“Ərəbistan-İran gərginliyinin neftə təsiri qısa olacaq”

neftNeft ehtiyatlarına görə dünyanın ən zəngin bölgəsi olan Yaxın Şərqin mühüm iki ölkəsi Səudiyyə Ərəbistanı və İran arasındakı diplomatik böhranın neft qiymətlərinə təsirinin uzun çəkməyəcəyi bildirilir.

Mütəxəssislər, iki ölkə arasında şənbə günü başlayan gərginliyin bazar ertəsi günü xam neftin qiymətlərində 2%-lik yüksəlişə səbəb olduğunu, ancaq bu vəziyyətin uzun sürməyəcəyini ifadə edirlər.

Londonda yerləşən müstəqil araşdırma və məsləhət qurumu Capital Economics-in Əmtəə Mütəxəssisi Tomas Pugh, bölgədəki iki önəmli gücün birbaşa toqquşma ehtimalının çox aşağı olduğunu deyib.

“Riyad və Tehran, birbaşa qarşıdurma əvəzinə, regionda Liviya və Suriya kimi mühüm neft istehsalçısı olmayan üçüncü ölkələr üzərindən məzhəb münaqişələri edir. Sözügedən münaqişələr, uzun dövrdə qiymətlər üzərində mənfi bir vəziyyət yaratmaz”.

Keçmişdə İranın, region və dünya ölkələrini, Hörmüz Boğazından neft axınını kəsməklə təhdid etdiyini xatırladan Pugh, “Qlobal neft ehtiyatları bu gün o qədər çoxdur ki, bu təhdid əvvəlki kimi etibarlı deyil. Bundan başqa, Qərbin bu vəziyyətə icazə verəcəyini düşünmürəm. Qərb ölkələri hələ İran üzərindəki sanksiyaları qaldırmayıb”- deyib.

“YAXIN ŞƏRQ ƏVVƏLKİ KİMİ TƏSİR ETMİR”

Capital Economics-in Əmtəə Araşdırmaları və Qlobal İqtisadiyyat üzrə mütəxəssisi Culian Jessop da “Qlobal bazardakı təklif çoxluğu və yüksək neft hasilatına görə, Yaxın Şərqdə ortaya çıxan geosiyasi risklər, neft təklifi təhlükəsizliyinə və xam neftin qiymətlərinə əvvəlki kimi təsir etmir” qiymətləndirməsini edib.

İqtisadiyyatı böyük olan ölkələrin xam neft tələblərinə işarə edən Jessop, Çin və ABŞ kimi neft istehlakı yüksək olan ölkələrdən gələn makroiqtisadi göstəricilərin neft qiymətləri üzərindəki təsirinin daha böyük olduğunu qeyd edib.

Jessop, iki ölkə arasındakı gərginlikdən sonra Səudiyyə Ərəbistanının neft istehsalında fasiləyə getməsinin artıq daha çətin olduğunu və qiymətlər üzərindəki aşağı istiqamətli təzyiqinin davam etməsinin gözləndiyini söyləyib.

OPEC üzvü olan Səudiyyə Ərəbistanı və İran, təşkilatın son üç görüşündə də fərqli fikirləri dilə gətirmişdi. 27 Noyabr 2014 və 5 İyun 2015-də keçirilən OPEC toplantılarında, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı, bazar payını qorumaq üçün neft hasilatını azaltmamaqda israr etmiş və neft qiymətləri daha da düşmüşdü.

OPEC-in 4 Dekabr 2015-dəki son toplantısında isə sanksiyaların ləğvindən sonra neft hasilatında artıma getməyi planlaşdıran İranın qlobal bazara geri qayıtmasının gözlənməsinə qərar verilərək, rəsmi bir hasilat kvotası açıqlanmamışdı.

 

(marja)