Uşaqların xəyalındakı Şaxta Baba olmağa nə deyirsiniz? FOTO

shaxta-baba tedbir-1
Bir qrup gənc yeni il ərəfəsində imkansız ailələrə hədiyyə paylayıb

«Coca Cola» şirkəti də bu təşəbbüsü dəstəkləyib

Hər birimiz uşaq yaşlarımızda Şaxta Babanı xəyal edib, bizə hədiyyələr gətirməsini arzulamışıq. Çoxumuzun “gizli” Şaxta Babaları olub və istədiyimiz hədiyyələri şam ağacının altına qoyaraq bizi sevindirib. Halbuki bəzilərimizin “gizli” Şaxta Babalarının maddi durumu buna imkan verməyib. Çox təəssüf ki, indi də yeni ildə Şaxta Babanın həsrətində olan uşaqlarımız, imkansız ailələrimiz var. O körpələrin “gizli” Şaxta Babası olmağa nə deyirsiniz?

Layihəmiz də məhz bu məqsədlə yaradılıb. Məqsədimiz mümkün qədər çox könüllü “Şaxta Baba” toplayıb, bir-birimizin maddi dəstəyi ilə uşaqlara hədiyyələr (oyuncaq, yeni il şənliyi bileti, şirniyyat və s.) alıb, 30.12.2015 tarixində könüllülərimizlə “Şaxta Baba” libasında şəhərin müxtəlif yerlərinə bölüşüb hədiyyə torbasındakı hədiyyələri qarşımıza çıxan uşaqlara paylamaq və şirin “Şaxta Baba” söhbəti ilə onları sevindirmək idi.

Dünyanın müxtəlif ölkələrində təhsil alan bir neçə azərbaycanlı tələbə sosial şəbəkə vasitəsilə gənclərə müraciət etdi. Imkansız ailələrin körpələrini Yeni il hədiyyəsi ilə sevindirmək qərarına gəldilər. Qısa zamanda yüzlərlə könüllü tədbirə qoşuldu. Gənclər vəsait toplamağa başladılar, eyni zamanda da əldə ediləcək hədiyyələrin paylaşdırılması mexanizmini hazırladılar. Qərara gəlindi ki, gizli Şaxta Babalar şəhərin mərkəzində deyil, imkansız insanların yaşadığı mərkəzdən kənarda paylansın. Gəncləri sevindirən məqamlardan biri də o oldu ki, “Coca Cola” Şirkəti bu təşəbbüsü dəstəklədi və yüzlərlə uşaq üçün hədiyyə paketləri təqdim etdi.

30 dekabr tarixində gənclər 4 qrupa bölünərək küçələrə çıxdılar. “Coca Cola” şirkətinin təqdim etdiyi və öz vasaitləri hesabına aldığı mindən yuxarı hədiyyəni paylamaq üçün küçə-küçə gəzdilər. Körpələrin üzündədəki sevincin həddi-hüdudu yox idi. Amma körpələrdən də çox sevinən imkansızlıq üzündən “bu il Şaxta Baba gəlməyəcək” deyib, qəlblərində acı çəkən valideynlər idi.

Təşkilatçı gənclərdən biri, Böyük Britaniyada təhsil alan Esmiralda Şirinova deyir ki, “gizli” Şaxta Baba layihəmiz uğurlu alındı. “Biz uşaqlıqda Şaxta babaya məktub yazırdıq və əmin idik ki, bizə hədiyyələri məhz o gətirir. Ona görə də istər təhsildə, istərsə də davarnışda əlimizdən gələni edirdik ki, Şaxta Baba istədiyimiz hədiyyəni gətirsin. Indi zaman dəyişib, imkansız valideynlər uşaqları inandırmağa çalışır ki, Şaxta Baba yoxdur – imkanımız olanda Sizə hədiyyəni özümüz alacağıq. Bizcə bu, uşaqların qəlbindəki gözəl hisslərin məhv edilməsidir. Bu gün biz yüzlərlə uşağın qəlbində sönməkdə olan hissləri oyatdıq. Hədiyyələrin dəyəri əsas deyildi, başlıcası bu uşaqların Şaxta Babanın mərhəmətindən və sevgisindən kənarda qalmadıqlarını göstərmək idi.

shaxta-baba tedbir-3

shaxta-baba tedbir-2