Heydər Əliyevin ölkəni udan Yüzəmləri

melahat_agacanqiziMəlahət Ağacan Rübabə

Dekabrın 28-i Ilham Əliyev əfv fərmanı imzaladı: övladını satanı, arvadının başını kəsəni, ev-bank yaranı, körpəsini zibilliyə atanı… dövlət başçısı əfv etdi, dedi ki, gedin yarımçıq qalan işlərinizi davam etdirin, sizin fəaliyyətiniz bizim hakimiyyət üçün çox vacibdir, sizsiz bir günümüz də olmasın. Siyasi məhbuslardan isə bir nəfər də azadlığa çıxmadı, əksinə, sayları artdı: cəsur jurnalist, dəyərli insan Rauf Mirqədirova 6 il həbs cəzası verdilər. O hökmdən sonra daha bir fədakar Ananın kədərli şəkilləri Əliyevlər hakimiyyətinin tarixinə düşdü. Ümumiyyətlə, bu ölkədə xoşbəxt ana, xoşbəxt ailə qaldı ki?! Hərənin sinəsinə qəsdən bir dağ çəkdi bu bədbəxt hakimiyyət. Nə etsinlər, axı bədbəxtlərin xoşbəxtlərə acı verməkdən, kədərləndirməkdən başqa təsəllisi olmur…

Ölkədə vəziyyət elə bir həddə gəlib çatıb ki, təbii yolla övlad dünyaya gətirənləri barmaqla saymaq olar. Əksəriyyət süni mayalanmadan faydalanır, çünki təbii yolla övlad dünyaya gətirmək üçün vətəndaşların nə sağlığı imkan verir, nə də vaxtları var: ər evdə olanda arvad çörəkpulu arxasıyca qaçır, arvad gələndə kişi gedir. Əgər möcüzə nəticəsində ikisi eyni vaxtda evdə qalmalı olsa, onda da yorğunluqdan hərəsi evin bir küncündə ölü kimi yatır…

Internetdə yazılanlara inansaq, bir dəfəyə dünyaya ən çox uşaq gətirən qadın amerikalı Nadi bacıdır. O, 2009-cu il, yanvarın 26-sı süni mayalanma nəticəsində səkkiz övlad dünyaya gətirib və çəkdiyi əziyyətə görə dövlət hesabına kef edir. Əlbəttə, Amerika böyük və ədalətli dövlətdir, orda Nadi Sulimanın səkkizəmlərini doydurmaq üçün camaatın maaşından, təqaüdündən, sahibkarın qazancından kəsilmir və dövləti idarə edənlər qarğış, lənət yiyəsi olmurlar. Bizdə isə üçəm, beşəm doğulanlara qapı-pəncərəsi olmayan bir ev bağışlamaq üçün 125 kişi aylarla qanun yazır, ən sonda, “bir yaşlarına kimi ”pampers”lə təmin etmək” qərarını qəbul edirlər. Amma Heydər Əliyev 23 il əvvəl süni seçkidən mayalanan Yüzəmlərinə bütün ölkəni bağışlayanda heç kimlə məsləhətləşmədi. Doqquz milyonluq Azərbaycan xalqı üçün Heydər Əliyev müftəxor, acgöz, tənbəl, zalım YÜZƏMLƏRini miras qoydu. Saxta seçkidən yaranan bu Yüzəmlər 23 ildir insanların qanını sorur, evlərini başlarına uçurur, ocaqlarını söndürür: onlar Qarabağ torpaqlarını satdılar, meşələri yox etdilər, Daşkəsənin qızılını uddular, Xəzərin neftini qurutdular, indi də Xızı dağlarını doğrayıb “yeyirlər”. Inanmayanlar gedib baxa bilərlər: Xızı dağlarının yol kənarından görünən hissəsinə bir kəllə vursan, nəhəng görünən dağlar kağız şəkil kimi “cırılar”.  Kim bilir, bəlkə, eybəcər hala düşən Xızı dağlarının vəziyyətindən xəbərdar olan Zeynəb Xanlarova elə ona görə də çoxdandır “məni heyran etdi Xızı dağları” oxumur. Heydər Əliyevin Yüzəmləri ölkənin ən böyük şəhərindən tutmuş ən kiçik kəndinə kimi hər yeri yerlə-yeksan etdi. Indi daha heç kim fəxrlə deyə bilməz ki, mən qarabağlıyam, naxçıvanlıyam, bakılıyam, dağlıyam…

Bizim – bütün dünya azərbaycanlılarının ancaq bir adı var: hamımız Yerlə-Yeksanlıyıq!