“Cavidə güvənib bunu elədin?”

rasim-eliyevJurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı məhkəmə prosesi başladı

“Bu cinayət işinin hər səhifəsindən həkim məsuliyyətsizliyi tökülür”

Jurnalist Rasim Əliyevi döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin – Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin mühakiməsi başlayıb. Adları çəkilən şəxslər dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi, Əlisultan Osmanov və Cavid Hüseynovdan ibarət hakimlər heyətinin qarşısına çıxarılıb.

Cavid Hüseynov şahid kimi dindiriləcək

Xatırladaq ki, Rasim Əliyev “facebook” səhifəsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovu tənqid edən status yazdığına görə avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-da səhərə yaxın 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Bu iş üzrə yuxarıda adları çəkilən beş nəfərlə yanaşı, futbolçu Cavid Hüseynov da həbs olunub. Onlar CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsilə ittiham olunduğu halda, Cavid Hüseynova yalnız CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə və ya ağır cinayəti gizlətmə) maddəsilə ittiham verilib. Üstəlik, bu cinayət işi üzrə Bakı şəhər prokurorluğunda ibtidai istintaq başa çatandan və tərəflər iş materialları ilə tanış olandan sonra Cavid Hüseynovun işi üzrə icraat ayrılıb. Ona görə də dünən müttəhimlər kürsüsündə əyləşənlər arasında o, yox idi. Məlumata görə, onun barəsindəki cinayət işi də artıq Səbail Rayon Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində Cavid Hüseynov təqsirləndirilən şəxslər sırasında olmasa da, onun adı bu iş üzrə şahidlər siyahısına daxil edilib. Yəni o, bu məhkəmədə də dindiriləcək, amma şahid qismində…

Bundan başqa, Rasim Əliyev Bayıl qəsəbəsində döyülərkən onun telefonu və pulqabı hadisə yerində düşüb. Onların götürülməsilə əlaqədar Elşən İsmayılov və Arif Əliyevə CM-nin 126.3-cü maddəsilə yanaşı, həm də 177-ci (oğurluq) maddəsilə ittiham verilib.

Dünən məhkəmənin hazırlıq iclasında əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, onlardan Samir Mustafayev 1990, Elşən İsmayılov 1994, Camal Məmmədov və Kənan Mədətov 1995, Arif Əliyev isə 1996-cı il təvəllüdlüdür. Daha sonra onların hüquqlarını müdafiə edən vəkillər təqdim olunub.

“Cinayət işi prokurorluğa qaytarılsın”

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində mərhum jurnalistin anası Teyfurə Əliyeva iştirak edir. Onun hüquqlarını isə vəkillər Əsabəli Mustafayev və Fariz Namazlı müdafiə edir. Adları çəkilən vəkillər hazırlıq iclasında vəsatət qaldıraraq, cinayət işinin baxışına xitam verilməsi və onun yenidən araşdırılması üçün prokurorluğa qaytarılmasını istəyib.

Fariz Namazlı bildirib ki, bu iş üzrə ibtidai istintaq tam, hərtərəfli aparılmayıb: “Bu işdə aşkar həkim səhlənkarlığı var. Lakin istintaq orqanı bunu müəyyənləşdirməyib. Təqsirləndirilən şəxslərə ittiham verilən maddələrin tövsifi də düzgün deyil. Xahiş edirəm, bu cinayət işi yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılsın”.

Zərərçəkmişin digər nümayəndəsi Əsabəli Mustafayev də işin ibtidai istintaqa qaytarılması üçün iki məqamın üzərində dayanıb. Bunlardan biri həkimlərin məsuliyyəti, ikincisi isə futbolçu Cavid Hüseynovun işinin ayrılmasıdır: “Biz bu vəsatəti hazırlayarkən həkimlərin özlərinin istintaq zamanı verdikləri ifadələrə əsaslanmışıq. Həkimlər özləri də ifadələrində etiraf ediblər ki, Rasim Əliyevə xəstəxanada yetərincə tibbi yardım göstərilməyib. Nə qədər ki, Rasim Əliyevin ölümündə həkimlərin məsuliyyəti müəyyən edilməyib, bu işə ədalətli baxıla bilməz. Bu iş prokurorluğa qaytarılmalı və onların məsuliyyəti müəyyən edilməlidir.

Bu işin istintaqa qaytarılmasını zəruri edən digər səbəb isə Cavid Hüseynov amilidir. Onun barəsində cinayət işinin ayrılması, özü də bu addımın istintaq başa çatandan sonra atılması qətiyyən düzgün deyil. Nəzərə almaq lazımdır ki, bütün istintaq boyu bir cinayət işi üzrə araşdırma gedib. Əgər Cavid Hüseynovun işinin ayrılmasına Cinayət Prosessual Məcəllənin 49-cu maddəsində nəzərdə tututan əsaslar vardısa da, bunu istintaq dövründə eləməli idilər. Lakin istintaq başa çatandan, biz iş materialları ilə tanış olandan sonra onun işi ayrıldı. Halbuki, bu mərhələdə ayrıla bilməzdi. Hətta bu mərhələdən sonra da ayrılmasına əsas olsaydı belə, bunu artıq məhkəmə eləyə bilərdi”.

Daha sonra Fariz Namazlı bildirib ki, əgər məhkəmə işin istintaq orqanına qaytarılmasına dair vəsatəti təmin etməsə, bu halda, onların bir sıra şəxslərin əlavə şahid qismində dindirilməsi haqda daha bir vəsatəti var: “İbtidai istintaq zamanı Rasim Əliyevin dostları, onunla eyni palatada yatmış xəstə, tibbi personal da daxil olmaqla, çoxsaylı adamlar şahid qismində dindirilib. Lakin ittiham aktına məhkəmədə dindirmək üçün cəmi 7 şahidin adı daxil edilib. Onlar da birbaşa və ya dolayısıyla hadisəni görən adamlardır. Biz isə həm də Rasim Əliyevin ölümünün səbəbinin müəyyənləşdirilməsini istəyirik. Ona görə də ibtidai istintaq zamanı ifadə vermiş digər şəxslərin də məhkəmədə dindirilməsi vacibdir. Tibbi personalın ifadələrində Rasim Əliyevin xəstəxanaya nə vaxt daxil olduğu, nə vaxt əməliyyata aparıldığı və s. məqamlar öz əksini tapıb. Onlar dindirilməlidir ki, Rasim Əliyevin ölümündə həkim məsuliyyətsizliyinin olub-olmaması da aydınlaşdırılsın”.

Fariz Namazlı məhkəmədə əlavə şahid qismində dindirilməsini istədiyi şəxslər arasında həkimlər, tibb bacıları, anestezioloq, Rasim Əliyev xəstəxanada olarkən onunla görüşənlər, o cümlədən Məmmədəli Əliyev, blogger Mehman Hüseynov, dostu Aydın Mahmudov və Ramil adlı palata yoldaşı vardı.

Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərkən deyib ki, ittiham aktı düzgün tərtib edilib və işin ibtidai istintaqa qaytarılmasına ehtiyac yoxdur.

Jurnalistin ölümündə həkim səhlənkarlığı

Maraqlıdır ki, təqsirləndirilən şəxslərin vəkilləri də zərərçəkmiş tərəfin vəsatətlərini müdafiə ediblər. Vəkillərdən Səfər Hüseynov, Bəxtiyar Hacıyev, Rəsul Yusifbəyli vəsatətlərə münasibət bildirərkən Rasim Əliyevin ölümündə həkim məsuliyyətsizliyinin də rolu olduğunu vurğulayaraq, işin ibtidai istintaqa qaytarılması fikrini dəstəkləyiblər.

Təqsirləndirilən şəxslərdən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli çıxışında vurğulayıb ki, bu ölüm hadisəsində həkim səhlənkarlığının rolu iş materiallarından da görünür: “Bu ölüm hadisəsində cinayətkarcasına həkim səhlənkarlığının olması faktdır. İş materiallarının birinci səhifədən axırıncı səhifəyə qədər bu səhlənkarlıq tökülür. Elə tibbi personalın öz ifadələrindən də görünür. Adam xəstəxanaya gəlib deyir ki, ölürəm, onu altı saat saxlayandan sonra əməliyyata aparırlar…”

Lakin məhkəmə vəsatətlərin heç birini təmin etməyib. İşin ibtidai istintaqa qaytarılması barədə vəsatət ümumiyyətlə, rədd edilib. Əlavə şahidlərin dindirilməsi haqda vəsatət isə baxılmamış saxlanılıb. Hakim bildirib ki, ittiham tərəfin əsas şahidləri dindiriləndən sonra bu məsələyə baxıla bilər. Hazırlıq iclasının qərarına əsasən, iş məhkəmə baxışına verilib və məhkəmə iclası yanvarın 12-nə təyin olunub.

 

“Cavidə güvənib bunu elədin?”

Onu da qeyd edək ki, hakimlər hazırlıq iclasının yekunu ilə bağlı qərar qəbul etmək üçün müşavirədə olduğu müddətdə zərərçəkmiş Teyfurə Əliyeva məhkəmə zalındakı şüşə kabinədə olan təqsirləndirilən şəxslərə üzünü tutaraq, onları Rasimi çay içmək adı ilə aldadıb görüşə çağırıb, sonra da döyüb öldürməkdə ittiham edib. Teyfurə Əliyeva təqsirləndirilən beş nəfərdən üçünü Elşən İsmayılov, Arif Əliyev və Camal Məmmədovu günahlandırıb: “O biri iki nəfərlə işim yoxdur, sizi Allahın lənətinə gələsiz. Ananız mənim kimi ağlar qalsın. Bütün Azərbaycan sizi lənətləyir. Sizin kimilər Azərbaycana ləkədir”.

Ana xüsusən Elşən İsmayılova üzünü tutub: “Rasimi çay içmək adı ilə aldadıb, üstünə bir qoşunla niyə gəlirdin? Heç utanırsan? Çağırmışdın, kişi kimi tək gələydin də… Cavidə güvənirdin, ona görə bunu elədin? Heç olmasa, gecə-gündüz əziyyət çəkib səni saxlayan atana yazığın gələydi…”

Futbolçunun işini gizli aparmaq üçün ayırdılar

Mərhum jurnalistin atası Məmmədəli Əliyev məhkəmədən sonra mediaya açıqlamasında bir daha oğlunun ölümünə görə Cavid Hüseynovu ittiham edib və futbolçunun cinayət işinin ayrılmasına etirazını bildirib: “Biz lap əvvəldən bunu bilirik və deyirik ki, günahkar, bu işin təşkilatçısı Cavid Hüseynovdur”.

Vəkil Fariz Namazlı da Cavid Hüseynovla bağlı işin gizli aparılması üçün ayrıldığını deyir: “İstintaq belə nəticəyə gəlib ki, Cavid Hüseynov bu işdə təşkilatçı deyil, yəni Rasim Əliyevin döyülməsi onun sifarişlə olmayıb. Onun işində Rasim Əliyevin valideynləri də zərərçəkmiş qismində tanınmayıb. O işi ayırıb, gizli şəkildə aparırlar, yekunda nə qərar veriləcəyi də bəlli deyil. İşə məhkəmədə nə vaxt baxılacağı barədə də bizə heç bir məlumat verilməyib”.

Aytən Məmmədova