Devalvasiyalardan zərbə alan iqtisadiyyatı ayaqda necə saxlamalı?

iqtisadi-felaketAzərbaycan yenidən xarici borclanmaya əl atsa, Yunanıstanın gününə düşə bilər

2015-ci ildə ölkə iqtisadiyyatında baş verən kataklizmlər büdcə təşkilatlarından da yan keçmədi. 21 fevralda dollara nisbətdə 34 faiz, dekabrda isə 47 faizdən artıq dəyər itirən milli valyuta iqtisadiyyatın bütün sahələrində dərin iz qoydu. Dövlət büdcəsi kəsirlə icra olunmaqla yanaşı, rəsmi qurumlar, özəl sektor ağlagəlməz yollara əl atmaqla vəziyyətdən çıxmağa çalışdı. Özəl sektorda iş yerlərinin bağlanması, büdcədən maliyyələşən təşkilatlarda isə baş verən ixtisarlar iqtisadiyyatın laxlamasına rəvac verdi.

Bir ildə baş verən iki devalvasiya prosesi ölkənin xarici borcuna da təsirsiz ötüşmədi. Xatırladaq ki, 2016-cı ildə ölkənin xarici borcunun ödənilməsinə 1,2 milyard manat  ayrılmışdı. Lakin devalvasiya prosesləri manatı “öldürdüyündən”, xarici borcun qaytarılmasında da ciddi problemlər yaranıb. Adi hesablamayla desək, həmin borcun qaytarılması üçün 1,2 milyard manat hazırda 1,5 milyard dollar civarında hesablanmalıdır.

Ekspertlər isə bu xüsusda hələ öncədən bəzi proqnozlarını ortaya qoyurdular. Proqnozlara görə, “Azərsu”, “Azərenerji” və bu kimi inhisarçı qurumlar bəlli borclarını vaxtında qaytarsa, bəlkə də büdcədə bu həddə kəsir yaranmaz. Həmçinin vergi borcu da büdcə daxilolmalarına ciddi təsir göstərməzdi.

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, ölkənin xarici borcu ümumdaxili məhsula nisbətdə 10 faizdən çox deyil: “Bəzi maliyyə ekspertləri xarici borcu artırmağı, xaricdən borc almağı təklif edirlər. Lakin bununla razılaşmaq olmaz. Çünki Azərbaycanın elə bir potensialı yoxdur ki, külli miqdarda olan xarici borcu gələn nəsillər qaytara bilsin. Belə olsa, yəni xarici borclanmaya gedilsə, Yunanıstanın vəziyyətinə düşə bilərik”.

Nigar