Beş yüz nəfərlik seminarda təlimçi iştirakçılara bir qrup çalışması verdi. Hamıya şar paylandı. Hər kəs qələmlə öz şarına adını yazmalıydı. Sonra bütün şarlar toplandı və qarışıq şəkildə bir otağa yığıldı. Iştirakçılar 5 dəqiqə içində üzərinə adları yazılmış şarı tapmalı idilər. Hamı dəli kimi öz adını axtarmağa başladı və otaqda xaos yarandı. 5 dəqiqə içində kimsə öz şarını tapa bilmədi. Təlimçi bu dəfə hər kəsin bir şar götürməsini və onu üzərində adı yazılan adama verməsini tövsiyə etdi. Bir neçə dəqiqə içində hər kəs öz şarını tapdı… Təlimçi dedi: “Həyatımız da belə. Hər kəs xoşbəxtliyin harda olduğunu bilmədən dəli kimi onu axtarır. Hansı ki, bizim xoşbəxtliyimiz başqalarının xoşbəxtliyində gizlidir. Bunu onlara verin ki, sizinki də sizə gəlsin…”
Yüz minlərin, milyonların dərd-sər içində boğulduğu bir ölkədə insan özünü necə xoşbəxt sayar? Yüz minlərin yoxsulluq həddindən aşağı yaşadığı bir cəmiyyətdə ləziz-ləziz yeməklər insanın boğazından necə rahatlıqla keçər? Bu qədər kədərli gözlərin dikildiyi yerdə insanın üzü heç nə olmamış kimi necə gülə bilər? Bunca yarıac toplumun arasında insan yalnız öz kef-damağı haqqında necə düşünə bilər? Insan bu qədər əyləncəyə, şouya, məzhəkəyə necə həvəsli ola bilər? Axı bəzən başqasını sevindirmək üçün sadəcə əlinizi uzatmaq da yetər. Bəzən hədiyyəlik bir şeyiniz olmasa belə, ovcunuzun istisi də bəs edər. Kiçik bir təbəssüm içini işıqlandırar qarşınızdakı insanın, ovqatını dəyişər, ümid qığılcımı yandırar gözlərində. Biz nə zaman unutduq bu şeyləri? Nə vaxt yadırğadıq çevrəmizdəki insanların dərdlərinə göz yummağı? Özümüzü yalnız mədəmizin toxluğuna nə vaxt alışdırdıq? Nə vaxt unutduq tikəmizi qonşuyla bölüşməyi, əlimizdəkini çevrəmizlə paylaşmağı? Hələ bunlar azmış kimi, başqasından çırpışdırmağı, halal-haram demədən varlanmaq üçün dəridən-qabıqdan çıxmağı, yetim-yesirin payını utanıb-qızarmadan qapıb yeməyi nə vaxt öyrəndik? Biz kökdən, binadan belə deyildik axı. Belə olmadığımıza ən azı böyüdüyümüz ailələrin, bölgələrin, kəndlərin adət-ənənələri şahiddir. Biz o yerlərdə sevgini, sevinci, kədəri, loxmanı paylaşmağın, yardımlaşmağın ən gözəl örnəklərini görmüşük axı. O paylaşmanın sevincinə ortaq olmuşuq axı illərcə. Biz niyə bu günlərə qaldıq ki?
Bəli, biz böyük sərvətlər ölkəsində xoşbəxtliyi oğurlanmış insanlarıq. O təlimçinin bəhs etdiyi nümunə kimi baxsaq, sanki adamlardan biri öz şarını tez tapmaq üçün hər kəsin şarını ayaqlayıb partladıb. Sanki biri öz xoşbəxtliyi naminə qəddarlıqla hamının adını tapdayıb keçib. Insaf, mərhəmət, ədalət demədən hamının haqqına girib biri. Bəlkə o üzdən illərdir kimsə axtardığını tapa bilmir bu ölkədə. Kimsə itiyinin arxasınca gedib onu geri qaytara biləcəyinə inanmır. Bütün xəyallarını, arzularını, ümidlərini suya buraxmış kimi onun arxasınca düşmək istəmir. Sanki bu ölkədə xoşbəxtliyə gedən yolların üstündə bir əjdaha dayanıb və insanlar o əjdaha ilə bacara bilməyəcəklərinə inanıb çarəsiz şəkildə oturublar. Illərdir böyük milyonları əlindən çıxan, evi, cibi, xəzinəsi, ölkəsi talanan insanlar xoşbəxtliyin açarını harda itirdiklərini unudublar. Heç onu xatırlamağa da səy göstərmirlər. Bu ölkənin insanı ruhunu əzdirib sanki. Kimsənin kimsəyə yardım etməyə, əl uzatmağa, dəstək olmağa heyi qalmayıb. Dərd odur ki, kimsənin özünə belə yardım etməyə halı yox. Özünüzə gəlin, insanlar, hardasınız?..