Səhiyyə nazirinin müavini “MTN işi”nə görə dindirildi

elsever-agayevSəhiyyə nazirinin müavini Elsevər Ağayev Baş Prokurorluqda “MTN işi” ilə bağlı dindirilib.

Bu barədə virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, nazir müavininin dindirilməsinə səbəb “Apteklər idarəsi”nin – Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibbi Sənaye Birliyinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub.

Xatırladaq ki, “Azadlıq” qəzeti Adil Məmmədovun (adını gizli saxlamaqla) baş prokurorun 1-ci müavini Rüstəm Usubova yazdığı şikayət məktubunu hələ dekabrın 24-də dərc etmişdi və “MTN işi”nin Səhiyyə Nazirliyinə sıçraya biləcəyini yazmışdı.

A.Məmmədov “Azadlıq” qəzetinə çatan müraciətində yazıb ki, onun vəzifədən azad olunmağı haqda ərizəsini MTN-in idarə rəisi Akif Çovdarovun hədə-qorxusu ilə Elsevər Ağayev öz kabinetində alıb. Ərizə heç yerdə qeydiyyatdan keçmədən və kollegiya iclasına çağırmadan o, işdən azad olunub…

Bundan əvvəl isə özünü MTN-in işçisi kimi təqdim edən Azər adlı şəxs onu nazirliyə çağırıb. O da bu barədə E.Ağayevə məlumat verib. E.Ağatev isə ona “get, yəqin pul istəyirlər, apar ver, yoxsa sənin işin ağır olar” deyib.

A.Məmmədov müraciətində qeyd edir ki, demə, E.Ağayevin bu işdən xəbər varmış və özü bu işi “Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi” MMC-nin direktoru Əbülfəz Abdullazadə ilə birgə qurubmuş.

“Azadlıq” qəzeti şikayətçinin Baş Prokurorluğa çağırıldığını və ifadəsinin alındığını da xəbər vermişdi.

Virtualaz.org saytına verilən məlumata görə isə Adil Məmmədov ərizəsində göstərib ki, 2006-cı ildə MTN generalı Akif Çovdarov onu yanına çağıraraq, vəzifəsində saxlanması üçün ondan “ümumi kassaya” hər il 1 milyon dollar pul köçürməsini istəyib. A.Çovdarovla görüşdən dərhal sonra A.Məmmədov birbaşa kuraoru olan nazir müavini E.Ağayevə zəng edib və ondan nə etməli olduğu haqda məsləhət istəyib. E.Ağayev isə onun sualına sualla cavab verib: “Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?”.

Amma A.Məmmədov tələb olunan pulu verməkdən imtina edib və təxminən bir həftə sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Məlumatda o da bildirilir ki, A.Məmmədovun şikayəti üzrə Səhiyyə Nazirliyinin digər məsul şəxsləri də dindiriliblər.