“Büdcədəki böyük boşluğu doldurmaq üçün manatı öldürdülər”

nemet-eliyev1«Mövcud iqtisadi sistemin növbəti devalvasiyaya duruş gətirmək imkanları xeyli zəifləyib»

Nemət Əliyev: «Bu ağır şəraitdə düzgün qərarlar qəbul edən, xalq üçün çalışan, fədakar, həm də yeni komandaya böyük ehtiyac var»

2015-ci ildə dünyada ən çox devalvasiyaya uğrayan valyuta manat olub. Amma hamını düşündürən bir sual var. Niyə məhz manatın başına bu cür oyun gəldi? Buna səbəb nə idi? Nə yanlış edildi ki, manat bu qədər dəyərini itirdi? Manatın iki dəfə devalvasiyası ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurdu. Mövzu ilə bağlı bu və başqa sualları iqtisadçı alim, AXCP iqtisadi siyasət komissiyasının sədri Nemət Əliyevə ünvanladıq.

– Bir məsələni xatırlatmaq istəyirəm ki, neftin qiyməti hələ 2014-cü ilin sonlarından başlayaraq, siyasi amillərin təsiri ilə düşməyə başlayıb və sonrakı mərhələdə bu prosesin iqtisadi amillərin təsiri ilə davam edəcəyini proqnozlaşdırmaq mümkün idi. Deməli, birincisi, heç olmasa bir az qabağı görməyi bacaran, yaxud da buna ehtimal kimi baxan hökumətlər, görünür, işlərini daha ehtiyatlı tutub və qeyri-neft sahələrinin inkişafına zamanında diqqət yetirə biliblər. Bizim hökumət isə, bunu nəinki hesablaya bilib, heç ağılına da gətirə bilməyib. Yəqin ki, 2015-ci ilin dövlət büdcəsində neftin qiymətinin 90 dollar götürüldüyünü xatırlayırsınız…

Ikincisi, telekanallardan səslənən bəzəkli rəsmi bəyanatların tam əksinə olaraq qəti şəkildə demək olar, ölkəmizdə qeyri-neft sektoru çox zəif inkişaf edib. Ölkə iqtisadiyyatına 180 milyarddan çox kapital yatırıldığını deyən hökumətimiz bu qədər iri maliyyə vəsaiti ilə Azərbaycan boyda ölkənin qeyri-neft sahələrini inkişaf etdirə bilməyib. Bir çox göstəricilərə görə qonşu Ermənistan və Gürcüstanla müqayisədə geri qalırıq. Neft ixrac edən qonşu Rusiyada, Qazaxıstanda isə, qeyri-neft sektoru Azərbaycanla müqayisəedilməz dərəcədə inkişaf edib. Bu üzdən bizim dövlətin büdcəsi də, əsas kapital yatırımları da xam neftin satışından gələn gəlirlərin üzərində köklənib. Fikrimcə, bu iki səbəb milli valyutamızın daha çox dəyərdən düşməsinin əsas səbəbləridir. Azərbaycanın başı üzərini alan cürbəcür sanksiya layihələri, ölkəmizdə mövcud olan anormal ictimai-siyasi şərait, korrupsiya və monopoliyanın hökmran mövqelərdə olması kimi amillər də dolayı şəkildə bu prosesi daha miqyaslı edib.

“Yenə devalvasiya olacaq”

– Neft 60 dollar olanda manat 34 faiz devalvasiyaya uğradı. Neftin qiyməti 37 dollar civarında olanda manat daha 48 faiz dəyərini itirdi. Neftin qiymətində enmə davam edir. Növbəti 3-cü devalvasiya olacaqmı? Bu dəfə devalvasiya faizi nə qədər olacaq?

– Neftin qiyməti 60 dollara düşəndə büdcədə nəzərdə tutulan qiymətlə müqayisədə 30 dollar fərq yarandı və hökumət anladı ki, bu qiymətlə 20 milyardlıq dövlət büdcəsinin gəlirləri və xərcləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyəcək. Korrupsiya layihələri də daxil olmaqla xeyli iri layihələrin maliyyələşdirilməsində problem yarandı. Odur ki, vəziyyətdən asan çıxış yolu kimi azalan məbləğin faiz ifadəsini hesablayıb dollar-manat məzənnəsinə tətbiq eləməklə 34% devalvasiya qərarı verdilər. Neftin qiyməti 37 dollara düşəndə də eyni oyunu oynadılar. Yəni hökumət devalvasiya qərarını qəbul edib o məqsədlə ki, büdcədə əmələ gəlmiş böyük boşluğu doldursun. Buradan çıxış edərək demək mümkündür ki, növbəti ilin büdcəsində oxşar problemlər yaşanacaqsa, bu hökumət oxşar qərarlar verməkdən çəkinməyəcək. Neft qiymətlərinin düşməsi ilə gəlirlərimizin kəskin azalması fonunda, idxal asılılığımızın yüksək səviyyədə olduğu bir məqamda növbəti devalvasiyanı istisna etmək mümkün deyil. Hətta, neftin indiki qiymətləri sabit qalsa da, bu mümkün deyil. Elə indinin özündə də manat hər gün dəyərdən düşməkdədir. Misal üçün, neft 20 dollara düşərsə, azı 40%-lik növbəti devalvasiya qaçılmaz olacaq.  Indiki iqtisadi şərait daha kövrəkdir. Və belə mövcud iqtisadi sistemin bu qədər miqyaslı devalvasiya qərarına duruş gətirmək imkanları ötən ilin əvvəli ilə müqayisədə xeyli zəifləyib.

“Problemli kreditlər artacaq”

– Dollarla kredit götürənlərin vəziyyəti daha ağır oldu. Nəyə görə Ukrayna və Qazaxıstanda vətəndaşların borclarını köhnə kursla ödənilməsi mümkün oldu. Amma Azərbaycanda bu mümkün deyil?

– Dollarla kredit borcu olanlar əvvəllər hər 100 dollar kredit borcuna görə 78 manat 44 qəpik ödəyirdilərsə, indi 170 manat ödəməlidirlər (1,70 məzənnə ilə dollar ala bilsələr). Deməli, bu kateqoriyadan borclu olanlar iki devalvasiya qərarından sonra əvvəl ödədiyinin üzərinə 92 manat da qoyub ödəməlidir. Yəni ödənilən məbləğ 2 dəfədən çox artıb. Onu da qeyd edim ki, zaman amili də dollarla kredit borcu olanların ziyanına işləyir. Çünki, manatın məzənnəsi hələ də düşməkdə davam edir. Yüksək faizlər sənədlər üzərində borcun miqyasını daha da artırır. Açığı, borclu olanların süni şəkildə yaradılmış bu problemin öhdəsindən gələ biləcəyini ağlıma da gətirmirəm. Əksinə, düşünürəm ki, problemli kreditlərin həcmi sürətlə artacaq və bu da banklara növbəti zərbə olacaq. Deməli, iqtisadiyyat, sosial həyat daha da ağırlaşacaq. Əlbəttə, Ukaraynada və Qazaxıstanda həyata keçirilən praktikanın bizdə də tətbiq olunması dollarla borcluların vəziyyətini xeyli yüngülləşdirə bilərdi. Ancaq, bununla da problemin həllini düşünmürəm. Axı borclular bu pulu qazanıb qaytarmalıdırlar. Bəs harada qazanacaqlar? Emal müəssisələrinin, xidmət sahələrinin, aqrar sektorun, tikintinin indiki durumu buna nikbin əsaslar vermir. Ölkəmizin qeyri-neft sektoru cazibəsini çox itirib. Odur ki, “bu saat verməlisən” deyib durmaqla məsələ həllini tapmır. Güzəştlər mexanizmi işlənib hazırlanmalıdır.

– Dollarla kredit götürənlərin vəziyyətini yüngülləşdirmək üçün, məsələn, elə addım atmaq olarmı ki, kreditin baza hissəsi əvvəlki kursla verilsin. Baza hissə bitdikdən sonra yeni kursa keçilsin?

– Əlbəttə, bunu bir variant kimi nəzərdən keçirmək olar. Amma, nəzərə almaq lazımdır ki, bizdə bankların kreditlərə görə tətbiq etdiyi faizlər çox yüksəkdir – 28-30%. Bir az da davam etsə, ötən ilin əvvəlinə olan kreditlərin baza hissəsi qədər də faizlər yığılacaq. Bax bu yığılan faizlər də dollarladır və sürətlə artmaqdadır. Deməli ki, kredit bazasını qaytarmaq nə qədər çətin olubsa, indi faizləri də qaytarmaq bir o qədər çətin olub.

“Xarici kapital ölkədən qaçır”

– Illər öncə beynəlxalq təşkilatlar təklif edirdi ki, iqtisadiyyatın digər sahələrini inkişaf etdirin. Bu istiqamətdə əsasən turizm və kənd təsərrüfatı sahələri idi. Amma məlum oldu ki 2015-ci ildə kənd təsərrüfatı ilində hökumət 52 rayonda kənd təsərrüfatı idarələri tikməklə kifayətlənib…

– Ciddi beynəlxalq təşkilatlar, həm ciddi araşdırmalara, həm gerçək məzmun kəsb edən məlumatlara, həm də beynəlxalq təcrübələrə istinad edərək təkliflər irəli sürürlər. Həmin beynəlxalq təşkilatlar Azərbaycan iqtisadiyyatının, əhalinin sosial təminat sisteminin və dövlət büdcəsinin neftdən asılı olduğunu görürdülər. Və başa düşürdülər ki, neftin qiymətləri artdıqca, bu asılılıq daha da böyüyəcək. Odur ki, hökumətimizi ayıq salmaq istəyirdilər ki, neft qiymətlərinin aşağı düşəcəyi günə hazır olsunlar. Lakin bu təklifləri düzgün dəyərləndirilmədi. Indi isə, qış qapının ağzını kəsib. Ölkədə insan haqları kobud şəkildə pozulursa, konstitusiya hüquqlarından istifadə etmək istəyən insanlar şərlənərək məhbəslərə doldurulursa, korrupsiya, monopoliya, rüşvətxorluq meydan sulayırsa, azad nəfəs almaq mümkün deyilsə və bütün bunları da dünya seyr edirsə, turizm elan çarxlarını dövriyyəyə buraxmaqla hansı sadəlövh turisti belə bir coğrafi məkana gətirə bilərsən ki? Sözümün canı budur ki, turizmin inkişafı baxımından çox vacib olan bir sıra tamamlayıcı işlər görülmədi. Eybəcər ictimai, siyasi və psixoloji mühit dəyişdirilmədi ki, tikilmiş yaraşıqlı mehmanxanalar, istirahət məkanları, bəzəkli hovuzlar turistlər üçün cəlbediciliyini qoruyub saxlaya bilsin. Yüksək qiymətlər də öz sözünü dedi. 2014-cü il “sənaye ili” elan edildi. Amma sənaye gəlirlərinin və istehsal göstəricilərinin aşağı düşməsinin qarşısını ala bilmədilər. 2015-ci ili “kənd təsərrüfatı ili” elan olundu. Lakin bu sahədə illərlə kök salmış problemləri yerindən tərpədə bilmədilər. “Pripiska” etməkdən də çəkinmədilər, taxıl istehsalına 27% artım yazsalar da, unun qiymətinin 55%-dən çox artmasının qabağını ala bilmədilər. Gərək kənd təsərrüfatı naziri də, hökumət də nəzərə alaydı ki, idarə tikməklə kənd təsərrüfatında problemlər həll olunmur.

– Maraqlıdır ki, rubl da devalvasiyaya uğradı. Amma Rusiyada rublun devalvasiyası ilə yanaşı qiymətlər də enir, Azərbaycanda tam əks-proses yaşanır. Buna səbəb nədir?

– Neftin ölkəmizin iqtisadiyyatında payı indi 40%-ə yaxındır. Bu göstərici 2010-cu ildə hətta 60%- yaxınlaşmışdı. Birbaşa və dolayı təsirləri nəzərə alsaq, dövlət büdcəsində neftin payı 80-85 faizdir. Xaricə satdığımız malların, misal üçün 2014 cü ildə 94%-dən çoxu neft və neft məhsullarından ibarət olub. Təsəvvür edin ki, 2014-cü ilin 11 ayında xarici ticarətdən 12,6 milyard dollar valyuta qazançımız olmuşdursa, bu ilin 11 ayında bu qazanc 80%-dən çox azalıb və 2,4 milyard dollara düşüb. Bu rəqəmlər göstərir ki, neftdən, neftin qiymətindən əhəmiyyətli dərəcədə asılı vəziyyətə gətirilmişik. Neftin qiymətləri yüksək olanda bu asılılığın zərərli tərəfləri özünü büruzə vermirdi. Qiymətlərin kəskin enməsi ilə hər şey bir-birinə dəyib. Təsəvvür edin ki, 11 aylıq ÜDM-in həcmi 17 milyard dollar azalıb. Bu, bir illik dövlət büdcəsi boyda itki deməkdir. Bu dövrün ixrac gəlrləri 10 milyard dollardan çox düşüb. Gəlirlərin kəskin azalması ilə qeyri neft sektoruna kapital yatırımları bir milyard manatdan çox azaldı, emal bölməsində, kənd təsərrüfatında istehsal həcmləri təsirli dərəcədə düşdü. Daxili bazarlarda böyük boşluq əmələ gəldi ki, bu boşluq da idxal hesabına dolduruldu. İki ardıcıl devalvasiya qərarı dolların məzənnəsini kəskin yüksəltdiyinə görə daxili bazarlarda mallar sürətlə bahalaşdı. Rusiyada isə, federal büdcə gəlirlərinin, ixracın neft-qazdan asılılıq səviyyəsi bizdəki qədər yüksək deyil. Rusiya iqtisadiyyatında bu sektorun payı nisbətən azdır. Xarici bazarlara çıxarmağa Rusiyanın xeyli çeşid malları var. Emal sənayesi, aqrar sektor Azərbaycanla müqayisədə xeyli inkişaf edib.. İdxal asılılıq səviyyəsi də nisbətən aşağıdır. Fikrimcə bu səbəblər toplusunun təsiri oldu ki, qonşu ölkədə qiymətlər bizdəki qədər bahalaşmadı.

– Ölkədən ciddi kapital axını var. Ölkəyə xarici investisiya yatırtmaq risklidir. Xarici şirkətlərin biznesi təhlükədədir. Çünki yerli valyuta stabil deyil. Bu ölkəyə nə vəd edir?

– Il ərzində Mərkəzi Bank xarici valyuta ehtiyatlarının 67 faizini və ya 10 milyardını itirib, milli valyutamız 100 faiz dəyərdən düşüb və proses bu gün də davam edir. Manatla ifadə olunan bütün varidat az müddətdə iki dəfədən çox dəyərini itirib. Bunun müşahidəsini aparan xarici investor əlində olan dolları və ya başqa bir xarici valyutanı necə və hansı ağılla manata çevirməlidir ki? Bəyəm, banklarda manatla depozit saxlayan maliyyə və qeyri-maliyyə təşkilatlarının, həmçinin əhalinin nə qədər itirdiyindən xəbərsiz oldular? Yaxud da, deyək ki, banka sərmayə qoymaq istəyən əcnəbi başa düşmür ki, indi Azərbaycanda dollarla verilən kreditlərə yaxın duran yoxdur? Bankların verdiyi kreditlərin geri dönmədiyindən xəbərsizdir, bəyəm xarici investorlar? Görürsünüzmü, xarici investisiyanın cəlb olunması, hətta burada saxlanılması yolunda nə qədər ciddi və həllini gözləyən problemlər dayanıb. Bu suallara cavab tapmayınca, qeyri-neft sektoruna xarici kapitalın cəlb olunması söz olaraq qalacaqdır.

“Siyasət dəyişməlidir”

– Maraqlıdır, siz ekspertlər deyəndə ki, ölkədə vəziyyət acınacaqlıdır, dövlət başçısı və məmurlar iqtisadi inkişafdan danışırdılar. Indi isə dövlət başçısı özü etiraf etdi ki, ölkə böhrandadır. Əgər hakimiyyətdən belə etiraf gəlirsə, o zaman real durum necədir?

– Ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, vəziyyət düşündüyümüzdən də ağırdır. Ölkənin qeyri-neft sahələrinə kapital yatırımı əhəmiyyətli dərəcədə azalıb, kreditlərin həcmi düşüb, demək olar, banklar fəaliyyətini dayandırıb, Mərkəzi Bankın yeritdiyi pul-kredit siyasəti yararsız vəziyyətə düşüb, qiymətli kağızlar bazarı ölüb, tikinti sektoru çöküb, kənd təsərrüfatı ağır durumda, emal sənayesi bərbad vəziyyətdə, korrupsiya, monopoliya meydan sulayır. Bir sözlə, ölkənin iqtisadi göstəriciləri günü-gündən pisləşməkdədir. Hələ ki, vəziyyətin sağlamlaşdırılması istiqamətində təsirli islahatlara şahid ola bilmirik. Indi təsəvvür edin ki, vəziyyəti yünügülləşdirən islahatlara hava-su kimi ehtiyac olduğu bir zamanda hökumət vergi dərəcələrini yüksəltməklə, əlavə vergi növləri icad və tətbiq etməklə, sahibkarlarla “bandotdel” dilində danışmaqla vəziyyəti daha da dözülməz edir. Belə davam etmək olmaz! Kaş ki, gərəkən islahatlarla bağlı çağırışlarımıza həm zamanında, həm də düzgün reaksiya veriləydi. Əminəm ki, düzgün nəticələr çıxarılsaydı, ciddi islahatlara zamanında başlanılsaydı böyük itkilərdən sığortalana bilərdik.

Islahatlara başlamaq hələ də gec deyil. Doğrusu, bu hakim komandadan bir şey gözləmirəm. Çünki, tamam fərqli situasiyanın komandasıdır. Yumşaq desək, hazırın naziri olmağa öyrəncəlidirlər. Indi bu ağır şəraitdə özünü itirməyən, islahatlar həyata keçirməyə qadir, düzgün qərarlar qəbul etmək imkanı olan, xalq üçün çalışan, fədakar, həm də yeni komandaya böyük ehtiyac var.

Xəyal