Məmməd İsmayıl: «Yaqutiyadakı imkan sahibləri var-dövlətlərini haramdan yox, qardan, buzdan çıxarırlar»
Azərbaycanın görkəmli şairi Məmməd İsmayıl 2015-ci ildə bir neçə poeziya festivalında iştirak edib. Bu poeziya günləri ilə bağlı daha geniş bilgi verməsi üçün şairlə söhbətləşdik.
başlanğıcı ötən sayımızda
– Məmməd bəy, Saxa (Yaqutiya) səfəriniz necə keçdi?
– Icazənizlə bu suala da bir az öncələrə qayıdaraq cavab verərdim. 2012-ci ildə, noyabrın 15-dən 18-dək Çanaqqalada gerçəkləşdirilən şeir şöləninə şimaldan – Rusiyanın Tatarıstan, Başqırdıstan və Saxa respublikalarından özəlliklə Yaqutiyadan gələn şairlər Yelena Kuorsunnax və onun həyat yoldaşı Andryan Lukinlə görüşlərimiz, fikir mübadilələrimiz nədənsə məni 1973-75-ci illərə götürmüşdü. Bu da səbəbsiz deyildi. Moskvada Ikiillik Ali ədəbiyyat kurslarınında bir yerdə təhsil alan 40 nəfərdik. Ayrı-ayrı dillərdə danışsaq da, bir yerdə oxuduğumuz iki il izsiz keçməmiş, bizi bir-birimizə çox yaxınlaşdırmışdı. “1975-ci il iyunun sonlarında M.Qorki adına Ədəbiyyat Institutunun həyətində birgə son şəklimizi çəkdirəcək və bu ayrılığın hüznüylə də ”Qırx qardaş” adlı şeirimi yazacaqdım. Aleksandr Kuşnerin mükəmməl şəkildə rus dilinə çevirdiyi bu şeir, bir neçə başqa şeirimlə birlikdə “Drujba narodov”da çap olunacaqdı. SSRI-nin dağılmasından bir neçə il sonra kurs yoldaşım, hazırda Buryatiyanın xalq yazıçısı olan V.Mıtıpovun rus saytlarının birində “Biz hələ oyanacağıq…” adlı məqaləsini oxuyacaq və gizləmirəm, kövrələcəkdim. Mıtıpov Ali Ədəbiyyat kurslarında oxuduğumuz illəri dəyərləndirərək yazırdı ki, “1980-ci ildə, təhsil illərində Yaqutiyadan ”mavi gözlü dev” adlandırdığımız Nikolay Kabışevdən məktub aldım. Məktuba Məmməd Ismayılın “Drujba narodov” jurnalında çap olunmuş “Qırx qardaş” şeiri də əlavə olunmuşdu. Kolya bu şeiri 52 dərəcə soyuqda köçürdüyünü və bütün tələbə yoldaşlarımıza göndərdiyini yazmağı da unutmamışdı. Kabışev dünyasını çoxdan dəyişib, Məmməd Ismayılın vətəni də azadlığa çıxıb. Bəzən içimdə belə bir fikir oyanır ki, imkan olaydı, Məmməd Ismayıldan soruşaydım: “Məmməd, bu azadlıq sənə nə gətirdi? Vətəninin indi havası necədir? Və sənin indi hardasan, dostum, həyatdamısan?..”
Mıtıpovun bu yazısını oxuduqdan sonra Nikolya Kabışov adı istər-istəməz içimdə işıqlı bir duyğu selinə səbəb olmuşdu. Gerçəkdən də Kabışov, kursumuzun, Mıtıpov demişkən, “mavi gözli devi” idi. Amma o dev görkəmin içində uşaq saflığı, məsumiyyəti vardı. Kursumuzda hardasa 10-a yaxın türk qanlı yazıçı oxuyurdu. Bu o zamanlar idi ki, “Türk” kəliməsinin dilə gətirilməsi belə cinayət sayılırdı. Amma bilmirəm gəncliyimdən, beyni qanlığımdan, ya nədənsə bir dəfə sinifdə onlara, “Siz türk deyilmisiniz?”- dedim. Kimsə türklüyünü boynuna almaq istəmirdi. Bunu görüb barmağımın birini dörd barmağımdan ayırıb soruşdum: “Bu neçədir”. O zaman ayrı-ayrı ləhcələrdə səslər eşitməyə başladım: “Bır”, “biy”, “bir”, “bi”… Bu cavablardan sonra, “Yaxşı, türk deyilsinizsə, bu rəqəmin türk dilində necə səsləndiyini hardan bilirsiniz?” deyəcəkdim. Gərçi mənim kursdakı “Türk birliyi” ideyam alınmayacaqdı, Amma nə də olsa aramızda isti münasibət yaranacaqdı. Ən çox yaxın olduqlarım isə Qaraçay şairi və yazarı Musa Batçayev, qırğız Bakı Omuraliyev, yaqut Nikolay Kabışov olacaqdı.
Hələ o tələbəlik illərindən “mavi gözlü dev”in – Kolyanın vətəni, Türklüyün ən uc coğrafi bölgəsində yerləşən Yaqutiyaya getməyi arzulamışdım. Ona görə də mənə “Böyük qar lütfü, Ilk qar” Beynəlxalq Şeir Festivalına dəvətnamə göndəriləndə yaşımın irəlilləməsinə, yolun uzaqlığına baxmayaraq tərəddüdsüz müsbət cavab vermişdim. Dünyanın ən soyuq bölgələrinin birində, türklüyün ən uc, şimal nöqtəsində yerləşən, doqquz ay qarlar altında qalan, qışda şaxtası 52 dərəcəyə çatan bir ölkədə yaşayan insanların mübah iqlimlərindən fərqli olaraq, ən çox gördükləri və bəlkə də ən çox əzab çəkdikləri ilk qarın gəlişini bayramla, şeir festivalı ilə qarşılayan, bayram edən yaqutların bu müdrikliyi heyrət doğurur? Vətənləri əbədi buzlar ölkəsi olsa da, “Böyük qar lütfü” adlı şeir festivalı keçirə biləcək qədər səbirli və hikmət sahibi bir xalqdı yaqutlar, Ağac misalı köklərindən nə qədər uzaqlaşsalar da, köklərinə bir o qədər yaxındırlar. Getdim, gördüm, tanış oldum və qürur duydum… Bəlkə bu sevgiyə görə də Türkiyənin Suriya sərhəddində düşürülən hərbi təyyarəni bəhanə edən rus rəhbərliyi fürsət bu fürsətdir deyib, TÜRKSOYUN Rusiyadakı bütün türk bölgələrində fəaliyyətini qadağan edən qərarı da Türk dünyasındakı birlik arzularını baltalamaq üçündür…
– Yaqutiya səfərində sizi heyrətləndirən başqa nələr oldu?
– Mən cənubun – Çanaqqalanın 25 dərəcəlik payız istisindən şeirimin şimalın 52 dərəcə şaxtasında köçürüldüyü məmləkətinə gedirdim; gedirdim ki, Yaqutiyadakı dostlarıma sağ olduğumu, vətənimin ruhsal havasının necəliyini söyləyim…
Yollar boyu təyyarənin pəncərəsindən uzaq üfüqlərdəki şimal şəfəqlərinin oyanıq gözləri yuxusuz gözlərimi oxşamaqdaydı. Təyyarədən Yaqutski hava limanına, cənubun payızından şimalın qarlı qışına səhərin alatoranında enəcəkdim. Kim qarşılayacaqdı məni, necə qarşılayacaqdı? Bu suallar qafamı qarışdırarkən çıxışda əsil Sovet qaydasıyla düz-çörək və qımızla qarşılandığımızı görəcəkdim. Sən demə, uçduğum reysdə dünyanın və Rusyanın çeşidli yerlərindən gələn şairlər də varmış. Bizi Yaqutiya Yazıçılar Birliyinin sədri Natalya Xarlanpıyevanın başını çəkdiyi yazıçı və jurnalist dəstəsi qarşılayacaqdı. Bəri başdan deyim ki, festivala çox yüksək səviyyədə hazırlıq görülmüşdü. Yaqutiya Respublikasının prezdenti və mədəniyyət naziri olmaqla, hər kəs festivalın yüksək səiyyədə keçirilməsi üçün böyük çaba sərf etmişdi. Festival münasibətiylə bukletlər, festival iştirakçılarının yaqut dilinə axtarılmış şeirlərindən oluşan kitablar, hədiyyələr hazırlanmışdı. Dizəcən yağan qara, 25 dərəcə şaxtaya baxmayaraq görüş salonları dolub-daşacaqdı –
Yaqutiyada cəmi üç gün olacaqdım. Ərazisinə dörd Fransa yerləşəcək bu sərt, sərt olduğu qədər də canayaxın diyarın adamları təbiətlə iç-içə dünyaya insanlıq dərsi verir. Təbiətin, işarətlərin dilini bilir yaqutlar. Torpağının altı dəyərbiçilməz metallarla, üstü dəyərli insanlarla zəngin! – o bunu, bu onu tamamlamada. Səbrləri torpaqları qədər genişdi. Indi adını xatırlamadığım bir mədəniyyət işçisi qadın çıxışında vurğulayırdı ki, Yaqut anaları doğum sancıları keçirərkən çığı-bağır salmazlar, onlar bu hadisəni könül rahatlığı ilə qarşılayırlar, bu səbəbdən də yaqutlar səbrli, qismətlərinə düşən çox sərt təbiətlə barışıq içindədirlər. Yaqutiyaya getdiyimin ilk saatındaca ölkənin iki önəmli xalq yazıçısı, vətənpərvər Vasili Vasilyev ve Semyon Tumata məni dəstədən ayırıb maşınlarıyla Yaqutsk şəhəri çevrəsinin müqəddəs yerlərini gəzməyə götürdülər. Vasili varını-yoxunu xərcləyib dünya arxivlərini Yaqutların tarixi kökünü öyrənmək üçün ələk-vələk edən fırtına kimi yaqut-türk oğlu, qürur duyalacaq bir adamdır. Balaca vətənini böyük dünyaya tanıdacaq bir varlı və imkanlı azərbaycanlı tanıyırsansa, yerini mənə də söylərsən. Bunun səbəbi var – çünki Yaqutiyadakı imkan sahibləri var-dövlətlərini haramdan yox qardan, buzdan çıxarırlar!
Gecəsi gündüzünə qarışan bir sutkanın yol yorğunluğuna baxmayaraq, qışın dadını çıxarırdım. Məşhur Lena çayı məni buzları ilə qarşılamağı rəva görmədi, Hərdən buzlarının altından üzünü də göstərdi.
Semyon Tumata yazıçılığının yanında həm də mahir ovçudur. Lena çayının Şimal Buzlu Okeanına tökülən deltasında doğulub. “Bizim oralarda ağac bitmir, – deyir. – Insanlar keçimini ovçuluqla sürdürürlər, təbiət bizi, biz də təbiəti anlayırıq, yaydan qışa hazırlıq görürük. Çöllərdə vəhşi qaz yuvalarını axtarırıq, deyək ki, bir yuvada 6 yumurta var, onun üçünü mən götürürəm, yerdə 3-ü qalır. Birini də vəhşi qara quş götürür, ikisi isə qazın özünə qalır, mən də işimi bilirəm, qara quş da. Yumurtaların hamısını götürsək, gələn ilə barmağımızı yalayarıq axı. Qaz gərək yeni cücələr çıxarıb nəslini davam etdirsin ki, özləri də yaşasın, bizi də yaşatsınlar. Deyə bilərsiniz ki, qara quş qanmır, qanmır, bunları bilə-bilə bəs sənə nə düşüb ki, qazın yumurtalarını götürürsən. Şimalda allahın qarından, soyuğundan başqa toyuq-cücə adına heç nə bəsləyə bilməyən şimal insanı enerjili qidalar olmadan bütün qışı necə yaşaya bilər? Ona görə də əvvəlcədən işimizi bilir, qaz yuvalarını axtara-axtara uzun qışa hazırlıq görürük…”
Sadə olduğu qədər də təbiətlə iç-içəliyin fövqəladə önəmli örnəyi! Bunları uzun-uzadı söyləməkdə amacım odur ki, hər toplum yer üzündə onların payına düşən torpaqların dəyərini bilməlidir! Biz necə, bilirikmi?
Görüşlərimizin birində, “Yaqut almazını moskvalı geoloq Larisa Popuqayeva kəşf etmişdir” dedilər, mənsə çıxışımda, “elə bir şey yoxdur, almazı Allahdan bəxtlərinə düşən ölkələrinə ”yaqut” adı verən saxa türklərinin özləri kəşf etmişlər”,- dedim. Torpaqlarının altının dəyərli daşlarla zəngin olduğunu bilməsəydilər, heç ölkələrinə “yaqut” adını da verməzdilər.
– Yeri gəlmişkən, siz oradakı almaz mədənləri ilə tanış olmaq fürsəti əldə etdinizmi?
– Əlbəttə! Yaqutiyada olduğumuzun ikinci günü bizi almaz mədənlərinin yerləşdiyi “Mirni” şəhərinə aparacaqdılar. Iki saatlıq təyyarə ilə hava yolçuluğundan sonra Mirni hava limanına enəcəkdik. Bu şəhərin yerləşdiyi ərazidə almaz mədənlərinin kəşfinə qədər cəmi min nəfər yaşayırmış. Almaz çıxarılmağa başladıqdan sonra burada 10 min nəfərlik Mirni şəhəri salınıb. Xəritələrdə Yaqutiyanın ərazisində olan mədənlərin yerlərinə baxıram, hamısı, demək olar, anlaşılan türk adlarıyladır. Yaqut yazarları deyirlər, “yaxşı ki, ölkənin cənubundakı bu yaqut mədənləri Sovet dönəmində açılıb. Heç olmasa, onların ümumi gəlirindən biz yaqutlar da pay düşür”. Sovetlər Birliyindən sonra ölkənin şimalında kəşf olunan daha zəngin almaz yataqları moskvalı işbazların əlindədir və o yataqlardan yaqutlara bircə quruş da pay düşmür… Burda Yevtuşenkonun “Almaz yaqutların göz yaşılarıdır” ifadəsini xatıralamaqla yanaşı, “Varı başına bəla, Varın yoxsul ölkəsi” misralarımı da əlavə etmək istərdim… Sovet Ittifaqı yıxılsa da, simvolları sömürgəçiliyin rəmzi kimi Yaqutiyanın çox yerində qalır. Yaqutski şəhərinin əsas meydanı Leninin adını daşıyır. Meydanın baş ucunda onun nəhəng heykəli ucalır. Mirni şəhərində isə faşist Almaniyası üzərində qələbənin 70 illiyi münasibətiylə hətta Stalinə də heykəl qoyublar…
Yaqutlar şimal səbri ilə yeraltında kilometrlərlə uzanan mağaralar qazmış, “Əbədi buzlar ölkəsi” muzeyi yaradıblar. Oradakı eksponatların hamısı buzdandır. Yaqut memarlarının ölkə tarixinə, adət ənənəsinə, folkloruna aid buzdan düzəltdikləri heykəllər heyrət doğurur. Muzeyi gəzməklə bütünlükdə ucsuz-bucaqsız Yaqut torpaqlarının xarakterik yönlərini öyrənmiş olursan. Muzey əməkdaşları sizi buz masalara dəvət edib buz bakallarda buz bağlamış balıqla buz kimi arağa qonaq etməyi də unutmurlar.
Yaqut dili Türk dilləri içərisindən bəlkə də yad çəmbərində ada misalı qaldığından ilkinliyi qoruyub saxlayan ən önəmli linqivistik qaynaqlardan biridir.
Yeri gəlmişkən, onu deyim ki, Yaqutiyada dünyanın çeşidli ölkələrindən, daha çox da Rusyanın müxtəlif bölgələrindən gələn şairlər arasında hər yerdə və hər fürsətdə mənə ayrıca diqqət göstərilirdi. Bunun səbəbini nə yaşda, nə başda axtarmaq doğru olmazdı, bir əsas səbəb vardı: mənə sevgi türkçülüyə və Türkiyəyə olan sevgi idi! Mən Ali Ədəbiyat kurslarında oxuyarkən, o zaman Qorki adına Ədəbiyyyat Institutunda tələbə, indi ölkənin öndə gələn şair və yazıçıları olan yaqutlar şeir gecələrində mənim Moskvadakı təhsil illərində, gərək institutda, gərəksə də yaşadığımız yataqxanada necə diqqət mərkəzində olmağımdan elə şeylər danışırdılar ki, sözün düzü, hardasa içimdə 40 il öncəki Məmməd Ismayıla bir az da qibtə edəsi olurdum.
Nikolay Rerix deyirdi ki, insan öldükdən sonra da o dünyadan bu dünyaya təsir göstərə bilər. Mən buna özümə inandığım kimi inanıram. Böyük rus şairi dostum, tərcüməçim Yuri Kuznetsovun ruhu da Yaqutiyada mənimlə idi. Festivalda iştirak edən rus şairləri yaqutların mənə olan sevgisini bəlkə böyük Yuri Kuznetsova görə qısqanıb eləmirdilər. Mirni şəhər kitabxanasındakı görüşümüzdə Kuznetsovdan tərcümələr oxuyacaqdım. Hələ Sovet Ittifaqı dönəmində Y.Kuznetsov ikiyə parçalanmışlığımızı (ikiyəmi?!) simvollarla orataya çıxaran “Nar” şeirimi elə mükəmməl tərcümə etmişdi ki, Moskva mətbuatında nəinki senzura əngəliylə qarşılanmış, əksinə, haqqında tərif dolu yazılar da yazılmışdı. “Nar” şeirim təkcə salondakıları yox, eyni zamanda görüşdə iştirak edən şairləri də həyəcanlandırmışdı.
Sözün tam anlamıyla Yaqutiyada nağıl kimi günlər keçirəcək, xeyli dost qazanacaq və içi dopdolu geriyə dönəcəkdim. Festivalın təşkili və keçrilməsi mükəmməlliyin zirvəsi idi…
Təvazökarlıqdan uzaq olsa da deyim ki, ünvanıma gələn mesajlardakı “Yaqutiya diyarı sizi heç zaman unutmayaqcaq!” sözləri köksümü qabardacaqdı. Və hələ indiyə qədər qatıldığımın heç bir festivalın arxasından bu qədər məktub almamışdım…
– Azərbaycanda da ənənəvi və yeni poeziya festivalları keçirilir. Amma onlar ölkənin ədəbi-mədəni həyatında canlanma yaratmır, hadisəyə çevrilmir. Bunun səbəbini, yaxud səbəblərini nədə görürsünüz?
ardı var
Elnur Astanbəyli