Qaqam mənim

rovshenRövşən Hacıbəyli

Hikmət Sabiroğlunun 50 yaşına

Ürəkdən gülməyi var. Ancaq həmişə olmur. Onu tanıyanlar bunun səbəbini bilir. Dostumuz Telman ona “Yeriyən Şuşa” deyir. Tanışlığımızın tarixi ötən əsrdən başlayıb. Onda hələ torpaqlarımız işğal olunmamışdı, Şuşa bizdəydi. Yeri gəlmişkən, Şuşaya da ömrümdə bir dəfə, həm də Hikmətə görə getmişəm. Atası Sabir müəllimin yasına. Şuşa qəbiristanlığını da onda görmüşəm. Biz ora gedəndə artıq müharibə başlamışdı, genişmiqyaslı olmasa da, işğalın əsası qoyulurdu. Qəbiristanlıq da yadımda köhnə və təzə qəbirləriylə qalıb… Onda gəncdik, hər ölüm bizi ağrıdırıdı, üstəlik, əziz dostumuzun atasının vaxtsız ölümü. Hikmətin göz yaşları qəlbimizi göynədirdi; o yüksəklikdə, dünyanın ayağımız altında olduğu yerdə, Şuşa qəbiristanlığında…

Sonra bir yerdə işlədik “Azadlıq”da. Çoxlu xoş xatirələr qalıb. Bir yerə yığışanda yada salırıq… Siqareti çeynəyib çəkmək xasiyyəti vardı; daha çox da yazı oxuyanda. Redaktəsinə söz yoxdu. Çıxardığı cümləyə, abzasa belə irad tutmaq imkansızdı. Peşəkarlığı qarşısında şapka (papaq) çıxarılmalıydı. Onda hər şey kağız üzərindəydi. Baxmayaraq ki, “Azadlıq” ölkədə kompüterlə işləyən ilk qəzetdi. Hikmət ona çox gec yovuşdu. O vaxt əsas silahı qələmdi. Təzədən yazdığı yazılar olurdu. O yazıların müəllifinin gənc, ya da yaşlı, fərqi yoxdu, bu halda papağı əldən gedirdi… Məktəbdi deyərdim, ancaq yararlanmaq istəyən az oldu. Hər müxbir, yazısına çəkilən zəhməti dəyərləndirmir, nədə səhv etdiyinin, hansı cümlənin daha düzgün yazılmasının fərqinə varmırdı. Əsəbiləşdiyi, ağladığı günlərini görmüşəm. Onu tərpədən yazıyla bağlı düşüncələrini anındaca bizimlə bölüşər, oxumağımızı istəyərdi. Yadımdadır, Zamin Hacı Bakı Şəhər Icra hakimiyyətinin bir qərarından yazı yazmışdı. Gərək ki, yazının adı “Azərbaycan Respublikası adından…” idi. Hikmət o yazını göz yaşları içində oxudu. Həmin qərarla Qarabağ müharibəsi əlillərinə Bakının küçələrində, metro və yeraltı keçidlərdə ayaqqabı təmizləməyə icazə verilirdi. Vətən uğrunda döyüşüb əlil olanlara, sağlamlığını itirənlərə, qürur yerimiz olan şəxslərə bu hüquq tanınırdı. Hikmət kimi duyğusal, Şuşa kimi vətən, Ramiz Qəmbərov kimi dost itirmiş adam belə yazı oxuyanda neyləməliydi? O yazı bu yaxınlarda qarşıma çıxdı, dəyərlərin itdiyi, yalanların baş alıb getdiyi, şərəfsizlərin başa keçdiyi, torpaqların 20 ildən artıq müddətdə işğalda olduğu, hər şeyin adiləşdiyi, yaşın da o yaş olmadığı bu günlərdə belə həmin yazını mən də bir daha göz yaşları içində oxudum…

Bəziləri, zarafatla olsa da, sataşırdı Hikmətə, “ağlaşma” yazırsan deyirdilər. Hikmət dərddən yazırdı, Şuşa boyda dərdindən yazırdı, xalqın dərdindən yazırdı. Yazmalı başqa nə vardı ki?!

“Qaqa” onun müraciət formasıdı. “Başına dönüm” dilindən düşmür. “Dost yolunda boran olar, qar olar” – Hikmət kimi adamlar haqda deyilib, şübhəniz olmasın; bir an da düşünmədən özünü borana, qara atdığı üçün…

Kimlərçünsə, bəlkə, bu uzunluqda giriş darıxdırıcı oldu, yubiley yazıları adətən xoş ovqatda, bir az da aşırı tərif dolu yazılır, ancaq onun – 50 yaşı ilin ilk günündə tamam olan dostumuzun buna ehtiyacı olmadığını bilirəm, sadəcə tanımayanlara bir az da yaxından tanıtmaq istədim Hikməti.

Gün o gün olsun… yazmıram, bu saxta arzulardan sənin də bezdiyini bilirəm. Mən hələ ki Şuşa nisgilimə səninlə görüşəndə su səpirəm. Nə vaxtadək?!

Əllin mübarək!