Bu haqda tanınmış vəkil Aslan İsmayılov özünün Facebook səhifəsində məlumat yayb. Vəkil yazır:
“Son günlər yerli TV-lərdə xəbərlərə baxıram. Bu gün demək olar ki, bütün TV-lər Horadiz əməliyyatından danışdılar. Bütün kadrlarda bu yaxınlarda tanış olduğum KOMANDİR deyə müraciət etdiyim polkovnik Şair Ramaldanovu gördüm. Həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, nəhayət ki, TV-də bu Vətənə həqiqətən oğul olmuş, təmannasız qulluq etmiş bir VƏTƏNDAŞ gördüm. Kədərləndim ona görə ki, Qarabağ döyüşlərində qələbə qazanmış, bu gün də keçmiş əsgərləri tərəfindən sevgi ilə xatırlanan, torpaqlarımızı işğaldan azad etmiş yeganə, sözün əsl mənasında, KOMANDİR 55 yaşından təqaüdə göndərilib. Onunla qiyabi tanışlığım hələ 2005-ci ildən başlamışdı. Həmin vaxtlardan Tariyel Kərimov adlı Ordubadlı balası ilə işləməyə başladım. Daim bir yerdə olurduq. Harada bir mərdlik, dürüstlük, vətənpərvərlik, insanlıq, ciddilik, yəni insana xas olan müsbət bir hal görəndə daim deyərdi: “Bizim komandir kimi insandır”. Bu hal illərlə təkrar olundu. Söhbətlərdən bildim ki, o, Qarabağ müharibəsində Şair Ramaldanovun sürücüsü olub. Tariyelin də Qarabağ müharibəsi iştirakçısı, dürüst, mərd, Vətənini sevən insan olduğunu bildiyimdən Şair Ramaldanovla məni tanış etməsini xahiş etdim. Nəhayət ki, 2015-ci ilin noyabr ayında biz görüşdük. Onunla axşam saat 6-da başlayan görüşümüz təxminən saat 12-də başa çatdı. Bu söhbət zamanı Azərbaycanda heç vaxt rastlaşmadığım bir Şəxsiyyət gördüm. Bəli, heç vaxt siyasət, vəzifə, var-dövlətlə maraqlanmayan, Vətəni Azərbaycanı təmannasız, dəlicəsinə sevən, fiziki göstəricilərinə, içindəki enerji, gələcəyə inama görə gənc təsiri bağışlayan, məhz buna görə də bu gün peşəsindən uzaqlaşdırılan bir insan gördüm. Onu dinlədikcə özümün yaşadığım həyatı gördüm. Görüş qurtardıqdan sonra 20 il bundan əvvəl sürücüsü olmuş, bayırda maşında oturub bizi gözləyən Tariyel mənə dedi: “Aslan müəllim, bağışlayın, siz özünüz gedin, mən komandiri evə aparacam”. Buna heç təəccüblənmədim. Sakitcə piyada evə gəldim. O məqamda bir daha əmin oldum ki, həqiqətən müharibədə ancaq komandirlərinə inanan, həyatlarını ona etibar edən, onu sevən, məhz buna görə də sona qədər KOMANDİRə sadiq olan əsgərlər qələbə qazana bilər.
Sadəcə məlumat üçün bildirim ki, Şair Ramaldanov Bakıda hərbi məktəbi fərqlənmə diplomu ilə, sonra Moskvada Frunze adına Hərbi Akademiyanı bitirmiş, iki dəfə rəhmətlik Heydər Əliyev tərəfindən, o cümlədən birinci dəfə Horadiz qəsəbəsindən başqa 22 yaşayış məntəqəsini azad etdiyinə görə Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuş, hərbə həsr olunmuş 10 kitab müəllifidir. Əvəzində isə bir kvadrat metr torpaq almayanlar bu gün general və vəzifə başında, Şair Ramaldanov isə polkovnik rütbəsində və təqaüddədir.
Şair Ramaldanov və onu kimilərə bu cür münasibətə görə Qarabağ bu gün də işğal altında Vətənimiz isə bu günkü durmdadır.
P.S. Təyinatına mənim də sevindiyim Müdafiə Naziri Zakir Həsənovun doğrudanmı Şair Ramaldanov adlı bir komandirdən xəbəri yoxdur?!”