Hakimiyyət ikiqat sanksiyaların hədəfində

gultekin-hacibeyli1Vaşinqtonun sanksiyaları hakimiyyətin hər addımı ilə daha real görünür

Gültəkin Hacıbəyli: «Azərbaycan hakimiyyəti reallıq hissini itirib»

Hakimiyyət son əfv fərmanı ilə siyasi məhbus problemini cüzi də olsa çözmək niyyətində olmadığını bir daha sübut etdi. Ekspertlərin fikrincə, bu addım ABŞ-ın Azərbaycan hakimiyyətinə sanksiya tətbiq etməklə bağlı mövqeyini daha da qətiləşdirib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bildirib ki, senator Bencamin Kardin yeni ildə Azərbaycan ilə bağlı öz qanun layihəsini Konqresin müzakirəsinə təqdim etməyə hazırlaşır: “Bencamin Kardinin təqdim etdiyi digər qanun layihəsi – Qlobal Maqnitski Aktı da bunu deməyə əsas verir. Bu sənədin əhatə dairəsi hətta Smitin layihəsindən də genişdir və siyasi məhbusların, korrupsiyanın olduğu ölkələrdə konkret şəxslərə qarşı maliyyə sanksiyalarını nəzərdə tutur. Ona görə də mən çox təəcüblənirəm ki, Bakıda Kardinin layihəsinə yox, Smitin qanun layihəsinə bu qədər çox diqqət ayırırlar”.

Makkeyn Institutunun Insan Haqları və Demokratiya üzrə baş direktoru David Kramer isə bəyan edib ki, Azərbaycan hakimiyyətinin baş verənlərlə bağlı lobbiçiləri işə cəlb etməsi pul itkisindən başqa bir şey deyil.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, ABŞ təmsilçilərindən gələn açıqlamalar böyük narahatlıq doğurur. ABŞ siyasi dairələrinin Azərbaycan hakimiyyətinə sanksiya tətbiq etməklə bağlı ciddi niyyətinin olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, bu niyyət heç də hakimiyyətin təqdim etdiyi kimi ermənipərəst qüvvələrin mövqeyinin ifadəsi deyil: “Bu niyyət hakimiyyətin ölkədə yaratdığı durumun nəticəsidir. Bu gün ABŞ-ın Azərbaycana qarşı sanksiyaları ölkəmizdə insan haqlarının dözülməz vəziyyətindən, demokratiyanın acınacaqlı durumundan qaynaqlanır. Sanksiya ilə bağlı qərar bir günün içində yaranmayıb. Dəfələrlə Azərbaycan hakimiyyətinə bununla bağlı xəbərdarlıq edilib. İlkin mərhələdə narahatlıq ifadə olunub. Azərbaycan hakimiyyəti bu narahatlığa ironiya ilə yanaşıb. Görünür, bu narahatlıqlar üst-üstə yığılaraq sanksiyalarla bağlı qanun layihəsinin meydana çıxmasına səbəb oldu. Bu da təbiidir. Düşünürəm ki, sonuncu uğursuz əfv sərəncamı prosesləri doyma həddinə çatdırdı”.

G.Hacıbəyli vurğuladı ki, hakimiyyət dərhal, yubanmadan bütün siyasi məhbusları azadlığa buraxsa, onun ardınca siyasi islahatlara başlasa, seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atsa, iqtisadiyyatın liberallaşdırılması istiqamətində ciddi təşəbbüs göstərsə, sanksiyalar qanunu qəbul olunmayacaq. Amma, G.Hacıbəylinin sözlərinə görə, hakimiyyətin son addımından sonra belə bir qərar verəcəyinə ciddi ümidsizlik yaranıb: “Azərbaycan hakimiyyəti reallıq hissini itirib. Ətrafında baş verənləri düzgün təhlil edə bilmir. Azərbaycanın ABŞ-a qarşı zor müstəvisindən çıxış etmək, onu qarşılıqlı sanksiyalarla təhdid etmək imkanları sıfra bərabərdir. Hələ heç bir ölkə buna müvəffəq olmayıb. Rusiya kimi nəhəng ölkə ABŞ qarşısında geri çəkilir. Bu gün demokratik dünyaya müqavimət göstərən ölkə Suriyadır, Əsəd rejimidir. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyətindəki bəziləri ölkəmiz ilə Suriya arasında paralellər aparır. Ölkəmizdəki vəziyyəti Suriyadakı dirənişlə eyniləşdirməyə çalışır. Bu ilk növbədə hakimiyyətin özü üçün uğur vəd edə bilməz”.

Xəyal