abd-kongres

ABŞ azərbaycanlıları Əliyevə qarşı sanksiyaları dəstəkləyir

abd-kongresABŞ-da yaşayan bir qrup azərbaycanlı Helsinki Komissiyasının Azərbaycan hökumətinə qarşı sanskiayalara dair Konqresə təqdim etdiyi qanun layihəsini dəstəkləmək üçün kampaniya başladıb.

Xatırladaq ki, nüfuzlu konqresmen, Helsinki Komissiyasının rəhbəri Kristofer Smitin imzası ilə təqdim olunan “Azərbaycan Demokratiya Aktı” adlı qanun layihəsində Azərbaycanın, başda prezident ilham Əliyev olmaqla, rəhbər şəsxləri və onların ailə üzvlərinə viza qadağası, onların, eləcə də onlarla biznes əlaqəsində olan şəsxlərin hesablarına, mal-mülklərinə əl qoyulması, həmçinin, bir sıra başqa ağır sanksiyalar nəzərdə tutulur.

ABŞ azərbaycanlılarının bu layihəyə dəstək məqsədilə yaratdıqları petisiyada göstərilir ki, Azərbaycan hökumətini insan haqları və demokratik dəyərlərə hörmətlə yanaşmağa məcbur etmək üçün sanskiyalar vacib görünür. Müracitədə Konqres üzvlərindən Kris Smitin layihəsinə dəstək vermələri istənilir. Qeyd olunur ki, ölkədə 100-dək siyasi nəhbus var və ölkə başçısı İlham Əliyevin imzaladığı son əfv sərəncamında onlardan birinin də adı olmayıb. Bu əfv fərmanı ilə İlham Əliyev bir daha demokratik islahatların olmayacağını, siyasi məhbusların azad edilməyəcəyini və siyasi motivli həbslərin davam edəcəyini nümayiş etdirdi. O, ABŞ-a bir daha mesaj verdi ki, heç bir demokratik islahat həyata keçirməyəcək və siyasi məhbusları azad etməyəcək.

Bunları nəzərə alaraq biz, ABŞ-da yaşayan azərbaycanlılar Konqresdən bu qanun layihəsinə dəstək göstərməyi xahiş edirik. ABŞ-da yaşayan azərbaycanlıların əksəriyyəti demokratiyanın boğulması səbəbindən Azərbaycanı tərk etmiş və bir çox məhrumiyyətlərlə üzləşmişdir. Biz həmvətənlərimizin qanunsuz həbs olunmasına, türmələrdə çürüməsinə göz yuma bilmərik. ABŞ azərbaycanlıları əmindir ki, sanksiyalar effektiv ola bilər və fakt budur ki, sanksiyalardan başqa siyasi məhbusların azad olunması üçün təzyiq vasitələri tamamilə tükənmişdir. Ümid edirik ki, İlham Əliyev digər totalitar rejimlərin taleyini bir daha düşünüb öz xalqı ilə düşmənçiliyə son qoyacaq.

ABŞ azərbaycanlıları İlham Əliyevdən təcili demokratik islahatlara start verilməsini və siyasi məhbusların azad olunmasını tələb edir.

Düşünürük ki, viza sanksiyaları müsbət nəticələr verəcək. Bu səbəbədən ABŞ Konqresindən xahiş edirik ki, Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq olunsun. Həmçinin bu sanksiyaların sadə Azərbaycan vətəndaşlarına qarşı olmadığını xalqa çatdırmaq istəyirik. Bu qanun layihəsinin erməni lobbisi ilə də heç bir əlaqəsinin olmadığını bəyan edirik. Azərbaycan xalqını hakimiyyətin apardığı gülünc təbliğata inanmamağa və öz hüquqlarını tələb etməyə çağırırq. Bu yolda biz hər zaman Azərbaycana dəstək olacağıq”, – deyə petisiyada qeyd olunur.

Kampaniyanın təşkilatçıları bildirib ki, ilk olaraq bu müraciət ABŞ-da yaşayanlar üçün nəzərdə tutulsa da, dünyanın başqa yerlərində, eləcə də Azərbaycanda yaşayanlar da imza verə bilərlər. İmza üçün bu linkə daxil olun.