İkinci devalvasiyanın gerçək faizi 48 yox, 64-ə yaxın olub
Soruşsam ki, ikinci devalvasiya neçə faiz olub, əksəriyyətiniz 47-48 faiz deyəcəksiniz. Amma elə deyil. Bizi aldadıblar. Necə aldatdıqlarını izah edirəm. Əvvəla, razılaşaq ki, hələlik manat heç yerə üzmür, onun məzənnəsini Mərkəzi Bank nizamlayır. Sadəcə, ikinci devalvasiyadan qabaq banklara xarici valyutaların yuxarı satış həddini müəyyən edirdi, indi o həddi götürüb. İkinci devalvasiyanı isə bizə 3 mərhələdə, hissə-hissə təqdim edirlər. 21 dekabrdan 1 gün qabaq dolları 1.05 manatdan 1.07 manata qaldırdılar, 21 dekabrda isə 1.07 manatdan 1.55 manata. Sonrakı günlərdə də 1 dollar 1.55 manatdan hələlik 1.72 manata qədər qaldırıldı. İkinci devalvasiyanın faizini bunları nəzərə alaraq hesablayaq. Beləliklə, son 2 həftədə 1 dollar 1.05 manatdan 1.72 manata qədər bahalaşıb. İkinci devalvasiyanın gerçək faizi isə 48 yox, 64 faizə yaxın olub. Siz elə bilirdiniz ki, bunlar yalnız seçkini saxtalaşdırırlar?



