Qəzetlər qiyməti artırmaq məcburiyyətində qalıb

rahim-haciyev-yeniRahim Hacıyev: «Xüsusilə də, sonuncu devalvasiyadan sonra qəzet kağızının və çap xərclərinin ciddi artımı baş verib»

2015-ci ilin xüsusən də sonları ölkə üçün ağır zərbələrlə yadda qaldı. Bir ildə iki dəfə baş verən devalvasiya prosesi  əksər sahələrdə olduğu kimi, mətbuatda da dərin iz buraxmaqdadır. Belə görünür ki, hadisələr indiki axarıyla cərəyan etsə, qəzetlər öz varlığını qoruyub saxlaya bilməyəcək. Hökumət hansısa ciddi və təcili tədbirlər görməsə, qəzetlərin qiymət artımı qaçılmazdır.  Sadələşdirilmiş verginin artırılacağının fonunda vəziyyətin gərginləşməsi də labüddür.

“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, il ərzində baş vermiş iki devalvasiya bütün sahələrdə kəskin qiymət artımı ilə nəticələnib. Malların və məhsulların qiymətinin xeyli artması qəzet bazarında da özünü kəskin şəkildə göstərir: “Xüsusilə də, sonuncu devalvasiyadan sonra qəzet kağızının və çap xərclərinin ciddi artımı baş verib. Təəssüf hissilə qeyd etmək lazımdır ki, hökumət bu sahədə ənənəvi siyasətini davam etdirir. Real mətbuat orqanı kimi fəaliyyət göstərən informasiya vasitələrinə böhran nəticəsində dəymiş və gözlənilən ziyanı aradan qaldırmaq əvəzinə, oxucu kütləsinin  heç bir ciddi diqqət göstərmədiyi mətbuat orqanlarına maddi dəstək göstərməkdə davam edir. Ciddi maliyyə problemləri yaşanan ölkədə səmərəsiz layihələrə maddi vəsaitlərin praktikası davam etdirilir. KIV-ə Dəstək Fondu vasitəsilə yenə də faktiki oxucu marağından kənarda olan mətbuat orqanlarına böyük məbləğdə yardımlar ayrılır. Ölkənin ən populyar qəzeti olan ”Azadlıq” yenə də bu proqramdan kənarda saxlanıldı. Bunu nəzərə alaraq, eyni nəzərdə reklam bazarının üzümüzə bağlı olduğunu diqqətə çatdıraraq bildiririk ki, “Azadlıq” qəzetinin qiyməti qaldırmaqdan başqa yolu qalmır”.

Rahim Hacıyev qeyd edir ki, “Azadlıq” qəzeti satışdan maliyyələşir və bundan sonra yalnız qiyməti qaldırmaq hesabına fəaliyyətini davam etdirmək imkanı əldə edə bilər. Kollektivin iradəsindən asılı olmayan səbəblər ucbatından qəzetin növbəti ildən yeni qiymətlə satılması labüddür: “Azadlıq”ın sadiq oxucularının qərarımızı anlayışla qarşılayacağına böyük ümidlər bəsləyirik”.

Nigar