“Neft pullarını bölüşdürməyi ölkəni idarə etmək kimi başa düşürdülər…”

cemilhesenli“Bu hakimiyyətin islahatlar aparmağa nə həvəsi, nə siyasi iradəsi, nə idarəçilik bacarığı, nə də iqtisadi təfəkkürü var”

Milli Şuranın sədri Cəmil Həsənli ölkədə pisləşən sosial-iqtisadi vəziyyət barədə yazıb. Milli Şura sədrinin feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik.

Dostlar! 2016-cı ilə ağır iqtisadi şərtlər, maliyyə sarsıntıları ilə qədəm qoyuruq. On ay ərzində ölkə fəlakətli yoxsulluq girdabına düşdü. Keçmiş maliyyə naziri, Azərbaycan ən optimist iqtisad professoru Saleh Məmmədov iki gün öncə bəyan etdi ki, beynəlxalq statistikada Azərbaycanın Ümumi Daxili Məhsulu 2014- cü il üçün 70 milyard dollar göstərilmişdisə, 2016 – cı il üçün bu təqribən 35 milyard dollar olacaq və dünya da ölkəmizə münasibətdə bu göstəriciyə uyğun qərar çıxaracaq. Eyni ilə adambaşına düşən Ümumi Daxili Məhsul göstəriciləri 7300 dollardan 3700 dollara enəcək, orta əmək haqqı 570 dollardan 298 dollara düşəcək.

Vətəndaşımızın 1 milyon dollara olan əmlakı, binası, zavodu, fabriki, hoteli, mağazası bir ildə iki dəfəyə yaxın dəyərdən salındı. Bu son həddirmi? Əlbəttə yox! Təzə üzgüçülüyə öyrədilən manatın çirkli suda boğulmaq ehtimalı istisna edilmir. Manatın belə sürətli ucuzlaşması, bazarın manatın enişi ilə dabanqırma bahalaşması ancaq neft qiymətlərinin enməsi ilə bağlıdırmı? Əlbəttə, əlaqəsi var, lakin səbəb yalnız bu deyil. On il ardıcıl olaraq neft pulları gəlirdi və hökumət də bu pulları bölüşdürməyi ölkəni idarə etmək kimi başa düşürdü, daha bilmirdilər ki, ölkəni idarə edən, əhalini dolandıran neft imiş, hökumət yox.

Hazırkı maliyyə-iqtisadi böhran niyə dağıdıcı xarakter aldı? Bunu neftin qiymətlərinin düşməsi ilə yanaşı hökumətin yarıtmaz siyasəti də şərtləndirir. Məhz, həmin yarıtmazlıq nəticəsində Azərbaycanın neftdən başqa valyuta gətirə bilən bütün təsərrüfat sahələri dağıdıldı. Məsələn, qapalı ölkə yaratmaq istəkləri məmləkətin qapılarını beynəlxalq yük daşımaları üçün bağladı, onun neft sektoruna alternativ ola biləcək transmilli nəqliyyat dəhlizi olmaq imkanlarını sıfıra endirdi.

Yaxud valyuta gətirən sahələrdən biri pambıqçılıq idi. Sabirabaddan, pambıqçılıq təsərrüfatı ilə məşğul olan Əfras Əsgərovun bu günlərdə ölkə prezidentinə “Açıq məktubu” bu sahədəki acınacaqlı mənzərəni açıq şəkildə ortaya qoyur. O, yazır: “Kənd təsərrüfatı ili elan etdiyiniz 2015-ci il başa çatdı. Bir sira rəsmilər ilin çox uğurlu olmasını müxtəlif versiyalarla müdafiə etməyə çalışsalar da, həqiqət ondan ibarətdir ki, biz pambıqçılar bu ili çox acınacaqlı şəkildə başa vurduq. Həm gəlirlərimiz xeyli dərəcədə azaldı, həm də böyük bir ümidsizliyə qapıldıq… Belə ki, artıq pambıqçılıq perspektivsiz bir sahəyə çevrildi. Buna görə də, ölkəmizə neftdən sonra valyuta gətirə biləcək əsas sahələrdən biri olan pambıqçılıq artıq bitmək üzrədir”.

Bax yarıtmazlıq budur, dövlət səviyyəsində elan edilmiş kənd təsərrüfatı ilinin real nəticələri məhz bu acı mənzərədən ibarətdir. Hələ 2015-ci ilin yazında kənd təsərrüfatını qaldırmağa kiçik bir təşəbbüs edilsə də, bunu kənd təsərrüfatı sahəsində heç bir təcrübəsi olmayan, xurma istisna olmaqla qalan bütün qida məhsullarını idxal edən Səudiyyə Ərəbistanı vasitəsi ilə görmək istəyirdilər. Yaxşı ki, bu baş tutmadı, görünür ya investisiya adı altında ərəblərdən pul qoparıb bədəlini Azərbaycan xalqına ödətdirmək niyyətləri varmış, ya da ölkənin olan-qalan təsərrüfatını da dağıdıb, bərəkətli Azərbaycan düzlərini Ərəbistan səhrasına çevirməyi fikir edirlərmiş.

Uzun illər qeyri-neft sektorunun qurulmaması, iqtisadi-maliyyə sektorunun korrupsiya və monopoliya maraqlarına tabe edilməsi, azad rəqabət mühitinin məhv edilməsi, kənd təsərrüfatının çökdürülməsi, işgüzar mühitə MTN, DİN, Prokurorluq orqanlarının total nəzarəti, xüsusilə böhranın qapını döydüyü bir məqamda 9 milyon əhalisi olan bir ölkədə 1500-ə yaxın iş adamının “Bandotdeldən” keçirilməsi kövrək addımlarını atan biznesin son görüntülərinin də axırına çıxdı. Elə həmin “Bandotdelə” çağrılan notarius sənədləşməsi ilə çox adam öz mülkiyyətindən “könüllü” şəkildə imtina etdi. Bununla da son illərdə qurulmuş müəssisələr, emal sahələri, o qədər də çox olmayan sənaye parkları 2015-ci ilin ortalarından başlayaraq tam iflasa uğradı. Məsələn, 2015-ci il ərzində iş adamlarının kütləvi şəkildə “Bandotlelə” yığılmasının, onların vaxtilə keçmiş MTN-də cəzalandırlmasından, mülkiyyətlərinin əllərindən alınmasından, üzərlərinə iri həcmdə haqq qoyulmasından fərqli cəhətləri nədir? İş adamlarının kütləvi həbsi, biznes dairələrinin müdhiş təqibi ölkədən kapital axınını şərtləndirdi. Bununla da ölkə iqtisadiyyatına bu gün qoyulması zəruri sayılan daxili investisiya imkanlarının qapısına yekə bir qıfıl vuruldu. İndi hamı başa düşür və deyir ki, iqtisadi islahatlar aparılmalıdır. Kim aparacaq o islahatları? Bu hakimiyyətin həmin islahatları aparmağa nə həvəsi, nə siyasi iradəsi, nə idarəçilik bacarığı, nə də iqtisadi təfəkkürü vardır.