim ki bu halk için yazar, halkın olur;

Aydınlatabildiyse eğer,

aydın olur…

Muhtac değildir eli,

altın kaleme:

Kullandığı her kalem onun altın olur!

– Indi tez-tez təkrarlanan bir fikir də var: “Şeir artıq ölüb”. Poeziyanın istər bizdə, istər onun hüdudlarından kənarda əvvəlki çəkisini, cəlbediciliyini itirdiyinə dair fikirləri bölüşürsünüzmü?

– XX yüzilin alman şairi Cohannes Becher deyirdi ki, şairin borcu insanda şeirsəl duyğuların ölməsinə imkan verməmək və ən yaxın gələcəkdə dünyanın şeirin vətəninə çevrilməsini təmin etməkdir. “Şeir ölüb” deyənlər şeiri canlı varlıq  kimi öldürənlərdir. Bu fikri söyləyənlər əsil şairlər yox, bir zamanlar şeir yazıb yarımayan ədəbiyyatçılardır. Hansı ölkənin yazıçılar birliklərinin tərkibinə baxsanız, say etibarı ilə ədəbiyyatçıların, yəni şeirdən, nəsrdən yarımayanların çox olduğunu görərsiniz. Halbuki qurumun üstündə adı bəlli: Ədəbiyyatçılar Ittifaqı yox, Yazıçılar Ittifaqı! Yazıçılar Ittifaqı Ədəbiyyatçılar Ittifaqına dönüşdürüldüyündə fəsadları yaşadıqlarımız kimi olur. Bu mənada indi sıradan olanların, ədəbiyyatçıların hardasa pis mənada şeirdən “qisası” mərhələsinə şaihidlik edirik. Horatsi deyirdi ki, “yaxşı tənqidçi satın alına bilməyən dostdur”. Bu gün Azərbaycan ədəbi mühitində sənətdən yarımayan ədəbiyyatçıların dönüb tənqidçi olduğu bir zamanda satılmayan tənqidçini (bir-iki istisna ilə!) hardan alaq? Internet “şairləri” və məddahları (xüsusiyə qızlar və qadınlar!) o qədər çoxalıb ki, bu çoxluq içərisində əsil şeirin “dini və məzhəbi” çoxdan itib? Bir də ədəbiyyatın, sənətin kütləviləşdirilməsi kapitalizmin düşünülmüş gedişidir: hamımız bir bezin qırağıyıq! Indi əsil sənətkar boşluğunun yerini işbazlar doldurur. Türkiyədə, ya hansısa bir başqa ölkədə kitab çap etdirmək məsələsi puluna minnət səviyyəsindədir. Bir də görürsən heç Azərbaycanda düz-əməlli tanınmayan birisinin dünyanın çeşidli ölkələrində kitabları çap olunur. Indi tərcümə və kitab çap etdirmək məsələsi işbazların əlində əsil qazanc mənbəyinə çevrilib. Bu necə tərcüməçidir ki, siyasi kitabları da, şeiri də, nəsri də eyni səviyyədə çevirə bilir? Belələri üçün fərqi yoxdur çevirdiyi əsər dəyərli olsun, ya olmasın. Hətta əsərin dəyərsiz olması müəllifindən daha artıq pul qoparmaq deməkdir. Bu kitablar harada, hansı nəşriyyatlarda çap olunur, yazarı üçün fərqi yoxdur, yetər ki, Azərbaycan mətbuatında xaricdə kitabı çap olunduğu haqqında informasiya dərc edilsin, axı yalançı, çobanaldadan sevincin “qanadlarında” üç-beş gün şellənmək mümkündür! Hələ bu harasıdır, hətta bəziləri Türkiyədə kitab çap etdirməklə qalmır, vəzifə və pulun hesabına şəhər-şəhər dolaşıb təqdimat keçirməkdən də utanmırlar. Vurğuladığım kimi, o kitabları kim tərcümə və çap edir və o kitab müəllifinə yalançı tərif və təsəllidən başqa nə verir və o kitabları oxuyan kimdir, oxucusu varmı? Bu suallara cavab axtaran yox ki?! Arada ailəyə, oğul-uşağa xərclənməli olduğu halda hansısa anbarda yığılıb qalan makulatura kitaba sərf edilən pula və gül kimi üzü zir-zibillə qaraldılan kağıza yazıq olur. Indi elə bir zamanda yaşayırıq ki, hətta naşirlər belə şeir kitablarını çap etmirlər, elə ciddi nəsri də. Onlar ədəbiyyatla aşağıdan-yuxarıdan heç bir əlaqəsi olmayan, amma macəra axtaran səviyyəsiz oxucu kütləsinin sosial marağıyla pula gedən dedektiv kitabları çap etməklə, oxucu zövqünü korlamaqla məşğuldurlar?

Bilirsən, Elnur, şair başqa, şeir həvəskarı isə tamamilə başqadır. Həqiqi poeziya quruluşuna görə saxta şeirdən elə ilk baxışdaca seçilir, şüşə və almaz kimi. Almaz hətta qaranlıqda belə işıq saçır, şüşənin parlaması üçün isə əlavə işıq lazımdır, yəni tərəfkeş tənqidçi… Indiki halda şeir həvəskarları əsl şairi əvəzləmiş, hətta üstələmiş durumdadırlar, yaranan boşluğu əməllicə doldurublar, əsil şairdən şair şöhrətini dartıb alıblar və şair hüququndan yetərincə yararlanmaqdadırlar. Belələrinin tərəfdaş tənqidçiləri də hazırdır, bir qonaqlığa, beş-on manat pula “şair” deyil, “dahi” sözcüyünü də ünvanlarına yazdıra bilirlər. Beləcə sözdə avtoritetlər və yalançı şöhrətlər yaradıb, əsl şeiri gözdən salmağı bacardılar. Bax problemin özü budur!

– Azərbaycanın çağdaş şeirini izləyirsinizmi? Sizi razı salan, salmayan məqamlar nədir?

– Imkanımın əl verdiyi qədər izləyirəm. Məni razı salan daha çox isdedalı gənc şairlərimizin yeni fikir arayışlarıdır. Bu fikir arayışlarına görə şeirimiz bəlkə də indi özünün ən məhsuldar çağlarından birini yaşayır. Amma elə xaotik bir ortam var ki, yaxşı və pis ölçüləri bir-birinə qarışıb. Bir çoxları – yönünü, yöntəmini bilən də, bilməyən də sərbəst vəzndə şeir adına bir şeylər yazır. Belə bir deyim var: “Qədimlərin izləriylə getmə, amma öyrən gör onlar nə axtarmışlar və necə axtarmışlar”. Horatsi şairin şeir yazmasını yonduğu daşdan artıq detalları bir-bir aradan qaldıran heykəltaraşla müqayisə edir. Şair də bəlkə yüz dəfə yazdığı şeiri dönə-dönə oxumalı, artıq nə varsa, hamısını aradan qaldırmalıdır. Mükəmməlliyə ulaşdıra bilmədiyin şeiri yarımçıq buraxmaqdansa, cırıb atsan, daha yaxşıdır. Hər istedadlı adam özü-özünün hakimidir. Şerin üzərində işləmək hardasa, ruhun üzərində işləmək kimi bir şeydir. Elə sərbəst, qafiyəsiz yazılar “şeir” adına oxuculara sırınmağa çalışılır ki, ucunu al uzunçuluğa get… Qafiyə “böyük sehirbazdır”. Şair səsləniş üçün dilin ənginliklərinə dalır, əks-səda arxasınca planlaşdırılmış köhnə yolla gedərkən yeniləri kəşf edir. Gözlənilməz söz yeni fikirlərin, obrazların başlanğıc səbəbi olur. Qafiyə nə qədər yeni olursa, obrazlar da o qədər yeni olur. Mayakovski demişkən, qafiyə çəlləkdi, misra isə fitil.. Con Kits isə, “gözəl misraya mən sevgilimə baxan kimi baxıram”, – deyirdi. Şair də elə şair olmalıdır ki, Yesenin kimi onun şeir dilinə dil uzadanlara, “rus dili – mənəm!” deyə bilsin. Heyne deyirdi ki, “qadını güllə müqayisə edən şair dahi idi, ikinci dəfə müqayisə edən isə axmaqdır”. Cavanların hansı birisə bir metafora, ya da simvol tapır, əllisi onu istismar etməklə uğraşır. Hər şair özü başlı başına, başqalarını təkrarlamayan bir ritm olmalıdır. Qərb sivilizasiyasının və digər xalqların yad ritmi xeyrimizə yox, zərərimizə işləyəcək. Gəlişmiş durumlarına göə dünyanın öndə gələn xalqlarından olan yaponlar haikularından əl çəkdimi, biz də öz ritmimizdən əl çəkək? Ingilis “Göl məktəbi” şairlərindən olan Semuel Teylor Kolridc “poeziya ən yaxşı sözlərin ən yaxşı düzülüşüdür” deyirdi. Çində bir deyim var, “ədəbiyyat üç ”çoxu” tələb edir, çox oxumaq, çox yazmaq və çox da müzakirə etmək!” Şair nə qədər ucada dayanırsa, ideyaları da o nisbətdə uca olu, yaxud, əksinə… Burada Heminqueyin məlum fikri yada düşür: “Mən səni səndən gələn işığa görə sevirəm…”

– Şeirimizdə yeni hesab olunan tendensiyalara münasibətinizi bir az ətraflı öyrənmək istərdim. Söhbət sadəcə formaca yox, daha çox məzmunca yeni meyllərdən gedir.

– Dünya poeziyasına qoşulma və onunla yarışma baxımından şeirimiz özünün bir baxıma axtarış və oyanış dönəmini yaşayır. Işlədilən epitetlər, metaforalar hər hansı istedadın mənəvi dünyasının göstəricisidir. Şairin ruhsal dünyası necədirsə, onun şeirlərinə yansıtdığı epitetlərin səviyyəsi də o qədərdir. Yeni, partlayıcı, əzəmətli, çox zaman da qeyri-müəyyən epitetlər bugünkü şerimizin öndə gələn isdedadlara xas olan özəlliklərdir. Əsil şair, istəyib-istəməməyindən asılı olmayaraq, yaddaşa – ənənələrdən, doktrinlərdən, buyruqlardan oluşan həyat yaddaşına  xidmət edir.

Heç bir böyük sənətkar poetik ənənəni dağıtmır, olsa-olsa, o  köhnə ədəbi materiallardan ona gərək olan əsas sözü çıxarmağı bacarır. Çünki hər sənətkar başqalarından daha çox öz ruhunun və ürəyinin portretini yaradır. Çox zaman da bunu öz iradəsinin dışında edir. Tolstoy deyirdi ki, həqiqi istedad hətta özündən asılı olmayaraq da mənəvi dəyərdir. Bugünkü şeirimizdə yeniləşmə qımıldamaları o şairlərdə baş göstərir ki, bir “əli” ənənənin, o biri “əli” gələcəyin, yeniləşmənin “ətəyindədir”.

Bir dəfə ərəb şairi Mabed Məkkəyə gedəndə yolda qarşısına çıxandan yanğısını söndürmək üçün su istəyir, adam su vermək bir tərəfə qalsın, onu hətta çadırına belə dəvət etmir. O zaman Mabed dəvəsinin kölgəsinə uzanıb öz nəğməsini oxumağa başlayır. Adam qarşısındakının şair olduğunu anlayıb ona yalvarır ki, çadırına buyursun. Məkkəyə qədər arxasınca su daşımağa hazırdır, yetər ki, şair ona həcv yazıb el içində biabır etməsin.

Yəni insanlıq sözə sevginin, ondan qorxunun bu dərəcəsini də yaşayıb… Bunu gərək unutmayaq.

– Məmməd bəy, sonda nə demək istəyərdiniz?

– Qoy yuxarıdakı fikirlərin davamı olaraq rus şairi Konistantin Balmontun aşağıdakı sözləri ilə söhbətə nöqtə qoyaq:

Stradayte, stradayte!

Stradanye vençaet bessmertye.

Elnur Astanbəyli