Əli Kərimli Rövşən Hacıyevi təbrik etdi

rovsen-haciyev2Yanvarın 6-da “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyevin 55 yaşı tamam olub. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Rövşən bəy, sizi, Azərbaycan mətbuatının tanınmış simalarından birini 55 yaşınız münasibətilə təbrik edirəm. Mənə görə, hər doğum günü insanın ötən dövrü necə yaşadığına dair özünə hesabat verməli olduğu gündür. Bu mənada siz alnı açıq, üzü ağ olanlardan birisiniz. Siz artıq 10 illərdir ki, özünüzü ölkəmizin tərəqqisi naminə ictimai-siyasi işlərə həsr etmisiz. Siz şəxsi həyatını az qala unudaraq, ürəyi cəmiyyətin dərdləri, problemləri ilə döyünən bir aydın kimi özünüzü təsdiq etmisiniz.

Uzun müddətdir ki, adı Azərbaycan mətbuat tarixinə şərəflə yazılan “Azadlıq” qəzetində çalışırsınız. Bu qəzetin sıravi əməkdaşlığından baş redaktorluğuna qədər böyük bir yol keçmisiz və hazırda da qəzetin ərsəyə gəlməsində onun redaktorlarından biri kimi əvəzsiz rol oynayırsınız. Xüsusilə, çoxlarının qələmini satdığı, maddi təminat naminə haqqı tərk edib, nahaqqın yanında yer aldığı indiki dövrümüzdə sizin kimi həqiqətin keşiyində duran, sözün müqəddəsliyini qoruyan, medianın gerçək missiyasını yaşadan yazarlarımız xalqımıza bir nəfəslik yaradır. İnanıram ki, sizin kimi düşünən əqidə insanları ilə, qələm yoldaşlarınızla, sevimli kollektivinizlə birlikdə xalqımızı indiki avtoritar idarəçilik bataqlığında boğulmaqdan qorumaq üçün çəkdiyiniz zəhmətlər hədər getməyəcək, tezliklə öz bəhrəsini verəcək.

Hörmətli Rövşən bəy, sizi bir daha 55 yaşınız münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, uğrunda mübarizə apardığınız demokratik Azərbaycanda uzun və sağlam ömür sürəsiniz.